Məhkəmə qərarları › İş №3(060)-2436/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2436/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2436/2024 03.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən 03 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1752/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 2640 manat aliment borcunu üzrsüz səbəbdən ödəmir. Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2024-cü ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, borclu icra sənədini icra etmədiyinə görə bir dəfə ona İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmiş, həmin qərar apellyasiya məhkəməsi tərəfindən ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Hazırda borclu barəsində yenidən İXM-nin 528.1-1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinə əsasən İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəlləinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, protokol düzgün tərtib olunmamışdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin tələbinə əsasən yalnız İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 3(060)- 2443/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-484/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və o, inzibati məsuliyyətdən azad edilmişdir. Göründüyü kimi icra məmuru İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib etməli olduğu halda, İXM-nin 528.1-1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib etmişdir. Odur ki, məhkəmə qərardadında qeyd olunan nöqsanların aradan qaldırılması inzibati protokolu tərtib etmək səlahiyyətində olan orqan üçün məcburidir və yalnız bu çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra təkrarən material məhkəməyə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı mddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar