Məhkəmə qərarları › İş №3(060)-2436/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2436/2025

24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2436/2025 24.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1965-ci ildə Zəngilan rayonu, Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan FİN (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 24 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3833\2019 nömrəli xx.xx.2019 saylı icra sənədinə əsasən borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 2 uşağa görə 320 manat aliment ödəməlidir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-3833/2019 saylı icra vərəqəsi 06 may 2019-cu ildə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Lakin məhkəmənin qərarl ilə borclu 16 iyun 2023-cü il tarixində tanış olmuşdur və həmin qərar ona şəxsən təqdim edilmişdir. 2023-cü ilin iyun ayında tələbkar İcra İdarəsinə müraciət etmiş və borclunun ona 15000 manat aliment borcu olduğunu bildirmişdir. Lakin həmin vaxtdan bəri borclu barəsində məcburi icra tədbirləri görülməmişdir. Sözügedən iş 2025-ci il fevral ayında onun icraatına daxil olmuş, borclu barəsində axtarış qərarı qəbul edilmiş və Zəngilan rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu polis əməkdaşları tərəfindən İcra İdarəsinə təhvil verilmişdir. Borcluya 2 dəfə ictimai xəbərdarlıq edilməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. Bu gün borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə çağırışla gəlmişdir. Hal-hazırda borclunun aliment borcu 19388 manatdır. Protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, daimi yaşayış yeri yoxdur. İş üzrə özünü qismən təqsirli bilir. Uzun illərdir ki, xəstədir və 1992-ci ildə gedən döyüşlərdə iştirak etmiş, 1 gözündən qəlpə yarası almışdır və hal-hazırda 1 gözü tamamilə görmə qabiliyyətini itirib. Bildirmişdir ki, 4 il qapalı tipli xəstəxanada müalicə almışdır, daha sonra evinə gəlmiş, ailəsi onu qəbul etməmiş, bundan sonra içki aludəçisi olmuş və ailəsi yenə onu qəbul etməmişdir. Halhazırda qalmağa yeri yoxdur və küçədə yaşayır. Məcburi köçkün olduğuna görə 60 manat müavinət alır və həmin müavinətin 30 manatı kommunal xərclərə çıxır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, müharibədə iştirak etdiyinə və ya xəstələndiyinə görə müavinət almır, heç bir yerdə işləmir. Əvvəllər ailəsi ilə birlikdə 11-ci mikrorayon ərazisində bağçada yaşayıb. Hal-hazırda da heç bir ödəniş edə bilmir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, indiyə qədər aliment borcu üzrə ona heç bir ödəniş edilməmişdir. Borclu ilə 2014-cü ildə ayrılmışdır. 2014 və 2019-cu illər ərzində çox az hallarda borclu ona 100 manat ödəniş etmiş, lakin 2019-cu ildən bəri ona heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 bildirmişdir ki, borclunun daimi yaşayış yerinin və iş yerinin olmamasını nəzərə alaraq təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-3833/2019 saylı icra vərəqəsindən görünür ki, Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-3833/2019 saylı icra sənədi üzrə icraat başlanılmışdır.xx.xx.2023-cü il tarixdə borclu qərarla tanış olmuşdur. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-3833/2019 saylı icra vərəqəsində göstərilən tələbi icra etmək Şəxs tələb edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-3833/2019 saylı qərarına əsasən Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq 2 uşağın saxlanmasına görə hər ay 320 manat aliment tutularaq onun xeyrinə ödənilməlidir. Ötən dövr ərzində borclu heç bir yerdə işləmədiyi üçün ondan heç bir tələbi olmamışdır. Hazırda borclu işləyir və əməkhaqqı alır. Tələbi onun əməkhaqqısına yönəldilməsini xahiş edir. Aliment üzrə borc məbləği 15708 manat təşkil edir. İş materiallarında olan Şəxs izahatından görünür ki, icra sənədi üzrə bu günədək tələbi tam şəkildə icra etməməyinin səbəbi işləməməsi və xəstəliyiylə əlaqədardır. Belə ki, görmə qabiliyyətini tamamilə itirib və səhhətində olan problemlərlə bağlı əmək qabiliyyətini itirib.İndiyə qədər işlədiyi vaxtlarda nağd qaydada və poçt vasitəsilə tələbkara ödənişlər edib. Məhkəmə qeyd edir ki, borclunun iş yerinin olmadığı üçün ödənişləri həyata keçirməməsi onun inzibati məsuliyyətdən azad edilmə əsası deyil. Şəxs qeyd edilən hərəkətləri icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli xx.xx.2025-ci il, saat 14.40-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli xx.xx.2025-ci il, saat 14.40-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar