Məhkəmə qərarları › İş №3(060)-2437/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2437/2023

06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2437/2023 06.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X4 katibliyilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1. zərərçəkmiş şəxsin (tələbkar) nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Dəvəçi (indiki Şabran) rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağları ərazisində fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Konpleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən 06 oktyabr 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2962/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Borc üzrə 5844 manat ödənilməmiş qalmaqdadır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2962/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən 4867,19 manat əsas borc, 947,44 manat faiz borcu, 30 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 5844 manat pul cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməsi qərara alınmışdır. İcra sənədi icraata daxil olduqdan sonra borclu idarəyə dəvət olunaraq ona borcun ödənilməsi barədə bildiriş təqdim olunmuş və izahatı alınmışdır. Lakin borcluya vəzifəsi izah olunmasına baxmayaraq o, məhkəmə qətnaməsinin icrasından yayınmağa çalışmışdır. Bundan sonra icra tədbirlərinin davamı olaraq borclunun axtarışı barədə qərar qəbul edilmiş və onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Borclu Şəxs saxlanılaraq idarəyə təqdim olunmuş və ondan borcunun ödənilməsi tələb olunmuş, lakin borclu maddi imkanı olmadığına görə qeyd olunan borcunu ödəmək iqtidarında olmadığını bildirmişdir. Bu səbəbdən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin (tələbkar) nümayəndəsi X6 izahat verərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2962/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən ümumilikdə 5844 manat pul cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməsi qət edilsə də cavabdeh borcunu ödəməkdən qərəzli boyun qaçırmış, ödəniş etməyə belə cəhd olunmamışdır. Odur ki, məhkəmədən Şəxs barəsində qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 528.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, o qeyd olunan krediti tanışı üçün götürmüş və həmin şəxs də ödənişdəri etməkdən yayınmışdır. Hazırda özü heç bir yerdə işləmədiyinə və maddi imkanı olmadığına görə qeyd olunan borcu ödəyə bilmir. O, imkan olduqca gələcəkdə ödənişlər edəcəyini bildirdi. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq üzürlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, onun özünün, protokolu tərtib etmiş şəxsin izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, icra sənədini üzürlü səbəb olmadan icra etmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 500,00 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar