Məhkəmə qərarları › İş №3(060)-2437/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2437/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2437/2024 03.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X5, Barəsində X10 iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1973-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Müdafiə Nazirliyinin Hərbi Bazasında mühasib vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair X10 materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsinə uyğun olaraq X10 xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5670/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu Şəxs qətnamə üzrə ödəməli olduğu 46400 manat borcun qalıq hissəsi olan 32951 manat pulu X8ya qanunla müəyyən edilmiş müddətdə ödəməmiş, nəticədə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Cahid Qasımov izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin qeyd edilən icra vərəqəsinə əsasən Şəxs 46400 (qırx altı min dörd yüz) manat məbləğində pul alınaraq iddiaçı X3 ödənilməlidir. İcra sənədi bir-neçə icra məmurunun icraatında olmuş, cari ilin mart ayından onun icraatındadır. Borclu Müdafiə Nazirliyinin Hərbi Bazasında mühasib vəzifəsində işlədiyi üçün icra sənədi üzrə borcun tutulması onun əmək haqqına yönəldilmişdir. Bu müddət ərzində hər il borclunun işlədiyi təşkilat tərəfindən əmək haqqından tutulmalar barəsində məlumat daxil olmuşdur. Dəqiq hesablamasına əsasən borclunun tələbkara bu günə 32591 (otuz iki min beş yüz doxsan bir) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Borclu Şəxs borcun hissə-hissə ödənilməsi üçün ərizə ilə məhkəməyə müraciət etsə də, məhkəmə onun tələbini təmin etməmişdir. X8 nümayəndəsi vasitəsilə müraciət edərək borcun əmək haqqına yönəldilməsinə razı olmadığını və borclu tərəfindən borcun tam şəkildə ödənilməsini, ödənilmirsə onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmişdir. Bu səbəbdən Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş və ona borcunu tam şəkildə ödəməsi barədə xəbərdarlıq olunmuşdur. Sonuncu ödəniş 02 oktyabr 2024-cü il tarixdə borclunun əmək haqqından 164 (bir yüz altmış dörd) manat tutulmuşdur. İcra məmuru Cahid Qasımov məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, borclu tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borc məbləğindən bu günədək 13449 (on üç min dörd yüz qırx doqquz) manat ödəniş olunmuş, 32591 (otuz iki min beş yüz doxsan bir) manat məbləğində borcu qalmışdır. Ödənilmiş 13449 (on üç min dörd yüz qırx doqquz) manat məbləğindən 10689 (on min altı yüz səksən doqquz) manatı əmək haqqı hesabına, 2730 (iki min yeddi yüz otuz) manatı isə borclu tərəfindən tələbkarın “Ekspress Bank” hesabına şəxsən ödənilmişdir. Borclunun yaşadığını ünvana baxış keçirilmiş, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Bundan əlavə elektron İcra informasiya sistemində borclunun adına hər hansı əmlak aşkar olunmamışdır. Qeyd edir ki, xx.xx.2024-cü il tarixdə borclu İcra İdarəsinə gəldikdən sonra onun izahatı alınmış, borcu tam ödəyə bilmdiyi üçün barəsində X10 protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Qeyd olunanları nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə barəsində X10 iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, icra məmuru tərəfindən göstərilən 32591 (otuz iki min beş yüz doxsan bir) manat məbləğində borcu olduğunu qəbul edir. Onun da İcra idarəsində tələbkar qismində keçdiyi iki icra sənədi olsa da, həmin işlər üzrə o, indiyədək hər hansı vəsait almamışdır. Həmin şəxlər barəsində axtarış elan olunsa da, bu günədək tutulmamışlar. Həyat yoldaşı X7 İ Qarabağ Müharibəsi iştirakçısı və veteranıdır. Müharibə zamanı kontuziya almış, ona görə də işləmir. O, Müdafiə Nazirliyinin Hərbi Bazasında mühasib vəzifəsində işləyir. Bildirir ki, üç övladı var. Onlardan ikisi ali təhsil müəssisələrində təhsil alır, tələbədirlər, digəri isə yaşca kiçik olanıdır. O, iki ay bundan öncə Mərkəzi Onkoloji xəstəxanasında ağır əməliyyat keçirmişdir. Ailə onun aldığı əmək haqqı ilə dolanır. 2019-cu ildən bu günədək hər ay əmək haqqından mütəmadi olaraq tələbkarın xeyrinə tutulmalar aparılır. Əməliyyat keçirdiyi zaman işə çıxmadığı üçün əmək haqqı az hesablanmış və tutulma məbləği az olmuş, bu səbəbdən də tələbakar İdarəyə şikayət etmişdir. Axırıncı dəfə 02 oktyabr 2024-cü il tarixdə 164 (bir yüz altmış dörd) manat əmək haqqından pul tutulmuşdur. Başqa gəlir yeri olmadığı üçün borcu yalnız əmək haqqı ilə ödəməyə imkanı çatır. Qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Sumqayıt şəhər məhkəməsinin 2(060)-5670/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 46400 (qırx altı min dörd yüz) manat məbləğində pul alınaraq iddiaçı X2 xeyrinə və 30 (otuz) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməlidir. X10 Protokola əlavədən görünür ki, borclu tələbkara ümumilikdə 13449 manat ödəniş etmiş, 32951 manat borcu qalmışdır. Qərarın könüllü icrası barədə bildirişdən görünür ki, həmin sənədlər Şəxs yaşadığı ünvana göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 225 saylı Hərbi Hissəsinə göndərilmiş 5467/22 nömrəli, xx.xx.20219-cu il tarixli məktubdan görünür ki, borclu Şəxs 46400 (qırx altı min dörd yüz) manat məbləğində pulun tutularaq iddiaçı Vüsalə Tahirovanın xeyrinə ödənilməsinə dair adı çəkilən icra sənədi icra olunması üçün göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Cahid Cəfərov tərəfindən Şəxs ünvanlanmış 251382/2017 nömrəli, xx.xx.2024-cü il tarixli və 251382/2017 nömrəli, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, ona borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş və o, həmin məktublarla tanış olmuşdur. Azərbaycan Respublikası MN 225 saylı Hərbi Hissəsə komandiri tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış borclu Şəxs 2024-cü ildə əmək haqqından tutulmalar barədə çıxarışdan da görünür ki, borclunun əmək haqqından 2024-cü ilin cari ayınadək tutulmalar olmuş və həmin tutulmanın məbləği 911 manat təşkil etmişdir. Borclu Şəxs 02 oktyabr 2024-cü il tarixdə izahatı alınmış, o, izahatında borcun ödənilməsindən imtina etmədiyini, Mərkəzi Onkoloji xəstəxanasında ağır əməliyyat keçirdiyi üçün iyul və avqust aylarında cəmi 5 iş günü işlədiyi üçün əmək haqqından az məbləğdə pul tutulduğunu bildirmişdir. Elektron İcra İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X6 şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 006693 nömrəli vəsiqənin surətindən görünür ki, borclunun həyat yoldaşı X1 veteranıdır və ikinci qrup əlildir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Məhkəmə təminatı hüququ məhkəmənin təkcə vətəndaşların şikayətlərinə baxmaq və qanuni, əsaslandırılmış və ədalətli qərar qəbul etmək vəzifəsini ehtiva etmir. Həmin təminat, həmçinin qəbul olunmuş məhkəmə aktlarının icra edilməsini də nəzərdə tutur. Ədalət mühakiməsinin mühüm elementlərindən biri məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunmasıdır. Əks halda, həmin qərarların vaxtında icra olunmaması ədalətli məhkəmə araşdırılması hüququnun pozulması hesab olunur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada (bundan sonra – Konvensiya) da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırılması hüququ xəyali hüquq olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş üzrə tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırılması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırılmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, §35). Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə X10 protokolu tərtib etmiş icra məmurunun, barəsində X10 iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, X10 protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən icra sənədindəki tələbin tam olaraq ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış X10 iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Məhkəmə göstərilənlərlə bağlı aşağıdakıları qeyd etməyi vacib hesab edir: Göründüyü kimi məhkəmənin adı çəkilən qərarı xx.xx.2017-ci il tarixdə İcra İdarənin icraatına daxil olmuş, icraata başlanmış, icra vərəqəsi İdarə rəisi tərəfindən icra olunması üçün Azərbaycan Respublikası MN-nin 225 saylı Hərbi Hissəsinə göndərilmiş və xx.xx.2019cu il tarixdən başlayaraq borclunun əmək haqqından 10689 manat tələbkarın bank hesabına köçürülmüşdür. Bundan əlavə borclu bununla kifayətlənməyərək şəxsən 2730 manat məbləğində pulu tələbkarın bank hesabına köçürmüşdür. Hazırda da tutulmalar davam edir. Lakin icra məmuru sanki borclunun məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi görüntüsü yaratmağa cəhd etmişdir. İş materiallarının tədqiqi zamanı bunun tam əksi müəyyən edilmişdir. Belə ki, borclu borcunu ödəməkdən yayınmamış, əksinə onun əmək haqqından mütəmadi olaraq hər ay tutulmalar aparılmışdır. Həmçinin İcra məmuru elektron sistemdə borclunun adına əmlakının olub-olmamasını yoxlanmış, lakin heç bir əmak aşkar olunmamışdır. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. “İcra haqqında” AR qanunun 43-cü maddəsində qeyd olunan məcburi icra tədbirlərindən biri də tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə və tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsidir. Həmin Qanunun 43.1.5-ci maddəsinə görə bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər həyata keçirilməlidir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün X10 protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Qanunun yuxarıda qeyd olunan normalarının tələbindən çıxış edərək məhkəmə hesab edir ki, icra məmuru qanunla nəzərdə tutulmuş mümkün icra tədbirlərini həyata keçirmiş, tutulmanı borclunun əmək haqqına yönəltmiş və icra sənədinin vaxtaşırı icra olunmasına nail olmuşdur. Göründüyü kimi vaxtaşırı yəni hər ay əmək haqıdan tutulmalar həyata keçirilir. İndiki halda Şəxs barəsində daha sərt inzibati təsir tədbirlərinin tətbiq edilməsini məhkəmə qanunun tələbi baxımından məqsədə müvafiq hesab etmir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində X10 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X10 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə X10 iş üzrə icraata xitam verilməlidir. X10 işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində X10 iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmiş, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində X10 iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış X10 iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar