Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-244/2025 10.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.2004-cü il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 5, mənzil 18-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Sumqayıt şəhər DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş 30 dekabr 2024-cü il tarixli, AP0224924 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilirək, qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 23 radələrində etibarnamə əsasında idarə etdiyi «Kia K5» markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, P.Həşimov küçəsi ilə H.Əliyev prospektinin kəsişməsi istiqamətində düzünə hərəkətdə olduqdan sonra svetoforun yaşıl işığında təxminən 15-20 km/saat sürətlə yolayrıcına daxil olub sola dönmə manevri etdiyi zaman, həmin an yolun sağ kənarından piyada zolağı ilə yolun digər tərəfinə keçmək istəyən piyadanı görməmiş, avtomobilinin qabaq hissəsi ilə piyadanı vurmuşdur. Zərəçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayəti yoxdur. Şəxs barəsində qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə həvalə etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş materiallarında olan öz etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib edilmiş 30 dekabr 2024-cü il tarixli, AP0224924 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi avtomobillə Sumqayıt şəhəri, P.Həşimov küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində hərəkətdə olarkən piyadanı vurmuş və nəticədə piyadaya yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli, 1968 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol bazunun yuxarı 1/3-nin bazu oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların əziyi-qançırı, sağ baldırın, sol baldırın qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-namüraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, «Kia K5» markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. Şəxs təhqiqat zamanı verdiyi izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 23 radələrində etibarnamə əsasında idarə etdiyi «Kia K5» markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, P.Həşimov küçəsi ilə H.Əliyev prospektinin kəsişməsi istiqamətində düzünə hərəkətdə olduqdan sonra svetoforun yaşıl işığında təxminən 15-20 km/saat sürətlə yolayrıcına daxil olub sola dönmə manevri etdiyi zaman, şəhər elektrik dirəklərinin işıqları gözünə düşdüyündən yolu normal görə bilməmiş və həmin an yolun sağ kənarından piyada zolağı ilə digər tərəfinə keçmək istəyən piyadanı görməmiş, avtomobilinin qabaq hissəsi ilə piyadanı vurmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi iş üzrə ilkin araşdırma zamanı sürücünün təqsiri müəyyən edilmiş və Şəxs təqsirli hesab edilərək barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində icraat aparılan şəxsin zərəçəkmiş şəxsin şikayətinin olmamasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən barəsində icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-244/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-244/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver