Məhkəmə qərarları › İş №3(060)-2445/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2445/2025

24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2445/2025 24.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X2, Məhkəmə iclas katib: X3, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru: X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə, xx.xx.1989-cu il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdam rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X1 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-528/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs vurulan maddi ziyan qismində 3688 manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Borclu icra sənədini üzrsüz səbəbdən icra etməmiş, nəticədə 1888 borc yaranmışdır. Tərtib olunmuş inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 bildirdi ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-528/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs vurulan maddi ziyan qismində 3688 manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Borclu icra sənədini üzrsüz səbəbdən icra etməmiş, nəticədə 1888 borc yaranmışdır. Borclu barəsində bir neçə dəfə protokol tərtib edilmiş və məhkəmənin müvafiq qərarı ilə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Əmək haqqında bir dəfə 200 manat tutulma həyata keçrilmişdir. Hazırda borcu işləmir. Bugünki tarixdə tələbkar ilə əlaqə saxlanılmış, borc məbləğinin tam olaraq ödənilməsini tələb etmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, o, məsuliyyətini dərk edir. Ödəniş etməkdən yayınmır. Belə ki, o müharibədə iştirak etdikdən sonra səhhətində problemlər yaranmış və uzun müddət ayaq üstə dayana bilmir. O, 3 dəfə 200 manat olmaqla 600 manat və bir dəfə isə 1000 olmaqla tələbkara ödəniş etmişdir. Hazırda 1888 manat borcu mövcuddur. O, aldığı 80 manat pensiyasından tələbkarın xeyrinə tutulmasına razılıq verir, lakin tələbkar razılaşmamışdır. Bundan əlavə 80 manat pensiyasının üzərinə 70 manat pul qoyaraq ümumillikdə 150 manat tələbkara ödəniş edə bilər. Buna baxmayaraq tələbkar bu təkliflə də razılaşmamışdır. İşlədiyi müddət ərzində ödənişlər etmişdir. Məhkəmədən qərar qəbul edilən zaman müharibə iştirakçısı olmasını nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunu və barəsində protokol tərtib edilmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağdam Rayon Məhkəməsinin 2(013)-528/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs vurulan maddi ziyan qismində 3658.0 (üç min altı yüz əlli səkkiz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022 və xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs 1000 manat ödəniş edilmişdir - Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Şəxs “Vətən müharibəsi iştirakçılarına” görə 80 manat məbləğində müavinət alır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs tərəfindən icra sənədinin lazimi qaydada icra edilməməsi Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmış və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin: - 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, müharibə iştirakçısı olmasını və təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar