Məhkəmə qərarları › İş №3(060)-2446/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2446/2025

25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2446/2025 25.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Qusar rayonu, Avaranqışlaq kəndində yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tətib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)- 8395/2021 nömrəli və xx.xx.2022-ci il tarixli 2(060)-498/2022 nömrəli icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, borclu Şəxs bir icra sənədi üzrə borcdan tələbkar Zərərçəkmiş şəxs 7500 manat məbləğində ödəniş etmişdir. Borclu icra idarəsinə çağırılsa da, gəlməmiş, barəsində axtarış qərarı qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta üzrə özünü təqsirli bilməyərək izahatında qeyd etmişdir ki, onun icra sənədlərindən xəbəri vardır. O, tələbkarlardan bir qəpik də olsa pul almadığını və 7500 manatı da qardaşı Zərərçəkmiş şəxs ev təmiri ilə əlaqədar verdiyini bildirmişdir. Hazırda onun qardaşı Yavərə qarşı mənzildən çıxarılmaya dair icra sənədinin olduğunu, qardaşının sentyabrın 30-dək evdən çıxmalı olduğunu, buna görə də icra idarəsinə borcla bağlı pulun ödənilməsinə dair müraciət etdiyini bildirmişdir. O, icra məmurunun çağırışlarından yayınmadığını, Qusar rayonunda yaşadığı üçün məlumatı olmadığını bildirmişdir. Məhkəmədən borcun pensiyaya yönəldilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, borclu Şəxs onun qardaşıdır. Qardaşı Şərif ilə icra sənədinin ödənilməsi ilə bağlı razılığa gəlmək istəsələr də razılıq baş tutmamışdır. Məhkəmə qətnaməsinə əsasən Şəxs ona 72000 manat məbləğində pul ödəməlidir. Həmin məbləğdən ona 7500 manat ödəniş edilmişdir. O, pulunun qaytarılmasını tələb etdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-498/2022 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 83800 (səksən üç min səkkiz yüz) manat məbləğində borc pul və 342 (üç yüz qırx iki) manat dövlət rüsumu tutularaq iddiaçı X4 verilməlidir. Sumqayıt Şəhər İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlama haqqında qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)- 498/2022 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixli 2(060)-498/2022 nömrəli icra sənədi üzrə tələbin könüllü icrasına dair bildiriş Şəxs göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-8395/2021 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 72000 (yetmiş iki min) manat məbləğində borc pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Sumqayıt Şəhər İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlama haqqında qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)- 8395/2021 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixli 2(060)-8395/2021 nömrəli icra sənədi üzrə tələbin könüllü icrasına dair bildiriş Şəxs göndərilmişdir. xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində xx.xx.2021-ci il tarixli 2(060)-8395/2022 nömrəli icra sənədi üzrə axtarış elan edilmişdir. Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)- 498/2022 nömrəli və xx.xx.2021-ci il tarixli 2(060)-8395/2021 nömrəli icra sənədləri “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən ümumi icraatda birləşdirilmişdir. X1 Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, borclu Şəxs məhkəmə aktının icrası ilə əlaqədar vaxt verilmiş, lakin, borclu bu günədək çıxarılmış məhkəmə aktını icra etməmişdir. Odur ki, məcburetmə tədbirlərinin görülməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-498/2022 nömrəli və xx.xx.2021-ci il tarixli 2(060)-8395/2021 nömrəli icra sənədlərinə əsasən icraata başlama barədə qərarlar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilmişdir. Borclu icra sənədlərindən məlumatlı olmasına baxmayaraq icra sənədlərini icra etməmiş və məhkəmə iclasında borc məbləğinin pensiyaya yönəldilməsini xahiş etmişdir. Lakin, tələbkar isə borcun tam ödənilməsini tələb etmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-in 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Məhkəmə iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, yaşını, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar