Məhkəmə qərarları › İş №3(060)-2447/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2447/2021

29.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2447/2021 29.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Zərərçəkmiş şəxs – X1 , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1964-cü ildə Sumqayıt şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş 29 iyul 2021-ci il tarixli, MN № ******* saylı protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 20.06.2021-ci il tarixdə saat 18:00 radələrində sərxoş vəziyyətdə qonşusu X2 qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, onun Baxşəliyev Anarla aralarında 2020-ci ilin sonlarından başlayaraq mübahisə yaranmışdır. Mübahisənin səbəbi Anarın tikdiyi evin onun hasarına yaxın olması və pəncərəsinin onun həyətyanı sahə istiqamətində tikilməsi olub. 20.06.2021-ci ildə aralarında mübahisə baş vermiş və içkili olduğundan Anarın həyətinə girib onun ünvanına nalayiq ifadələr işlətmiş və daha sonra evinə qayıtmışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, Şəxs 20.06.2021ci il tarixdə təxminən saat 18:00 radələrində onun evinə daxil olaraq ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətmişdir. Daha sonra ona məxsus **-UA-*** nömrəli Hyundai Tucson markalı maşının dəstəyini sındırmışdır. Qonşuların səyi ilə çıxardıldıqdan sonra Cavanşir öz həyətindən daş ataraq onun evinin pəncərəsini sındırmışdır. İş materiallarında olan 29.07.2021-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 71-ci məhəllə, ev 8 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını, vəkilin çıxışını iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs ünvan 2 ünvanında yaşayan X2 qarşı nalayiq ifadələr işlətmişdir. Onun təqsiri işdə olan sübutlarla təsdiq edilir və əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib barəsində 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar