Məhkəmə qərarları › İş №3(060)-2448/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2448/2023

04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2448/2023 04.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsi 1ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1977-ci ildə Ucar rayonu, Məlikballı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ucar rayonu, Qazıqumlaq Ərazi Dairəsi, Məlikballı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokol və ona əlavə edilmiş materiallar xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2448/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib İXM-nin 31.4-1-ci maddəsinə əsasən 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərardan Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-491/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2448/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunmuş, protokola yenidən baxılması üçün material Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və material xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:40 radələrində Sumqayıt şəhəri, M.Əsədov küçəsində polis əməkdaşlarının xidmətinə maneçilik törədib hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 00:40 radələrində “daş bazarı” adlanan ərazidə DYP əməkdaşları tərəfindən reyd keçirilən zaman vətəndaş saxlanılmış, bu zaman aralarında mübahisə yaranmış, əraziyə post patrul xidməti əməkdaşları çağırılmış və vətəndaş 1-ci PB-nə gətirilmişdir. Raport tərtib edilmiş, o da raport əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Odur ki, qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 00:40 radələrində Sumqayıt şəhərindən Saray qəsəbəsi istiqamətində avtomobili ilə hərəkətdə olarkən heç bir qayda pozuntusu olmadığı halda DYP əməkdaşları tərəfindən saxlanılmış və pəncərəni aşağı salmağını tələb etmişlər. Adını bilmədiyi polis əməkdaşı əlini və başını pəncərədən içəri salaraq əlini uzatmış, o isə bunun qaydalara uyğun olmadığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, polis təlimatına uyğun olaraq polis əməkdaşı qaydalara uyğun salam verməli, özünü təqdim etməli, nə üçün saxlandığını bildirməlidirlər, lakin DYP əməkdaşı bunların heç birini etməmişdir. Alkotestr gətirmələrini və reyd haqqında hər hansı bir sənəd təqdim etmələrini onlara bildirmişdir. Onlar isə reyd kağızını YPX-dən ala biləcəyini qeyd etmişlər. Post patrul maşınında olarkən Şahid2 yanında daha bir YPX əməkdaşı gətirərək onu təhqir etməyə başlamışdır. Daha sonra YPX zabiti ona konfet verərək istehzalı şəkildə gülməyə başlamışlar və konfeti ona zorla yedizdirməyə çalışmışlar. Daha sonra post patrul xidməti çağırılmış və onların maşınına oturmağa dəvət etmişlər və onu Sumqayıt ŞPİ-nin 1 saylı Polis Bölməsinə gətirmişlər. Bölmədə onu 40 dəqiqə gözlətdikdən sonra ondan heç bir izahat almadan onu kiçik, havasız natəmiz otağa salmışlar. Onu təxminən həmin soyuq otaqda 14 saat ac, susuz, tək köynəkdə saxlamışlar.Dəfələrlə qapını döyüb kömək istəsə də ona cavab verən olmamışdır. Saxlanılmağından təxminən 14 saat sonra onu məhkəməyə gətirmişlər. Eyni zamanda məhkəmə iclası zamanı polis əməkdaşları hadisə yerində olmayan bir nəfər saxta şahidi də işə cəlb etmişlər. Məhkəmə iclasında deyilənlər və protokolda yazılanlar əsassızdır. Onun heç bir günahı yoxdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şahid Sumqayıt ŞPİ-nin DYPŞ YPX inspektoru Şahid1 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə rəsmi reyd keçirilən zaman vətəndaş saxlanılmış, həmin şəxsə yaxınlaşaraq salam vermiş, şəxs ona “sən kimsən mənə salam verirsən” deyə bildirmiş, avtomobilini kənara çəkib saxlamışdır. Bu zaman onun digər ekipaj yoldaşı yaxınlaşaraq əlindəki konfeti vətəndaşa vermək istəmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Həmin vaxt onun üzərində səs yazan cihaz olmamışdır. Xidməti avtomobildə bir səs yazan cihaz olmuş, o da tağım komandiri Elnurda olmuş, Elnur isə oraya sonradan yaxınlaşmışdır. Mübahisə onun salam verməsindən və digər polis əməkdaşlarının konfet verməsi səbəbindən yaranmışdır. Həmin vaxt yorğun olduğundan ola bilsin ki, düzgün etməmişdir. Məhkəmə iclasında çıxış edən şahid Sumqayıt ŞPİ-nin DYPŞ YPX baş inspektoru Şahid2 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, M.Əsədov küçəsində reyd keçirilən zaman ekipaj yoldaşı bu şəxsi saxlamış və şəxs reyd keçirilməsi barədə sənəd tələb etdiyini ona bildirmişdir. O da yaxınlaşaraq şəxsə izah etmişdir ki, həmin sənəd onlarda deyil, idarədə olur. Daha sonra şirinlik olsun deyə şəxsə konfet təklif etmişdir. Lakin şəxs səs-küy salaraq mübahisə etməyə başlamış, reydi pozaraq polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında çıxış edən Şahid3 bildirmişdir ki, taksi sürücüsüdür. Qeyd olunan tarixdə həmin ərazidə taksi kimi dayanıb müştəri gözləyirmiş. Müştərisi olmadığından o da reyd keçirilən yerə getmişdir. Onlarla arasında təxminən bir metr yarım məsafə olmuşdur. O, sürücünün inspektorun yaxasından tutub dartdığını, polisi itələdiyini və polisin papağının yerə düşdüyünü görmüşdür. Məhkəmə iclasında çıxış edən müdafiəçi X5 bildirdi ki, şəxsin əməli sübuta yetirilmir. Hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini, Şahid3 məhkəmə iclasında dəfələrlə yalan ifadə verməsinə görə barəsində xüsusi qərar çıxarılmasını Məhkəmədən xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Məhkəmə araşdırılması zamanı Şəxs xx.xx.2023-cü il tarixdə polis qanuni tələbinə tabe olmaması müəyyən edilmir və sübuta yetirilmir. Belə ki, mübahisəyə səbəb polis əməkdaşlarının vəzifə təlimatlarına uyğun olmayan davranışları səbəbindən yaranmış, eyni zamanda şəxsin polisin hansı qanuni tələbinə tabe olmaması müəyyən deyildir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatı, iş materiallarına əlavə edilmiş raportun məzmunu Şəxs hazırki material üzrə törədilməsi istinad olunan inzibati xətanın doğruluğunu təsdiq etmir. Bundan başqa məhkəmə iclasında Şahid3 izahatında qeyd etdiyi xüsusatlar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki məhkəmə iclası zamanı sorğu-sual edilən şahid öz cavabında hadisə zamanı olmayan xüsusatları öz gözü ilə gördüyünü bildirmiş, həmçinin həmin şəxsin ümumiyyətlə hadisə yerində olması, məhkəmə iclasına kimin tərəfindən şahid qismində cəlb edilməsi aydın deyildir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Şəxs polisin qanuni tələbinə əməl etməməsi iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Vəkil X5 tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar