Məhkəmə qərarları › İş №3(060)-2449/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2449/2025

14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2449/2025 14.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi Sərdar Məmmədovun, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt ŞPİ-nin 4-cü PB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə 25 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PBnin sahə rəisi Sərdar Məmmədov bildirmişdir ki, Şəxs hərbi geyim formasını qanunsuz daşıdığına görə barəsində Azərbaycan Respublikasının İXM-nin 534-cü maddəsi ilə protokol tərtib edilmişdir. Protokola əlavə edilmiş fotoşəkil polis bölməsində çəkilmişdir. Həmin geyim formasının üzərində fərqləndirmə nişanı mövcud deyildir. Şəxsin səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, özünü inzibati xəta üzrə təqsirli bilmir. Belə ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərində onunla Yol Patrul Xidmətinin əməkdaşı arasında mübahisə olmuş, polis əməkdaşı onu hər kəsin yanında təhqir etmişdir. Həmin günün səhəri o, ehtiyatda olan zabit olduğu üçün hərbi geyim formasını geyinib polis bölməsinə getmişdir. Onun geyim formasının üzərində fərqləndirmə nişanları mövcud deyildir. Bundan başqa, o, həmin geyim formasını tam geyinməmişdir. Geyim formasının üzərində üst geyimi də olur, lakin o, həmin geyim onun üzərində yoxdur. Fərqləndirmə nişanları da həmin üst geyimin üzərinə tikilir. Qeyd edilənlərə əsasən məhkəmədən bağışlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 534-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi Sərdar Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN2389437 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində əməliyyat-axtarış fəaliyyəti subyektinin və hərbi qulluqçuların, prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımışdır. EZ ******* nömrəli hərbi biletdən görünür ki, Şəxs “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə müvafiq (xidmət müddəti başa çatdığına görə) olaraq zabitlərin həqiqi hərbi xidmətindən ehtiyata buraxılmışdır. Xidmətdən ehtiyata buraxıldığı üçün hərbi qeydiyyata bərpa edilmişdir. Protokola əlavə edilmiş fotoşəkildə barəsində inzibati icraat aparılan Şəxs formasının üzərində Azərbaycan Respublikasının Silahlı Qüvvələrin növünə, qoşun (xidmət) növünə, ixtisasına, hərbi rütbəyə, hərbi qulluqçuların heyətinə və konkret qoşun vahidinə mənsubiyyətinə dair hər hansı fərqləndirmə nişanları yəni, paqonlar, yaxa nişanları, döş və qol nişanları (jetonlar, tikmələr), baş geyimlərindəki nişanlar (kokardalar, emblemlər), paqon və yaxalıqlardakı nişanlar (emblemlər, ulduzlar və s.), kantlar və lampasların olması müşahidə edilmir. “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin və "Azərbaycan Respublikası Silahlı qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin əsasnamənin 3-cü bəndində göstərilmişdir ki, hərbi qulluqçuların fərqləndirmə nişanları – hərbi geyim formasında rəmzi şərti təsvir olub, müəyyən anlayışı əks etdirir və dövlət mənsubiyyətini, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, Silahlı Qüvvələrin növünə, qoşun (xidmət) növünə, ixtisasına, hərbi rütbəyə, hərbi qulluqçuların heyətinə və konkret qoşun vahidinə mənsubiyyəti göstərir. Bu nişanları (hərbi rütbəyə görə və hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanlarından başqa) Azərbaycan Respublikasının müdafiə naziri təsis edir, həmçinin fərqləndirmə nişanları haqqında əsasnamələri və onların təsvirlərini təsdiq edir. Həmin Əsasnamənin 4-cü bəndində isə göstərilmişdir ki, fərqləndirmə nişanlarına paqonlar, yaxa nişanları, döş və qol nişanları (jetonlar, tikmələr), baş geyimlərindəki nişanlar (kokardalar, emblemlər), paqon və yaxalıqlardakı nişanlar (emblemlər, ulduzlar və s.), kantlar və lampaslar aiddir. Bundan əlavə hərbi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa detalları kimi digər xarici fərqləndirmə əlamətlərindən də həmin məqsədlərlə istifadə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsində əməliyyataxtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə-inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən maddənin dispozisiyasından görünür ki, əməl üzrə inzibati xəta tərkibi fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə yaranır. Hazırki iş üzrə barəsində icraat aparılan şəxs Şəxs üzərində olan hərbi geyim formasında fərqləndirmə nişanları mövcud olmadığından, məhkəmə hesab edir ki, onun barəsində Sumqayıt ŞPİ-nin 4-cü PB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokola dair inzibati xəta haqqında iş üzrə əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-in 18,4, 40, 43, 53.1.2, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar