Məhkəmə qərarları › İş №3(060)-2453/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2453/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2453/2023 24.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanova İradə Allahverdi qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Naxçıvan MR, Şahbuz rayonunda doğulmuş, subay, fərdi əməklə məşğul olan, ali təhsilli, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, N nömrəli hərbi hissədə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin YPX-nin inspekroru polis baş serjantı X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 329.3 və 333.1-ci maddələri ilə 22 sentyabr 2023-cü il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, “Chevrolet Aveo minik” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs tərəfindən İXM-nin 329.3 və 333.1-ci maddələrinin pozulması halına yol verilmişdir. Nəticədə İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutlmuş inzibati xətaları törətmişdir. Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 10 oktyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 24 oktyabr 2023-cü il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, idarə etdiyi “Chevrolet Aveo minik” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhərində işıq cihazından düzgün istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün YPX-nin əməkdaşı tərəfindən saxlanılmışdır. Yoxlama zamanı onun sərxoş halda olmasını bilən YPX əməkdaşı onu alkotester vasitəsi ilə yoxlamışdır. Yoxlama zamanı onda sərxoşluq vəziyyəti aşkar olunmuşdur. O, inzibati xətanın törədilməsindən bir neçə saat öncə spirtli içki pivə qəbul etdiyini bildirmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində inzibati cərimə növündə tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyin, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokol və sərxoşluq vəziyyətinin müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında 93004403 saylı protokol və Alcovisor-Jupiter X markalı alkotesterin nəticəsi ilə öz təsdiqini tapır. Göründüyü kimi Alcovisor-Jupiter X markalı alkotesterin nəticəsinə əsasən görə Şəxs müayinə vaxtı (22 sentyabr 2023-cü il saat 22:30) 0.712% promil alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarından görünür ki, Şəxs məxsus AE 036238 saylı sürücülük vəsiqəsi xx.xx.2018-ci ildən xx.xx.2028-ci ilədək etibarlıdır. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi, o cümlədən həmin şəxsin tibbi müayinəyə göndərilməsi haqqında Qanununun 2.4-cü bəndində qeyd olunur ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar