Məhkəmə qərarları › İş №3(060)-2455/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2455/2025

25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2455/2025 25.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Füzuli rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Pirəhmədli ərazi dairəsi, Aşağı Rəfədinli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* və ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində Sumqayıt şəhər Beton zavod ərazisində nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, həmçinin polisin qanuni tələbini pozaraq onlara qarşı tabesizlik göstərmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə DİN-nin 102 qaynar xəttinə zəng edərək polisə ehtiyacının olduğunu bildirmişdir. Məlumat əsasında polis əməkdaşları hadisə yerinə yaxınlaşmışlar. Şəxs içkili vəziyyətdə olmuş, nalayiq ifadələr işlətmiş, polisin qanuni tələblərinə məhəl qoymamışdır. Daha sonra Şəxs polis bölməsinə və Narkoloji dispanserə aparılaraq sərxoşluq vəziyyəti ilə bağlı müayinədən keçirilmişdir. Oradan yenidən bölməyə gətirilmişdir. Şəxs sərxoş halda münaqişə yaratmış, polislərə tabesizlik etmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hadisə işdən gəlmiş və marketə getdiyi zaman baş vermişdir. Özü vərəm və asma xəstəsidir. Çöldə yaşayır, çünki evini dağıtmışlardır. Bu evini dağıdan şəxs X2 barəsində DİN-nin 102 qaynar xəttinə zəng edərək şikayət etmişdir. Onu polis əməkdaşları bölməyə aparmış, axşam isə buraxmışlar. Məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili X4 bildirdi ki, xx.xx.2025-ci il tarixdə əməliyyat qrupuna DİN-nin 102 xidmətindən məlumat daxil olmuş, o və Səbuhi Mənsurzadə ilə birlikdə Sumqayıt şəhəri Betonzavod ərazisi, Qızılqaya restoranın yaxınlığındakı ünvana getmişlər. Şəxs kənarda olan 1-2 nəfər şəxsin yanında ünvansız nalayiq ifadələr işlətməsini görüb, sonuncunu nizam-intizama dəvət etmişlər. Buna baxmayaraq Şəxs onların qanuni tələblərinə məhəl qoymamışdır. Şəxs onlar tərəfindən polis bölməsinə dəvət edilmiş, daha sonra isə Narkoloji dispanserə aparılıb müayinədən keçirilmişdir. Müayinə nəticəsində sonuncunun sərxoş olduğu aşkar edilmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili X4 ona verilmiş suallara cavab olaraq bildirdi ki,Şəxs yaşlı olduğundan polis əməkdaşlarına müqavimət göstərmək qabilliyyətində olmamışdır. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu aşkar edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyi üçün həmin maddə üzrə icraata xitam verilməli və İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin: - 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarından görünür ki, vətəndaş Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı Şəxs və dindirilmiş şahidlərin izahatında onun xx.xx.2025-ci il tarixdə polis qanuni tələbinə tabe olmaması müəyyən edilmir və sübuta yetirilmir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatı, iş materiallarına əlavə edilmiş raportun məzmunu Şəxs hazırki material üzrə törədilməsi istinad olunan inzibati xətanın doğruluğunu təsdiq etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. - 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. - 11-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin hallarını iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Şəxs tərəfindən ictimai qaydanın pozulması özünün etirafedici ifadəsi, şahid ifadəsi, iş materiallarına əlavə edilmiş digər sənədlərlə təsdiqini tapır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə həmin maddə ilə inzibati xəta haqqında icraata xitam verilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı isə həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar