Məhkəmə qərarları › İş №3(060)-2460/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2460/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2460/2025 20.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunin Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında 24 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Baş Prokurorluğu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs MMC-nin rəhbəri Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri X11 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 24 sentyabr 2025-ci il tarixdə qərardan görünür ki, hüquqi şəxs - "Azerbaijan Construction” MMC-nin direktoru X8 MMCnin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan X6 2025-ci ilin may ayı ərzində dizayn işlərinin görülməsinə" eləcə də X3 2025-ci ilin aprel-may ayları ərzində mühasibatlıq işlərinin görülməsinə cəlb etmiş, bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar X7 və X1 izahatları, X2 Sisteminin elektron sorğu modulundan əldə edilmiş əmək müqaviləsi məlumatları, protokol və arayışlarla təsdiq edilmişdir. Araşdırma zamanı X9 izahatında göstərmişdir ki, 2025-ci ilin may ayında “Azerbaijan Construction* MMC-nin direktoru X8 tərəfindən dizayner kimi işə qəbul edilsə də, onunla əmək müqaviləsi bağlanmamış və ona əmək haqqı ödənilməmişdir. Araşdırma zamanı X4 izahatında göstərmişdir ki, 2025-ci ilin aprel ayının sonlarında təmir-tikinti işləri ilə məşğul olan Şəxs MMC-də mühasib kimi işə qəbul olunsa da, onunla və həmin şirkətdə dizayner kimi işləyən rəfiqəsi Nurdan Məmmədova ilə əmək müqaviləsi bağlanmamış və onlara əmək haqqı ödənilməmişdir. X5 əmək müqaviləsi məlumatları X2 Sistemi vasitəsilə ilə yoxlanıldıqda sonuncu ilə Şəxs MMC arasında əmək müqaviləsinin bağlanmadığı müəyyən edilmişdir. X1 əmək müqaviləsi məlumatları X2 Sistemi vasitəsilə ilə yoxlanıldıqda sonuncu ilə Şəxs MMC arasında əmək müqaviləsinin bağlanmadığı müəyyən edilmişdir. Hüquqi şəxs Şəxs MMC hüquqi ünvanı - Sumqayıt şəhəri, Corat ŞTQ, Sülh küçəsi, ev 13. mənzil 8 (VÖEN: **********) - barəsində Azərbaycan Respublikası İXMın 192.1 -ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. X5 Baş Prokurorluğa ünvanladığı 22 iyul 2025-ci il tarixli elektron müraciətdən görünür ki, izahatda qeyd etmişdir ki, 2025-ci ilin may ayında “Azerbaijan Construction* MMC-nin direktoru X8 tərəfindən dizayner kimi işə qəbul edilsə də, onunla əmək müqaviləsi bağlanmamış və ona əmək haqqı ödənilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 192.1 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qeyd olunan inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında qərar və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş hüquqi şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 18-ci maddəsinin tələblərinə əsasən, Şəxs MMC hüquqi şəxsdir. Buna görə də o, hüquqi şəxs kimi inzibati tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425-426 və 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1- ci maddəsi ilə təqsirli bilinsin və ona 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar