Məhkəmə qərarları › İş №3(060)-2462/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2462/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2462/2024 04.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs – X1 iştirakları ilə xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda göstərilənlərə əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə saat 08:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon, 47 saylı binanın qarşısında X2 təhqir etmişdir. Bununla da, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis kapitanı Cavid Məmmədov tərtib etdiyi protokola uyğun izahat verərək, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək qeyd etdi ki, o, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 47 saylı binada yerləşən binanın mansarında təmir işlərinin aparılmasında usta kimi işləyir. Binanın qapısı kodla olduğundan və onlar da həmin qapının açılması üçün açar olmadığından işə gələndə binanın sakinlərindən birinin çölə çıxması zamanı binaya daxil olurlar, mağazadan nəsə almaq lazım olduqda isə qapı bağlanmasın deyə qapının arasına kərpic qoyurlar. xx.xx.2024-cü il tarixdə səhər saat 08- 09 radələrində onlar qapının ağzına kərpic qoyub dükana getmişlər. Dükandan çıxdıqda İsmayıl Qənbərovun kərpici təpiklə vuraraq atdığını və qapının başlandığını görmüşlər. Bu zaman ona qapını niyə bağladığını bildirmişlər. Bu zaman onların arasında mübahisə yaranmış və bir-birilərini nalayiq ifadələrlə təhqir etmişlər. Həmin vaxt orada İsmayıl Qənbərovun həyat yoldaşı və binanın sakini olan 2 nəfər cavan oğlan olmuşdur. Əməlindən peşmandır. Qeyd olunanlara əsasən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X4 bildirdi ki, 2 aydır bu problem davam edir. Yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon, 47 saylı binanın mansart hissəsində təmit işləri aparılır. Bununla bağlı bütün təmir materialları binanın sakinlərinin istifadə etdiyi liftlə yuxarıya çıxarılır. Hər gün işdən evə qayıdanda binanın giriş qapısının açıq olmasını müşahidə etmişdir. Bir neçə gün əvvəl də xəsarət almasa da, həyat yoldaşı həmin yerdə ayağı kərpiclərə ilişərək yıxılmışdır. xx.xx.2024-cü il tarixdə səhər saat 08:00 radələrində həyat yoldaşı ilə işə getmək üçün binadan çıxan zaman binanın giriş qapısına kərpic qoyulduğunu və qapının açıq olmasını görmüş və təpiklə kərpici vurub qırağa ataraq qapını bağlamışdır. Bu zaman mağaza tərəfdən 3 nəfər tanımadığı şəxsin gəldiyi görmüş və onlara qapını niyə açıq qoymalarını soruşmuş, onlar da qapını açmaq üçün açar olmadığını bildirdilər. O, həmin şəxslərə qapının açıq qoyulması barədə iradını bildirmiş, Nizami də ona “sən kimsən” demiş və onların arasında mübahisə yaranmışdır. Səs-küyə binadan 2 qonşu gəlmiş və onları sakitləşdirmişdir. Bu zaman o, binanın komendantının oturduğu binaya getmiş, lakin orada heç kimi tapmamış və DİN-nin 102 zəng xidmətinə zəng edərək hadisə ilə bağlı məlumat vermişdir. Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, o, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 47 saylı binada yerləşən mansartda təmir işlərinin aparılmasında usta kimi işləyir. xx.xx.2024-cü il tarixdə səhər saat 08-09 radələrində onlar qapının ağzına kərpic qoyub dükana getmişlər. Dükandan çıxdıqda İsmayıl Qənbərovun kərpici təpiklə vuraraq atdığını və qapının başlandığını görmüşlər. Bu zaman ona qapını niyə bağladığını bildirmişlər. Bu zaman İsmayıl Qənbərov və Şəxs arasında mübahisə yaranmış və İsmayıl Qənbərov nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, o, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 47 saylı binada yerləşən mansartda təmir işlərinin aparılmasında usta kimi işləyir. xx.xx.2024-cü il tarixdə səhər saat 08-09 radələrində onlar qapının ağzına kərpic qoyub dükana getmişlər. Hadisə baş verən zaman o, orada olmamış, sonradan məlumatı olmuşdur. Bu zaman İsmayıl Qənbərovdan nə baş verdiyini soruşmuş, o da Nizaminin onu təhqir etdiyini bildirmişdir. Bununla əlaqadar Nizamiyə zəng edərək nə baş verdiyini bildirdikdə İsmayıl Qənbərovun onu nalayiq ifadələrlə təhqir etdiyini demişdir. İş materiallarında olan “raport”dan görünür ki, hadisə barədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis sahə rəisi, polis kapitanı Cavid Məmmədov 3-cü PB-nin rəisinə müraciət etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda dedikdə: cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericilklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Məhz bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, Şəxs Sumqayıt şəhəri, 6-cı mikrorayon, 47 saylı binanın qarşısında İsmayıl Qənbərov ilə münaqişə yaradaraq, səsküy salıb ətrafdakıların diqqətini özünə çəkmiş, hamı tərəfindən qəbul edilmiş insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normalarına zidd olaraq ictmai qaydaları kobud surətdə pozmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş 3-cü PB-nin polis sahə rəisi, polis kapitanı Cavid Məmmədov ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli bilinməsi üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, şəxsin əməlindən peşman olmasını, davranışını, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdəki tutma protokolundan görünür ki, Şəxs 03 oktyabr 2024-cü il tarixdə, saat 13:30-da tutulmuşdur. İXM-nin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 100 (yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən Şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB tərəfindən xx.xx.2024-cü il tarixdə saat 13:30-da tutularaq saxlanması nəzərə alınsın və onun üzərində 50 (əlli) manat cərimə tənbehi saxlanılsın. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar