Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2463/2022 03.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Baş X6 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Baş X6 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarı ilə iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyinə görə X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X2 şikayətlə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilərək onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 11:47-də Bakı- Quba yolunun 46-cı km-də, Sumqayıt şəhəri ərazisində “Hovvo yük” markalı, 99XL477 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edən zaman Azərbaycan Respublikası BDYPİ-nin YPX inspektoru, polis kapitanı X3 tərəfindən dayandırılmışdır. 23 gün sonra YPX inspektoru tərəfindən icraat aparılmış və barəsində qanunsuz və əsassız olaraq xx.xx.2022-ci il tarixli TP5156479 saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Qərar rəsmi qaydada xx.xx.2022-ci il tarixində poçt vasitəsilə ona göndərilmişdir. O idarə etdiyi iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsilə icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməmişəm. İnspektor tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübut yetirilməmiş, o cümlədən onun əməlində inzibati xəta tərkibi olmamışdır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 şikayəti müdafiə edərək bildirdi ki, maşının ümumi qabarıt çəkisi texniki pasportda 46 ton 180 kq göstərilmiş, protokol tərtib edilərkən onun guya 44 ton 100 kq yük daşıdığı qeyd edilmiş, buna görə də 600 manat cərimə edilmişdir, ona təyin edilmiş cəriməni ödəmişdir, ancaq qərarla razı deyildir, qərar qanunsuzdur və buna görə də şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş aidiyyatı üzrə baxılması məsələsinin həlli üçün Azərbaycan Respublikası Baş X6 İdarəsinə göndərilməlidir. Qərarın qəbulu və tərtibi zamanı Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. İş materiallarında olan TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə yol verilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 61.1.1-61.1.8-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüquqları vardır. Həmin Məcəllənin 75.0.1-75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 353.2-ci maddəsinə görə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Baş X6 İdarəsinin YPX inzibati qrup polis kapitanı Murad Mustafayev tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməmiş, X1 iştirakı təmin edilməmiş, qərar düzgün tərtib olunmamış, qərarda pozuntunun mahiyyəti tam açıqlanmamışdır, sadəcə maddənin dispozitiv əlamətləri formal qaydada qeyd edilmişdir. Törədilən inzibati xətanın nədən ibarət olması, hansı hərəkətlə törədilməsi (nəqliyyat vasitəsinin yüklə çəkisi) bilinmir. Məhkəmə belə qənaətə gəlir ki, X1 iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə bağlı Azərbaycan Respublikası İXMnin tələblərinə uyğun şəkildə icraat aparılmamış, X1 iştirakı təmin edilməmiş, sübutlar toplanmamış, qərarda pozuntunun mahiyyəti tam əksini tapmamışdır. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilən bütün hallar və Azərbaycan Respublikası İXM-nin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, X1 İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Baş X6 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxsin iştirakı ilə yenidən baxılması üçün Azərbaycan Respublikası Baş X6 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Baş X6 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qərar inzibati xəta haqqında işə yenidən, barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Baş X6 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2463/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2463/2022
03.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver