Məhkəmə qərarları › İş №3(060)-2463/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2463/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2463/2025 29.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs Etilen-Polietilen zavodu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs Etilen-Polietilen zavodu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN2366163 nömrəli protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, daxil olmuş material natamamdır, həmin materiallar əsasında iş üzrə yekun nəticəyə gəlinməsi mümkün deyil, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Dövlət X5 yanında Suların İstifadəsinə və X2 Xidməti 2 saylı X1 geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsi inzibati xəta haqqında protokol tərtib edilməsinin qaydalarını müəyyən edir. Həmin Məcəllənin 100.1.7-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları qeyd olunmalıdır. Lakin, tərtib olunmuş protokolda “İnzibati xəta haqqında protokolun müzakirəsində iştirak edilməsi məqsədilə cəmiyyətə bildiriş göndərilmiş, lakin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs Etilen-Polietilen zavodunun nümayəndəsinin izahat verməkdən və inzibati araşdırmada iştirakdan imtina etdi” məzmununda qeyd mövcuddur. Protokolda hüquqi şəxsə bildiriş göndərilməsi qeyd edilsə də, bildirişin hüquqi şəxsin nümayəndəsi tərəfindən qəbul edilməsini təqdiq edən hər hansı sənəd materiala əlavə edilməmişdir. Protokoldakı həmin qeyd Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə ziddir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsində göstərilir ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. Qanunvericiliyin qeyd edilən tələblərinə riayət edilməyərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs Etilen-Polietilen zavodu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tərtib olunmuş protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin protokoldan məlumatlı olması ilə bağlı xəbərnamələr iş materiallarına əlavə edilməmişdir. Belə ki, məhkəməyə göndərilmiş materiala Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs Etilen-Polietilen zavodu barəsində inzibati xəta haqqında icraata başlanılması barədə məlumatlı olmasına dair sənəd əlavə edilməmişdir. Eyni zamanda, edilmiş xx.xx.2025-ci il tarixli, MN2366163 nömrəli inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə çatdırılmasının təsdiq olunması barədə sənədlər əlavə edilməmişdir. Bundan başqa, tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokolda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs Etilen-Polietilen zavodunda ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması göstərilsə də, normativlərin nə qədər olması, ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının hansı həddə olması konkret olaraq qeyd edilməmişdir. İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırmanın qaydaları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57 və 125-ci maddələri tənzimlənir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt gönrərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi-göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanının əməkdaşına tapşıra bilər. 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsinin 1-3-cü bəndlərinə ardıcıl olaraq riayət olunmalıdır. 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 106.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib edilməməsi araşdırılır. 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və həmin natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs Etilen-Polietilen zavodu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Dövlət X5 yanında Suların İstifadəsinə və X2 Xidməti 2 saylı X1 geri qaytarılsın. Azərbaycan Respublikasının Dövlət X5 yanında Suların İstifadəsinə və X2 Xidməti 2 saylı X1 qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar