Məhkəmə qərarları › İş №3(060)-2465/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2465/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2465/2024 18.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Sumqayıt şəhər X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Müşfiq Zərbəliyev şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Müşfiq Zərbəliyev şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-ci il tarixində saat 08:56-da Sumqayıt şəhəri, H.Əliyev prospekti ərazisində **-AF-*** dövlət nömrə nişanlı, “Toyota Avalon” Hibrid markalı nəqliyyat vasitəsini idarə edərkən, birtərəfli istiqamətli əsas yola paralel olan köməkçi yolla (məhəllə daxili) hərəkət edən zaman əsas yoldan köməkçi yola keçərək onunla üzbəüz gələn Sumqayıt şəhər DYPŞ-nə məxsus avtomobil səs siqnalı ilə saxla əmri verdikdən sonra həmin avtomobilin yol patrul xidməti inspektoru, serjant X4 ona yaxınlaşaraq avtomobildə oturan polis mayoruna yaxınlaşmasını demişdir. Həmin polis əməkdaşı İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş (Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə) xətanın törətdiyini bildirərək, onun birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etdiyinə görə xx.xx.2024-cü il tarxili, İXP6482980 nömrəli protokol tərtib edildi. Tərtib olunmuş protokoldan narazı olmasına baxmayaraq, nəticədə barəsində 150 manat məbləğində cərimə edilməsi haqqında qərar qəbul edilmişdir. Halbuki, bu protokolla qərar çıxarılmalı deyildi, yəni qərarsız yazılmalı idi. Bundan başqa DİN-nin bazası olan planşetlə protokolu adını bilmədiyi onunla danışan polis mayoru tərtib etsə də, protokol polis serjantı tərəfindən tərtib edilmişdir. Bildirir ki, barəsində qəbul edilən inzibati tənbeh vermə haqqında Qərar qanunsuzdur, belə ki, həmin ünvanda bir tərəfli yol kimi əsas yol mövcuddur, lakin onun avtomobillə hərəkət etdiyi yol əsas yola paralel olan köməkçi yoldur. Yəni parkinq təyinatlı və məhəllə daxili yoldur və həmin yolda bir tərəfli hərəkət istiqamətinin olduğunu göstərən hər hansı yol nişanı yerləşdirilməmişdir. O, həmin vaxt parkinqdə avtomobilinin yerini dəyişmişdir ki, bu halı təqdim etdiyi video görüntülərdə öz əksini tapmışdır. Qeyd etdiklərini adını bilmədiyi yol patrul xidməti inspektoruna bildirmiş, lakin sonuncu qərəzli olaraq dediklərinə əhəmiyyət verməmiş, qanunsuz protokol tərtib etmiş və nəticədə 150 manat məbləğində cərimə olunmuşdur. Bununla bağlı Baş X6i İdarəsinə müraciət etməsinə baxmayaraq, xx.xx.2024cü il tarixli cavab məktubunda, ona göstərilən qayda pozuntusu törətdiyi bildirilmişdir. Qeyd edir ki, təqdim etdiyi görüntülərində qayda pozuntusu yoxdur və onların əsaslandığı və qayda pozuntusu adlandırdığı hal tamamilə yanlışdır. Qanunvericiliyin tələblərini pozduqlarına görə həmin yol polisi əməkdaşları barəsində müvafiq olaraq intizam tədbirlərinin görülməsini və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsini və həmin inzibati işin icraatın xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərardan şikayət verən X2 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən Sumqayıt şəhər X6 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Müşfiq Zərbəliyev İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində cərimə edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan, baş vermiş yol nəqliyyat hadisəsini özündə əks etdirən diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin görüntülər yol patrul xidməti avtomobilinə quraşdırılmış kameradan götürülmüş görüntüdür. Həmin görüntüdə sürücü Müşfiq Zərbəliyev idarə etdiyi **-AF-*** dövlət nömrə nişanlı, “Toyota Avalon” hibrid markalı avtomobillə İXM-nin 327.4-cü maddəsinin tələblərini pozaraq birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmiş, parkinq yerində avtomobilini saxlamışdır. Qərardan şikayət verən şəxsin istifadəsində olan mobil telefonu ilə çəkdiyi və diskə köçürərək məhkəməyə təqdim etdiyi görütüyə də məhkəmə iclasında baxış keçirilmiş, hadisə yerinin birtərəfli hərəkət yolu olduğu, hərəkət hissənin sağ və sol tərəfində parkalanma yerlərinin təşkil olunduğu və park vəziyyətində çoxlu sayda avtomobillərin olduğu müəyyən edilmişdir. Avtomobillərin yerləşmə istiqamətindən həmin yolun birtərəfli hərəkət yolu olduğu bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə görə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə Müşfiq Zərbəliyevun şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş baş vermiş yol nəqliyyat hadisəsinin əks etdirən diskə baxış zamanı da görünür ki, sürücü Müşfiq Zərbəliyev idarə etdiyi **-AF-*** dövlət nömrə nişanlı, “Toyota Avalon” hibrid markalı avtomobillə İXM-nin 327.4-cü maddəsinin tələblərini pozaraq birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmiş, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Bu səbəbdən Müşfiq Zərbəliyevin inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün İXM-nin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılması nəticəsidə qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərardır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə inzibati xətaya dair iş üzrə Sumqayıt şəhər X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Tədqiq edilmiş 02 (iki) ədəd disk inzibati işin materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar