Məhkəmə qərarları › İş №3(060)-2466/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2466/2021

19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2466/2021 19.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs Yusubov Cavid Elman oğlunun iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Yusubov Cavid Elman oğlunun barəsində Sumqayıt şəhər Pİ DYPŞ-nin YPX inspektoru polis baş serjantı X1 tərəfindən qəbul edilmiş 22.07.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yusubov Cavid Elman oğlu Sumqayıt şəhər Pİ DYPŞ-nin 22.07.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs Yusubov Cavid Elman oğlu şikayətini onunla əsaslandırdı ki, ona məxsus “Mercedes- Benz Sprinter 906 K 35 yük” markalı **-ED-*** nömrə nişanlı avtomaşını ilə Sumqayıt şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olarkən “Göyçay” marketi yaxınlığında yol polis əməkdaşı X1 tərəfindən saxlanılmışdır. Həmin yol polis əməkdaşı ondan nəyə görə avtomobilin arxa bortunun üstündə dövlət nömrə nişanı yazılmadığını irad tutmuş və o isə avtomobilin arxa hissəsində qanunla müəyyən olunmuş yerdə nömrə nişanı olduğunu bildirmişdir. Buna baxmayaraq polis əməkdaşı onun barəsində AR İXM-nin 342.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək 22.07.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla onu 50 (əlli) manat cərimə etmişdir. AR İXMnin 342.5-ci maddəsinin tələbində arxa bortda dövlət nömrə nişanı olmadığına görə inzibati məsuliyyət nəzərdə tutulmur. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında 22 iyul 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Yusubov Cavid Elman oğlu Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə təqsirli bilinib, həmin qərarla 50 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət rədd edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuna 1 saylı Əlavəsinə əsasən "Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısı”nın “konstruksiyanın digər ünsürləri” adlanan bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının standartın tələblərinə cavab vermədikdə - dövlət qeydiyyat nişanlarının rəqəmləri və hərfləri yük daşıyan avtomobillərinin, qoşquların (minik avtomobillərinin və motosikletlərin qoşqularından başqa) və avtobusların (xüsusi kiçik avtobuslardan başqa) kuzovun arxa divarında təkrar və rəqəmlərin hündürlüyü ən azı 300 mm, eni azı 120 mm, cizginin qalınlığı 30 mm, hərflərin ölçüsü rəqəmlərin 2/3-si qədər olunmadıqda, tramvay və trolleybuslarda müvafiq idarələrin verdikləri dövlət qeydiyyat nişanları yazılmadıqda nasazlıq kimi qiymətləndirilir. Bununla əlaqədar olaraq məhkəmə iclasında araşdırılması zamanı Sumqayıt şəhər Pİ DYPŞ-nin YPX inspektoru polis baş serjantı X1 tərəfindən qəbul edilmiş 22.07.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarın ləğv olunması üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhər Pİ DYPŞnin YPX inspektoru polis baş serjantı X1 tərəfindən qəbul edilmiş 22.07.2021-ci il tarixli TP ******* saylı qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Yusubov Cavid Elman oğlu tərəfindən verilmiş şikayət təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Sumqayıt şəhər Pİ DYPŞ-nin YPX inspektoru polis baş serjantı X1 tərəfindən qəbul edilmiş 22.07.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh verə haqqında qərardan Yusubov Cavid Elman oğlu tərəfindən verdiyi şikayət təmin edilməsin və həmin qərarlar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar