Məhkəmə qərarları › İş №3(060)-2466/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2466/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2466/2024 07.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1980-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Şəxs Ağsu Rayon Məhkəməsinin 2(016)-227/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmiş, 420 manat ödənilməmiş aliment borcu yığılmış, bununla da, o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Ramil Babayev izahatında bildirdi ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-227/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2005-ci il təvəllüdlü Gülnar Məlikovanın və xx.xx.2006-cı il təvəllüdlü Fikrət Məlikovun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Şəxs hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 120 manat məbləğində olmaqla, cəmi 240 manat məbləğində sabit pul şəklində aliment tutularaq Kamilə Baxşiyevaya ödənilməlidir. İcra vərəqəsi onun icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş, borclu dəfələrlə onun tərəfindən idarəyə dəvət olunmuş, izahatları alınmışdır. 2022-ci ilin sentyabr ayında borclunun barəsində İXM-nin 528-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin qərarına əsasən borc məbləğinin müəyyən hissəsini ödədiyi üçün onun barəsində inzibati xəta haqqında icraata xitam verilmişdir. Onun təqdiınatına əsasən məhkəmə tərəfindən borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. 27 dekabr 2023-cü il tarixdə 2000 manat aliment borcunu ödədiyi üçün tələbkarın ərizəsinə əsasən onun ölkədən getmək hüququ məhdudlaşdırılması ləğv edilmişdir. Borclu ölkə xaricində olmuşdur. Gəldikdən sonra 6 ay ərzində cəmi 100 manat ödəniş etmişdir. Onunla əlaqə saxlanılmış, idarəyə dəvət olunmuş, lakin çağırışlara məhəl qoymayaraq idarəyə gəlməmişdir. Uşaqlardan biri 2023-cü il tarixdə, digəri isə 2024-cü il tarixdə 18 yaşına çatmışlar. Telefon əlaqəsi saxlanılmış, borclu idarəyə dəvət olunmuş, çağırışlara gəlmədiyi üçün barəsində axtarış elan olunması barədə qərar qəbul olunaraq icra olunması üçün Ağsu rayon Polis Şöbəsinə göndərilmiş və bu gün polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə təhvil verilmişdir. Ödənilməmiş aliment borcu 420 manat təşkil edir. Borclunun yanında tələbkarla telefon əlaqəsi saxlanılmış və tələbkar aliment məbləğinin tam ödənilməsini tələb etmişdir. Ona görə də, borclunun barəsində Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs barəsində qanunamüvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Ağsu Rayon Məhkəməsinin qeyd edilən icra vərəqəsinə əsasən həqiqətən də onun X2 420 manat borcu olmuşdur. Bildirir ki, işləmədiyi və maddi vəziyyətinin yaxşı olmadığı üçün ödəniş edə bilməmişdir. Hal-hazırda borcdan 150 manat ödəniş etmiş, qalan məbləği isə ayın axırına kimi ödəyəcəyini bildirmişdir. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Borclu Şəxs icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası barədə bildirişi xx.xx.2020-ci il tarixdə qəbul etmişdir. Borclu Şəxs xx.xx.2024-cü il tarixli izahatında borcunu ayın axırına kimi ödəyəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixli “qəbz”dən görünür ki, X1 adına olan kart hesabına 150 manat ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Məhkəmə təminatı hüququ məhkəmənin təkcə vətəndaşların şikayətlərinə baxmaq və qanuni, əsaslandırılmış və ədalətli qərar qəbul etmək vəzifəsini ehtiva etmir. Həmin təminat, həmçinin qəbul olunmuş məhkəmə aktlarının icra edilməsini də nəzərdə tutur. Belə ki, ədalət mühakiməsinin mühüm elementlərindən biri məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunmasıdır. Əks halda, həmin qərarların vaxtında icra olunmaması ədalətli məhkəmə araşdırılması hüququnun pozulması hesab olunur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada (bundan sonra – Konvensiya) da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırılması hüququ xəyali hüquq olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş üzrə tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırılması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırılmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, §35). Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən icra sənədindəki tələbin ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından müəyyən edilir ki, borclu Şəxs iki uşağın saxlanılması üçün hər cəmi 240 manat məbləğində alimenti tələbkar Kamilə Baxşiyevaya ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə İdarənin icraatına daxil olmuş, xx.xx.2020-ci il tarixdə tələbin könüllü icrası barədə bildirişi almış və alimentin ödənilməsinə başlamışdır. xx.xx.2024-cü il tarixdə borcundan 150 manat ödəmək istədiyini desə də, tələbkar qəbul etmədiyi üçün ona ödəniş etmək imkanı yaradılmamış və barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Göründüyü kimi tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin borclu tərəfindən məhz hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, icra sənədi İdarənin icraatına daxil olduqdan sonra icra məmuru borcluya qərarı və tələbin könüllü icrası barədə bildirişi təqdim etdikdən sonra borclu tərəfindən mütəmadi olaraq ödənişlər edilmiş, həmçinin məhkəmə iclasından öncə də 150 manat ödəniş edilmişdir. Lakin icra məmuru borclunun qeyd etdiklərini, ödəniş etmək istəməsini sanki görməzdən gəlmiş, üzrsüz yayınma hallarını əsaslandırmadan formal mülahizələrə əsaslanmaqla protokol tərtib etmişdir. Məhkəmə qeyd etməyi xüsusilə zəruri hesab edir ki, icra məmuru qanunla müəyyən edilmiş müddətdə və vaxtda yığılmış 420 (protokol tərtib edilən zaman) manat aliment borcunun tələbkara ödənilməsini təmin etmək üçün “İcra Haqqında” AR Qanununda nəzərdə tutulmuş qaydada bütün mümkün icra tədbirləri həyata keçirməmiş, borclu barəsində sərt inzibati tədbirlər görülməsi üçün yəni sonuncunun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsassız olaraq protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Belə ki, “İcra haqqında” AR qanunun 43-cü maddəsində qeyd olunan məcburi icra tədbirlərindən biri də tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsidir. Həmin Qanunun 43.1.5-ci maddəsinə görə bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər həyata keçirilməlidir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Göründüyü kimi icra məmuru yuxarıda qeyd olunduğu kimi formal mülahizələrə əsaslanmaqla, borclunun məhz hansı üzrsüz səbəbdən yığılmış aliment bocunu ödəmədiyini müəyyən etmədən, o cümlədən “İcra Haqqında” qanunun tələblərinə tam riayət etmədən borclu barəsində sərt inzibati tədbirlərin görülməsi üçün protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Bundan başqa təqdim edilmiş ödəniş qəbzindən görünür ki, borclu məsuliyyət hissi keçirərək borcundan 150 manatı məhkəmə iclası başlamadan öncə ödəmə terminalı vasitəsilə tələbkarın bank hesabına ödəmişdir. Məhkəmə indiki halda şəxsi qeyd olunan maddə ilə təqsirli bilib onu inzibati məsuliyyətə cəlb etməyi ədalətlilik prinsipi baxımından məqsədəmüvafiq hesab etmir. Və hesab edir ki, belə olan halda sonunucunun vəziyyəti daha da ağırlaşmış olar və nəticədə öhdəliyin qalan hissəsinin də icrasında problemlər yaranmış olar. Qeyd olunanlar əsasənda məhkəmə hazırda Şəxs hərəkətlərində İXM 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin əlamətlərinin olmaması qənaətinə gəlir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Ramil Babayevin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmiş və ya təqdim etməmişdir, o cümlədən “İcra haqqında” qanunun tələbinə yuxarıda qeyd edilən hissədə riayət etmədən protokol tərtib etmişdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar