Məhkəmə qərarları › İş №3(060)-2469/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2469/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2469/2024 29.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 26 sentyabr 2024-cü il tarixli, EP ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 491.3-cü maddəsinə əsasən 26 sentyabr 2024-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Bakı Baş Gömrük idarəsinin ipək Yolu gömrük postundan daxil olmuş 3-33- 1100/029/026630 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən, ’’AQRORA” MMC-nin ünvanına Rusiya Federasiyasindan Y925HC05/AK750005 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş və Bakı Baş Gömrük idarəsində **********4162 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan diri xırdabuynuzlu heyvan yükü “Samur” gömrük postundan keçərək təyinatı üzrə Bakı Baş Gömrük idarəsinə gəlməli olduğu halda gəlməmiş və idxal edilən mallar gömrük orqanına xəbər etmədən nəqliyyat vasitəsindən boşaldılmışdır. xx.xx.2024-cü il tarixində Y925HC05/AK750005 nömrəli nəqliyyat vasitəsi boş vəziyyətdə ’’ipək Yolu” gömrük postuna daxil olmuş və postun stasionar tərəzisində boş halda çəkilərək avtonəqliyyat vasitəsinin çəkisinin 20900 kq olduğu təsdiqlənmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şirkətin icraçı direktoru Azərbaycan Respublikasının vətəndaşı X1 nəqliyyat vasitəsində problem yarandığı üçün birbaşa öz anbarlarına getməsi barədə göstəriş verdiyini, nəzərindən yaуındığı üçün gömrük orqanına məlumat verməyi unutduğunu, qanunla müəyyən edilən tələbləri pozduqlarını və bu səbəbdən qanunvericiliklə nəzərdə tutulmuş inzibati tənbehə hər hansı etiraz etmədiklərini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 491.3-cü maddəsinə əsasən tərtib edilmiş 26 sentyabr 2024-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq porotokol tərtib etmiş şəxsin və barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 491.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXM-nin 491.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarrında olan “İpək Yolu” gömrük postunun inspektoru, nümayəndə və anbardar tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Rusiya Federasiyasindan Y925HC05/AK750005 nömrəli nəqliyyat vasitəsilə Azərbaycan Respublikasına daxil olmuş BBGİ-də **********4162 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan diri xırdabuynuzlu heyvan yükü xx.xx.2024-cü il tarixdə “Samur” gömrük postundan keçərək təyinatı üzrə Bakı Baş Gömrük idarəsinə gəlməli olduğu halda gəlməmiş və yükü gömrük orqanına xəbər etmədən boşaltmışdırlar. xx.xx.2024-cü il tarixində Y925HC05/AK750005 nömrəli nəqliyyat vasitəsi boş vəziyyətdə ’’ipək Yolu” gömrük postuna daxil olmuş və postun stasionar tərəzisində boş halda çəkilərək avtonəqliyyat vasitəsinin çəkisinin 20900 kq olduğu təsdiqlənmişdir. İş materiallarrında olan xx.xx.2024-cü il tarixli, **********4162 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasindan göndərilmiş Y925HC05/AK750005 nömrəli yük nəqliyyat vasitəsi ilə idxal olan “diri xırdabuynuzlu heyvanlar” yükü daxil olmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 37.1-ci maddəsinə əsasən gömrük orqanları ilə dövlət orqanları, səlahiyyətli iqtisadi operatorlar, sahibkarlıq subyektləri, habelə gömrük orqanlarının özləri arasında sənəd və məlumat mübadiləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, məlumatların elektron emalı üsulları vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq sərbəst dövriyyəyə buraxılanadək, məhv edilənədək, dövlətin xeyrinə imtina olunanadək, mallar dövlət mülkiyyətinə keçirilənədək və ya mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək gömrük nəzarəti altında olurlar. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 122.1-ci maddəsinə əsasən mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir. Azərbaycan Respublikası İXM-nin 491.3-cü maddəsinə səsən Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. İşin araşdırılan hallarından görünür ki, Şəxs MMC-nin əməkdaşları gömrük nəzarəti altında olan yükü gömrük orqanına xəbər etmədən nəqliyyat vasitəsindən boşaltmışlar. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona həmin maddə ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC-yə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri, Təzə Kotec, ev 166, mənzil 0 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400.00 (dörd yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar