Məhkəmə qərarları › İş №3(060)-2475/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2475/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2475/2023 30.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1982-cı ildə, Ermənistanda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:40 radələrində idarə etdiyi Kia Forte minik markalı, **-FO-*** dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri Sülh küçəsində hərəkətdə olarkən qayda pozuntusu törədiyi üçün saxlanılmış, yoxlama zamanı alkoqol şərxoşluğu vəziyyətində olduğu aşkarlanmışdır. Sumqayıt ŞPİ X6 Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X4 məhkəmə verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 14:40 radələrində Sumqayıt şəhəri Sülh küçəsi ərazisində xidmətdə olarkən Kia Forte minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün qayda pozuntusu törətdiyini görmüş və həmin avtomobilə saxla əmri vermişdir. Sürücüyə yaxınlaşıb özünü təqdim etdikdən sonra sonuncunun sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi barədə əsaslı şübhəsi olduğu üçün ona alkotesterdən keçməyi təklif etmiş, sürücü isə buna heç bir etiraz etməmiş, Alkotesterin nəticəsi 0.587 % promil olduğundan barəsində protokol tərtib edilmişdir. Alkotester dövlət standartlarına uyğun olmuş, belə ki hər üç aydan bir həmin cihhaz müvafiq sertifikasiyadan keçirilir. Sürücüdən alkotesterin nəticəsi barədə fikrini soruşduqda, sonuncu dünənki tarixdə həqiqətən də spirtli içki qəbul etdiyini bildirmişdir. Ona alkotesterin nəticəsi ilə razı olmadığı təqdirdə həkim müayinəsinə aparılması ilə bağlı hüquqları izah edilmiş, sürücü ehtiyac olmadığını, spirtli içki qəbul etdiyini, baş vermiş hadisəni öz aralarında yoluna qoyulmasını xahiş etmişdir. Bundan sonra Şəxs barəsində protokol tərtib edilərək Kia Forte minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa təmin edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 14:40 radələrində Kia Forte minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış, müayinə zamanı ona alkoqol sərxoşluğu vəziyyətində olması bildirilmişdir. Yol polis inspektoru ondan spirtli içki qəbul edib-etməməsini soruşduqda o, dünən günorta saatlarında həqiqətən spirtli içki qəbul etdiyini bildirmişdir. O, həqiqətən də bir gün əvvəl spirtli içki qəbul etmişdir. O, yoxlamadan keçən zaman alkotesterin nəticəsi ilə razı olmadığını bildirməmişdir. O, daha sonra yəni elə həmin gün xx.xx.2023-cü il tarixdə, saat 16:30 radələrində özü sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçmiş, onda alkoqol sərxoşluğu aşkar edilməmişdir. Bu barədə AR Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserdən müvafiq “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktını əldə etmişdir. Qeyd olunanların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan “Alcoviser-Jup” modelli xüsusi texniki vasitə olan alkotesterlə müayinənin nəticəsini özündə əks etdirən çıxarışdan görünür ki, sürücü xx.xx.2023-cü il tarixdə saat 14:46-da müayinə edilmiş, sürücüdə aşkar edilmiş alkoqolun miqdarı 0.587 % promil olmuşdur. “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Kia Forte minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa təhvil verilmişdir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında” 07090 nömrəli protokoldan görünür ki, “Kia Forte minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs alkotester vasitəsi ilə yoxlanıldığını qeyd etmişdir. İş materiallarında olan 21 sentyabr 2023-cü il tarixli Şəxs izahatından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində saxlanıldığını, alkotesterdən istifadə edilməklə aparılan müayinə zamanı yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğunu, bir gün əvvəl spirtli içki qəbul etdiyini, araşdırılmasını xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nuru oğlu tərəfindən təqdim edilən “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs Nuru oğlu 21 sentyabr 2023-cü il tarixdə saat 16:30 radələrində müayinə olunmuş, müayinə zamanı alkoqol sərxoşluğu vəziyətində olmadığı müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə Şəxs Nuru oğlunun özünü tərtib edilmiş protokol üzrə təqsirli bilməməsi ilə bağlı mövqeyinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən yayınmaq üçün belə ifadə verir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. Onun əməli protokolu tərtib etmiş şəxsin izahatı və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, Səmədov X3 göstərilən tələblərini pozaraq, avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında” 07090 nömrəli protokol, “Alcovısor” markalı xüsusi texniki vasitə ilə sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə qəbzlə, sonuncunu Sumqayıt ŞPİ DYPŞ-də vermiş olduğu xx.xx.2023-cü il tarixli izahatı, o cümlədən məhkəmə iclasında vermiş olduğu izahatları öz təsdiqini tapır. Odur ki, Şəxs Nuru oğlu nəqliyyat vasitəsini sərxoş idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Nuru oğlundan aşkar edilmiş alkoqolun miqdarı 0.587 % olduğundan o, AR İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Bundan başqa "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarının 2.7-ci bəndinə göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Lakin iş materiallarına əlavə edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında” 07090 nömrəli protokoldan görünür ki, sürücü Şəxs Nuru oğlu alkoqol vasitəsi ilə yoxlanıldığını həqiqətən də spirtli içki qəbul etdiyini bildirmişdir. Bundan başqa məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X1 alkotesterin nəticəsi ilə razı olmadığı təqdirdə həkim müayinəsinə aparılması ilə bağlı hüquqları izah edilmiş, bir gün əvvəl spirtli içki qəbul etdiyini, baş vermiş hadisəni öz aralarında yoluna qoyulmasını xahiş etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nuru oğlunun təqdim etdiyi, xx.xx.2023-cü il tarixli, 4916 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında akta tənqidi yanaşaraq, mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, iş materiallarında olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında” № 07090 saylı protokoldan görünür ki, Şəxs Nuru oğlu alkoqol vasitəsi ilə yoxlanıldığını bildirərək bir gün öncə spitli içki qəbul etdiyini bildirmişdir. Bundan başqa o, həmin protokolda alkotesterin nəticəsi ilə razı olmaması barədə hər hansı yazılı qeyd aparmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X2 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar