Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2477/2022 22.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Vüqar Sultanovun, Zərərçəkmiş şəxs- X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri,Stansiya Sumqayıt, fərdi ev massivində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs X2 Sumqayıt şəhəri, 12-ci mkr ərazisində aldadaraq qaz sayğacı quraşdıracağını vəd ədərək 370 manat pulunu mənimsəmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs– Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Vüqar Sultanov tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs X3 özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edərək onun əvəzinə qaz sayğacı quraşdıracağını vəd ədərək 370 manat pulunu alıb onu aldadaraq dələduzluq etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, 2022-ci ilin aprel ayında X4 ilə qaz sayğacı quraşdırmaq adı ilə görüşmüş, ondan bu iş üçün 370 manat pul almış, lakin quraşdırmamışdır. Etdiyi əməldən peşmandır, bir daha belə əməllərə yol verməcəyinə söz verir. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərəçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 göstərdi ki, o Sumqayıt şəhəri Qurd dərəsi adlanan ərazidə olan həyət evinə qaz sayğacı qoydurmaq istəyərkən Samir adlı şəxs özünü ona Sumqayıt qaz idarəsinin işçisi kimi tanıtmış və evə qaz sayğacı qoydura biləcəyini demişdir. O, Samirə inanmış və qaz sayğacı qoyması üçün Samirə evinin sənədlərini və qaz sayğacı qoyması üçün 370 manat pul vermişdir. Lakin Samir ondan pulu alıb başqa bir adamın evinin qaz sayğacını gətirib onun evinə qoymuşdur. Lakin hazırda Şəxs ona dəymiş zərəri ödəmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 ərizə ilə məhkəməyə müraciət edərək ona dəyən ziyanın ödənildiyini, Şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını, barəsində olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin Qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəməyə daxil olmuş zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, zərər ödənildiyi üçün o, Şəxs bağışlayır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə vurulmuş zərər ödənilmişdir, zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş edir. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2477/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2477/2022
22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver