Məhkəmə qərarları › İş №3(060)-2477/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2477/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2477/2025 30.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxslər X7 və Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, anbardar işləyən, Ağcabədi rayonu, Xocavənd ərazi dairəsi, ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN2326416 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Rəhimov X9 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(045)-1583/2021 nömrəli qərarı üzrə qalıq 4060 manat, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-4675/2022 nömrəli qərarı üzrə qalıq 20987 manat, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-3680/2022 nömrəli qərarı üzrə qalıq 4275 manat olmaqla, cəmi 29829 manat məbləğində borcu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 bildirmişdir ki, Rəhimov X9 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(045)-1583/2021 nömrəli icra sənədi üzrə qalıq 4060 manat, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-4675/2022 nömrəli icra sənədi üzrə qalıq 20987 manat, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-3680/2022 nömrəli icra sənədi üzrə qalıq 4275 manat olmaqla, cəmi 29829 manat məbləğində borcu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. xx.xx.2024-cü il tarixdə icra sənədləri bir icraatda birləşdirilmişdir. Şəxs icra idarəsinin çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan olunmuşdur. Borclunun barəsində icra sənədinin icra edilməməsi ilə bağlı Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Borclu alimentlə bağlı icra sənədi üzrə cəmi 507 manat ödəniş etmişdir. Hazırda tələbkarlarla borclu arasında razılaşma əldə edilməmişdir. Qeyd edilənlərə əsasən protokolu müdafiə etdiyini bildirmiş və məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, ona hər uşağa görə ayda 193 manat, üç uşaq üçün ayda cəmi 579 manat məbləğində aliment ödənilməlidir. Lakin, borclu Şəxs 2022-ci ildən bu günədək cəmi 507 manat məbləğində ödəniş etmişdir. Sonuncu dəfə 2-3 gün əvvəl uşaq xəstə olduğu üçün 30 manat pul kart vasitəsilə göndərmişdir. Hazırda onun ümumilikdə 20987 manat borcu vardır. Borclunun hər ay 200 manat məbləğində ödəniş edəcəyinə dair təklifinə münasibətdə bildirmişdir ki, borcun hissə-hissə ödənilməsi ilə razı deyil. Qeyd edilənlərə əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X14 izahatında bildirmişdir ki, borclu Şəxs ona 5575 manat borcdan 1300 manat ödəmişdir. Sonuncu dəfə mart ayında 200 manat ödəniş etmişdir. Hazırda 4275 manat məbləğində borcu vardır. O, borclunun hər ay 200 manat məbləğində ödəniş edəcəyinə dair təklifinə münasibətdə bildirmişdir ki, borcun hissə-hissə ödənilməsi ilə razı deyil və pulun tam məbləğdə qaytarılmasını tələb edir. Qeyd edilənlərə əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta üzrə özünü təqsirli bildiyini qeyd etmiş, izahatında bildirmişdir ki, o, protokolda göstərilən borc məbləğləri ilə razıdır. İcra sənədlərini səhhəti ilə əlaqədar olaraq işləyə bilmədiyi üçün icra etməmişdir. Müharibə ilə bağlı olaraq onda onkoloji xəstəlik yaranmışdır. Hazırda bir həftə olar ki, şirkətdə anbardar işləyir və növbəti aydan etibarən aylıq olaraq hər bir tələbkara borc məbləğlərindən hər ay 200 manat ödəyə biləcəkdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X10 bildirmişdir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs xəstəliyi var, eyni zamanda müharibə veteranıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən müdafiə etdiyi şəxsin barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN2326416 nömrəli protokoldan görünür ki, Rəhimov X9 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(045)-1583/2021 nömrəli qərarı üzrə qalıq 4060 manat, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-4675/2022 nömrəli qərarı üzrə qalıq 20987 manat, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-3680/2022 nömrəli qərarı üzrə qalıq 4275 manat olmaqla, cəmi 29829 manat borcu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-3680/2022 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 5500 (beş min beş yüz) manat məbləğində borc və ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı X11 qaytarılmalıdır. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarla Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-3680/2022 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmiş və cavabdeh xx.xx.2022-ci il tarixdə qərar və bildirişlə tanış olmuşdur. Şəxs xx.xx.2022-ci il, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunması haqqında xəbərdarlıqlar göndərilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixli 2(060)-3680/2022 nömrəli icra sənədi üzrə Şəxs barəsində axtarış elan edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-4675/2022 nömrəli icra sənədinə əsasən, xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh Şəxs xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər biri üçün 193 (yüz doxsan üç) manat olmaqla, ümumilikdə 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarla Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-4675/2022 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün müddətində vaxt verilmiş və cavabdeh xx.xx.2022-ci il tarixdə qərar və bildirişlə tanış olmuşdur. Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(045)-1583/2021 nömrəli icra sənədinə əsasən, cavabdeh Şəxs 4360 (dörd min üç yüz altmış) manat pul alınaraq iddiaçı X2 ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarla Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(045)-1583/2021 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Şəxs borclu qismində cəlb edilməsinə dair Goranboy Rayon Məhkəməsinin 2(045)-1583/2021-ci il tarixli, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(098)-155/2019 nömrəli, Sumqayıt Şəhər Məhkəməsinin, xx.xx.2022-ci il tarixli 2(060)-3680/2022 nömrəli, Sumqayıt Şəhər Məhkəməsinin, xx.xx.2022-ci il tarixli 2(060)- 4675/2022 nömrəli və Sumqayıt Şəhər Məhkəməsinin, xx.xx.2023-cü il tarixli 2(060)- 5231/2023 nömrəli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-2234/2022 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilərək, barəsində 500 (beş yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-1403/2024 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilərək, barəsində 500 (beş yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixli 2(060)-3680/2022 nömrəli icra sənədi üzrə Şəxs barəsində axtarış elan edilmişdir. Şəxs tərəfindən təqdim edilmiş 14980683 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışdan görünür ki, Şəxs posttravmatik stress pozğunluğu diaqnozu qoyulmuşdur. Tibbi kartadan çıxarışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə onkoloq tərəfindən yazılmış göstərişdə qeyd edilmişdir ki, Şəxs sol saidin yuxarı 1/3 hissəsinin, sağ tərəfdə 10-cu qabırğa proyeksiyasında olan, bel nahiyələrinin lipomaları izlənilir. Xəstəyə planlı şəkildə cərrahi əməliyyat məsləhət görülür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tərəfindən Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(045)-1583/2021 nömrəli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-3680/2022 nömrəli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-4675/2022 nömrəli icra sənədləri icra edilməmişdir. Barəsində icraat aparılan şəxs səhhətiylə əlaqədar olaraq işləyə bilmədiyi üçün icra sənədini icra edə bilmədiyini, bir həftə olar şirkətdə anbardar işlədiyini və növbəti aydan etibarən hər ay 200 manat məbləğində ödəniş edəcəyini bildirmişdir. İşin təsviri hissəsində göstərilən hallardan görünür ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs barəsində olan icra sənədlərini qanunla müəyyən edilmiş müddətdə icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu barəsində təsir tədbirləri görülməlidir. Belə ki, icra sənədinin icra olunmaması tələbkarların qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs Vətən müharibəsi iştirakçısı olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun barəsində xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixlərində cərimə növündə inzibati tənbeh tətbiq edilsə də icra sənədlərini icra etməməsini, tələbkarların əmlak mənafelərini və icra sənədlərinin icra olunmamasının tələbkarların qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 15:55-dən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X5 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 15:55-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X10 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar