Məhkəmə qərarları › İş №3(060)-2485/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2485/2022

07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2485/2022 07.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, İskəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında AP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə, saat 08:30 radələrində Koroğlu küçəsində təhlükəsizlik kəmərindən istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı alkoqol şərxoşluğu vəziyyətində olduğu aşkarlanmışdır. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 08:30 radələrində Koroğlu küçəsində etibarnamə əsasında idarə etdiyi **-PS-*** №-li, SAİPA SAİNA seriyalı minik avtomobillə hərəkətdə olarkən YPX inspektoru onu saxlamış, müayinə zamanı ona alkoqol sərxoşluğu vəziyyətində olması bildirilmişdir. O, buna təəcüb etmiş və polis əməkdaşlarına heç bir spirtli içki içmədiyini, ancaq gecə saatlarinda tərkibində cüzi alkoqol olan “Qo” içkisi içdiyini demişdir. Polis əməkdaşları isə ona alkotestrin nəticəsini göstərmişlər. Polis əməkdaşları ona kömək edəcəklərini vəd etdiklərinə görə o, həkim müayinəsindən imtina etmiş və alkotestrin nəticəsi ilə razı olduğunu bildirmişdir. Sonradan isə ona protokol tərtib etdiklərinə görə o, Bakı şəhərinə gedərək müayinədən keçmiş və ona ayıq olması barədə rəy vermişlər. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından görünür ki, Şəxs Qanunun göstərilən tələblərini pozaraq, avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi , 03616 №li sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında protokolla, alkotestrin nəticəsi və iş materiallarında olan digər sənədlərlə öz təsdiqini tapır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi 1/4889 №li, xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını mötəbər sübut kimi qəbul etməmişdir. Ona görə ki, işdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə, saat 08:26 radələrində saxlanmasına baxmayaraq, həmin rəy xx.xx.2022-ci il tarixdə, saat 12:24-də verilmişdir. Odur ki, Şəxs nəqliyyat vasitəsini sərxoş idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar