Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2492/2025 09.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Barəsində inzibati icraat qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1953-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, ünvan 1 ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Sumqayıt ŞPİ-nin 4-cü PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis leytenantı Səid Alırzayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli protokol və əlavə edilmiş inzibati xəta haqqında material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs yaşadığı ünvan 2 ünvanında müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış 16 kalibrili TOZ-B markalı 123594 nömrəli bir ədəd ov silahı və ona aid 11 ədəd patronlar aşkarlanıb götürülmüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 16 kalibrili TOZ-B modelli 123594 nömrəli bir ədəd ov silahı və 11 ədəd patronlar ona məxsus olmuşdur. Lakin, silahın sənədi yoxdur. Sənəd ala bilməməsinin səbibi odur ki, o, 2010-cu ildə özünə həmin silahla xəsarət yetirdiyi üçün ona silahla davranış qaydalarını bilmədiyi üçün sənəd verilməsindən imtina edilmişdir. O, təsərrüfatında əkinlə məşğuldur və silah vasitəsilə ora gələn heyvanların əkinə zərər verməsinin qarşısını alır. Ona görə də silaha sənəd almaq istədiyini, məhkəmədən silahın ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-yə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs yaşadığı ünvan 2 ünvanında müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış 16 kalibrili TOZ-B modelli 123594 nömrəli bir ədəd ov silahı və ona aid 11 ədəd patronlar aşkarlanıb götürülmüşdür. Təqdim etmə və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yaşayan Şəxs yaşadığı ünvanda saxladığı 01 ədəd silah və 11 ədəd patron götürülmüş və qablaşdırılmışdır. Protokol hal şahidləri və barəsində inzibati icraat aparılan şəxs tərəfindən imzalanmış və fotoşəkillər protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli 25/1415 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 123594 №-li silah, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində Tula silah zavodunda 1955-ci ildə istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 11 ədəd patronları gilizləri zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş, daxilində olan komponentlər kustar üsulla sonradan doldurulmuş 16x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatıdırlar, istifadəyə və atəşə yararlıdırlar. Təqdim edilmiş 11 ədəd 16 kalibrli patronlardan 02 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silahı saxladığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 590.2-ci madəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görəsilah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş silah və döyüş sursatı müsadirə edilməklə inzibati cərimənin aşağı həddində tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ondan götürülmüş - 16 kalibrili TOZ-B modelli 123594 nömrəli bir ədəd ov silahı və ekspertiza tədqiqatından geri qaytarılan 09 (doqquz) ədəd patron müsadirə edilməklə, 80 (səksən) manat inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ondan götürülmüş inzibati xətanın törədilməsində alət olan 16 kalibrili TOZ-B modelli 123594 nömrəli bir ədəd ov silahı və 09 (doqquz) ədəd patron müsadirə edilməklə 80 (səksən) manat inzibati cərimə edilsin. İnzibati xətanın törədilməsində alət olan 16 kalibrili TOZ-B modelli 123594 nömrəli bir ədəd ov silahı və 09 (doqquz) ədəd patron Azərbaycan Respublikası DİN-nin müvafiq İdarəsinə təhvil verilsin. Qərarın icrası müvafiq olaraq Sumqayıt Şəhər Polis İdarəsinə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2492/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2492/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver