Məhkəmə qərarları › İş №3(060)-2494/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2494/2022

04.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2494/2022 04.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə xx.xx.1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri DYPŞ inspektoru polis baş serjantı X1 tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati xəta haqqında AP seriyalı ******* №li protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs idarə etdiyi “BMW 528” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə saat 22:10-da Sahil küçəsində “Yeni Bulvar” ərazisində YPX-nın əməkdaşları tərəfindən saxlanarkən nəqliyyat vasitəsinin sayrışan işıq siqnalları ilə təchiz olunduğu müəyyən edilmişdir.. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhəri Polis İdarəsi DYPŞ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən inzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və həmin material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi DYPŞ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə məhkəmə iclasına gəlmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “Yol hərəkəti haqqında” Qanunun 74-cü maddəsinin Vİ bəndinə əsasən Xüsusi səs və işıq siqnalları quraşdırılmış nəqliyyat vasitələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xüsusi qeydiyyatdan keçməlidirlər. Belə səs və işıq siqnallarının quraşdırılmasına bu Qanunda nəzərdə tutulmuş hallarda icazə verilir. Həmin qanunun 74-cü maddəsinin Vİİ bəndinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan, xüsusi çoxavazlı səs və sayrışan işıq siqnalları ilə və ya sürəti ölçməyə maneçilik törədən, yaxud ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrlə və yaxud operativ xidmətlərin nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri ilə təchiz olunmuş nəqliyyat vasitələrinin sahibləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Lakin Şəxs Qanunun bu tələblərini pozaraq, xx.xx.2022-ci il tarixdə saat 22:10-da idarə etdiyi **-PT-*** dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobili xüsusi icazə olmadan sayrışan işıq siqnalları ilə təchiz etmişdir. İnzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlər ilə öz təsdiqini tapır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş sayrışan işıq siqnalları müsadirə edilməklə, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar