Məhkəmə qərarları › İş №3(060)-2495/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2495/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2495/2023 16.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsinin inspektoru, polis kapitanı X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1995-ci ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 01 azyaşlı övladı olan, İİİ qrup əlil, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı, ******* №-li, xx.xx.2023-cü il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Sülh küçəsində sürücü Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi etdiyi KHAZAR LX MİNİK markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman X2 məxsus “HYUNDAİ SANTAFE” markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomaşını arxadan vuraraq maddi zərər vurmuşdur.Bu hərəkətləri ilə onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmədə iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin inspektoru X3 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Sülh küçəsində sürücü Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi etdiyi KHAZAR LX MİNİK markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman X2 məxsus “HYUNDAİ SANTAFE” markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomaşını arxadan vuraraq maddi zərər vurmuşdur. Bundan öncə eyni hadisə ilə əlaqədar Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-1916/2023 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-435/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə hadisə nəticəsində maddi zərərin vurulub-vurulmaması və vurulmuşdursada zərərin məbləği barədə iş materiallarında heç bir mötəbər sübut olmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-1916/2023 nömrəli qərarı ləğv edilmiş, qəbul edilmiş qərar inzibati xəta haqqında işə yenidən baxılması və araşdırılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilmişdir. Bundan sonra Paşa Sığortadan “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi dair” hesabat alınmış, nəticədə “HYUNDAİ SANTAFE” markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomaşını 1300 manat məbləğində maddi ziyan vurulduğu qeyd olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs baş vermiş hadisədə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Sülh küçəsində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi etdiyi özünə məxsus KHAZAR LX MİNİK markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman X2 məxsus “HYUNDAİ SANTAFE” markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomaşını arxadan vuraraq maddi zərər vurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. O, Vətən müharibəsi iştirakçısıdır, törətdiyi əməldən peşmandır, İİİ qrup əlildir. Qeyd olunanlara əsasən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ qrup müharibə əlilidir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin DYPŞ-nin YNH inspektoru, polis kapitanı X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəxs barəsində BDYPİ-nin Məlumat sistemində yoxlama aparılmış və məlum olmuşdur ki, həqiqətən Şəxs sürücülük vəsiqəsi olmamışdır. İş materiallarından, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X1 izahatlarından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində bədən xəsarəti alan olmamışdır. xx.xx.2023-cü il tarixli "xxxx" ASC tərəfindən verilmiş “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi dair” hesabatdan görünür ki, HYUNDAİ SANTAFE” markalı, ** FL *** dövlət qeydiyyat nişanlı avtomaşına 1300 manat maddi ziyan dəymişdir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin səmimi etirafını iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin İ hissəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Həmin maddənin İİ hissəsinin 2-ci bəndinə əsasən “A”, “B”, “C” kateqoriyalarına, “B1” və “C1” altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ -18 yaşdan yaranır. Həmin qanunun 34-cü maddəsinin 1-ci hissəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Həmin qanunun 34-cü maddəsinin 2-ci hissəsinə əsasən mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır: motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvaylarıvə trolleybusları idarə etmək üçün; traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün. Həmin Qanunun 34-cü maddəsinin İV hissəsinin 3-cü bəndinə əsasən bu Qanunun 34-cü maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları və altkateqoriyaları göstərilir: “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün: “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri; qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutlmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsinin inspektoru, polis kapitanı Əhməd İsmayılovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, İXM-nin 32.2-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılı onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məsuliyyətini ağırlaşdiran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, xüsusən Şəxs əməlindən peşman olmasını, davranışını, müharibə iştirakçısı olmasını, torpaqların müdafiəsi uğrunda davam edən 44 günlük müharibədə erməni hərbiçiləri tərəfindən törədilmiş təxribatların qarşısının alınmasında iştirak etməsini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən digər halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar