Məhkəmə qərarları › İş №3(060)-2498/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2498/2022

23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2498/2022 23.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla oğlunun katibliyilə, Protokolu tərtib etmiş şəxs Qubadlı Rayon Polis Şöbəsinin DYBP-nin YPX inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qubadlı Rayon Polis Şöbəsinin DYBP-nin YPX inspektoru X3 tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında AP ******* №li protokol tərtib olunmuşdur, ona görə ki, sürücü Şəxs Sumqayıt şəhəri, Sülh küçəsində manevr qaydasını pozaraq nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərləri yolun səthi ilə sürtünmə səsləri çıxarmışdır. Qubadlı Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 23 sentyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Qubadlı Rayon Polis Şöbəsinin DYBP-nin YPX inspektoru X3 izahat verərək bildirdi ki, Sumqayıt şəhəri, Sülh küçəsində manevr qaydasını pozaraq nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərləri yolun səthi ilə sürtünmə səsləri çıxarmışdır. Yalnız bir dəfə maşının ziqzaqvari hərəkət edərək təkər səsləri çıxardığını, şəxsi saxlayarkən Şəxs motora görə elə səs çıxdığını bildirmişdir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat təxmini 15:00-16:00 radələrində özünə məxsus olan “Kia Optima” markalı avtomobillə Göyərçin parkı önündə işıqforun yaşıl işığında yol ayrıcına daxil olub öndən gələn nəqliyyat vasitələrinə yol verərək sola dönmə manevri etmişdir, gözlədiyi müddətdə qırmızı işığa düşdüyü üçün və yolun hərəkət hissəsini tez boşaltmaq üçün avtomobilə qaz verərək hərəkətə başlamış, nəticədə yeni maşın olduğu üçün təkərlər yolun səthinə sürtülərək səs çıxarmışdır. Onun nə avtoxuliqanlıq nə də başqa məqsədi olmamışdır. Həmin zaman onu saxlayan DYP əməkdaşları ona avtoxuliqan olduğunu bildirərək maşını heç bir sənəd və protokol tərtib etmədən duracağa göndərmişlər. Qeyd olunanların nəzərə alınmaqla inzibati icraata xitam veriləsini xahiş etdi. Müdafiəçi Vəkil Şəxs barəsində aparılan inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid bildirdi ki, həmin gün uşağı ilə şəhərə gəzməyə çıxmışdır. Göyərçin heykəlinin yanında uşağı onun yanına qaçaraq göy rəngli maşının möhkəm səs çıxardığı üçün qorxduğunu demişdir. Həmin maşının arxası ilə polis maşını da getmişdir. Sonra o, polis əməkdaşını saxlayaraq irad bildirmiş və həmin şəxsi saxlamalarını xahiş etmişdir. Hadisənin təxminən 2-3 gün əvvəl baş vermiş, o, yalnız səs eşitmiş, yolda izlərin qalmasını görməmiş, səs təxminən 5-10 saniyə davam etmişdir. Onunla yol arasındakı məsafənin 7-8 metr olduğunu, polis əməkdaşına şikayət etməsinin məqsədi kimi uşağın qorxmasının olduğunu bildirmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib etmiş şəxsi və şahidi dinləyib, iş materialına əlavə olunmuş DVD diskə baxaraq, inzibati materiallara əlavə olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 511.1.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətləri birmənalı olaraq avtoxuliqanlıq kimi qiymətləndirilməməlidir. Belə ki, işıqforda dayanan sürücü tərəfindən avtomobili qəflətən sürətləndirməsi nəticəsində təkərlərdən səs çıxması həmin sürücünün avtoxuliqanlıq etməsinə dəlalət etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən həmin maddə ilə inzibati məsuliyyətin yaranması üçün nəqliyyat vasitəsinin sürücüsü tərəfindən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması, yolun səthində çoxsaylı təkər izlərinin buraxılması və bu hərəkətlərin qərəzli olması müəyyən edilməlidir. Maddənin dispozisiyasının tələbindən göründüyü kimi, bu inzibati məsuliyyətin tərkibinin yaranması üçün yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulmalıdır. İşin hallarına görə Şəxs tərəfindən qeyd olunan qərəzli hərəkətlərə yol verildiyi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Qubadlı Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. İnzibati işin materiallarına əlavə edilmiş 01 ədəd disk iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar