Məhkəmə qərarları › İş №3(060)-2500/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2500/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2500/2024 08.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Saray qəsəbəsi, Qətran Təbrizi küçəsi 27 ünvanında yaşayan (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-217 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbi icra etməkdən üzrsüz səbəbdən icra etmir və icra məmurunun çağırışlarından yayınır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-217 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixindən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay Şəxs qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq X5 verilməlidir. İş üzə 24 yanvar 2020-ci ildə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. Hal-hazırda borclunun 11582 manat borcu var. Borclu çağırışlara gəlmədiyi barəsində axtarış elan olunmuşdur. Borclu 2021-ci ilin avqustuna qədər ödəniş olmuş, sonradan ödəniş etməmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, onun ödəniş edə bilməməsinin səbəbi maddi vəziyyəti ilə bağlıdır. Hazırda bağ evləri var, həmin evi tələbkara təklif edirlər ki, aliment tələbndən imtian etsin. Həmin iş mediasiya mərhələsindədir. Həmçinin bildirmişdir ki, əvvəllər hərbiçi pilot olmuş, “Vətən müharibəsi”ndə iştirak etmişdir və müharibə veteranıdır. İşlədiyi müddətdə aliment ödənişində problem olmamışdır. İşdən çıxdıqdan sonra heç bir gəliri olmadığı üçün ödəniş edə bilməmişdir. Göstərilən halları, həmçinin “Vətən müharibəsi” iştirakçısı olmasını nəzərə almağı xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 bildirmişdir ki, borclu aliment borcu üzrə ödəniş etmir. O, hal-hazırda kirayədə qalır. Buna görə də maddi cəhətdən çətinlik çəkir. Borcun tam ödənilməsini tələb edir. Borclunun təklif etdiyi əmlakın isə onun adına rəsmişlədirilməsi hələ dəqiq deyil. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhər 1saylı Vəkil Bürosunun vəkili X9 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin “Vətən müharibəsi” iştirakçısı olmasını nəzərə alaraq iş üzrə barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-217 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2019-cu il tarixindən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay Şəxs qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq X5 verilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-217 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-217 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icrası Şəxs tələb edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan CMS elektron çıxarışdan görünür ki, Şəxs “Vətən müharibəsi” iştirakçısı olmaqla 80 manat təqaüd alır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-217 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019cu il tarixindən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay Şəxs qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq X5 verilməlidir. İş üzə 24 yanvar 2020-ci ildə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könbüllü icrası haqqında bildiriş rəsmi qaydada borcluya təqdim edilmişdir. Lakin, borclu icra sənədi üzrə tələbi yerinə yetirməmiş və onun 11582 manat borcu yaranmışdır. Tələbkar isə şikayət edərək ödəniş təmin edilməsini tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, icra sənədini icra etməməsi və icra idarəsində gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs “Vətən müharibəsi” iştirakçısı olması onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X9 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar