Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2503/2023 19.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil, İcra sənədi üzrə tələbkar X1 Sumqayıt Şəhər İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarınını müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X3 iştirakları ilə, xx.xx.1978-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(060)-246/2023 saylı icra sənədi ilə müəyyən edilmiş öhdəliklərlə bağlı borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Tural İsayev məhkəmə iclasında vermiş olduğu izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 16(060)-246/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən iş üzrə yekun qərarın qəbul eilməsinədək X2 hər həftənin şənbə günü 12:00-dan 18:00-dək xx.xx.2014-cü il təvəllüdlü Rüqəyyə Cavadova və xx.xx.2016-cı il təvəllüdlü Rübab Cavadova ilə ünsiyyətdə olmaq vaxtı müəyyən edilmiş, lakin Şəxs tərəfindən üzrsüz səbəbdən məhkəmə qərarı qanunla müəyyən edilmiş vaxtda icra edilməmişdir. Belə ki, borclu tərəfindən uşaqlar öyrədilmişdir. Bundan başqa borclu uşaqların ataları ilə görüşməsinə heç bir təşəbbüs göstərmir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə verilmişdir. Qanunamüvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, müvafiq icra vərəqəsinə əsasən iş üzrə yekun qərarın qəbul edilməsinədək Zərərçəkmiş şəxs hər həftənin şənbə günü 12:00-dan 18:00-dək övladları Rüqəyyə Cavadova və Rübab Cavadova ilə ünsiyyətdə olmaq vaxtı müəyyən edilmişdir. O tələbkar ilə 25 il evli olmuş, lakin artıq 2 ildir boşanmışlar. Ümumilikdə beş övladları var, onlardan biri yetkinlik yaşına çatmış və ailə həyatı qurmuş, digər iki övladı ataları ilə yaşayırlar. Birgə nikahlarından olan Rüqəyyə və Rübab Cavadova bacıları isə onun himayəsindədirlər. Bildirir ki, övladlarının atası alimenti vaxtlı-vaxtında ödəyir, təsadüfi hallarda bir neçə gün gecikmə olur. O, heç vax qızlarını atalarına qarşı öyrətməmiş, əgər qızları ataları ilə görüşmək, onunla vaxt keçirmək istərlərsə heç vaxt buna qarşı çıxmamışdır. Bildirir ki, uşaqları məktəblidir, həftəsonu evdə olsalar belə ataları ilə görüşümək istəmirlər. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, müvafiq icra vərəqəsinə əsasən iş üzrə yekun qərarın qəbul edilməsinədək onun ərizəsi əsasında hər həftənin şənbə günü 12:00-dan 18:00-dək azyaşlı qızları Rüqəyyə və Rübab Cavadova ilə ünsiyyətdə olmaq vaxtı müəyyən edilmişdir. Bildirir ki, o uşaqlarını istəyir, lakin anaları onunla görüşməyə imkan vermir, uşaqlara təsir edərək ondan uzaqlaşdırmağa çalışır. Bu müddət ərzində uşaqları ilə yalnız bir dəfə icra idarəsində görmüşdür. Borcludan şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını və borclu barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarınını müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X6 çıxışı zamanı bildirdi ki, ümumilikdə ailədə valideynlər arasında mütəmade olaraq baş vermiş münaqişələr uşaqlara psixologiyasına mənfi təsir etmişdir. Aynur Eyvazova azyaşlı qızların valideynlərinin iştirakı olmadan məhkəmə iclasında dindirildikdən sonra eyni zamanda aşağıdakı nəticəyə gəldiyini öz çıxışında bildirmişdir. Belə ki, azyaşlılar Rüqəyya və Rübab anaları tərəfindən atalarına qarşı öyrədilməmiş, yalnız və yalnız ailədə ata və ana arasında davamlı olaraq baş vermiş söz-söhbət və münaqişələr ümumilikdə uşaqlara pis təsir etdiyindən qızlarda atalarına qarşı mənfi emosiyalar yaratmışdır. Məhkəmə iclasında məsləhətçi-psixoloqun iştirakı ilə şahid qismində dindirilmiş tərəflərin birgə nikahından olan X4 bildirdi ki, bir yerdə yaşadıqları zaman atası anasının üstünə dəqiq xatılamadığı maddə tökmüş bu səbəbdən evə polislər gəlmişdir. Ona hətta atası ilə görüşmək üçün üçün anası tərəfindən təkid edilsə belə atası ilə görüşmək istəmədiyini bildirmişdir. Bundan başqa bildirir ki, anaları onları atalarına qaşı heç bir vaxt öyrətməmişdir. Məhkəmə iclasında məsləhətçi-psixoloq Rüqəyya Cavadova dindirilərkən onun hadisələrə adekvat yanaşdığı, hər hansı məsələni uydurmadığı, atasına qarşı münasibəti yalnız şəxsi qiymətləndirməsinin nəticəsi olduğunu bildirdi. Məhkəmə iclasında məsləhətçi-psixoloqun iştirakı ilə şahid qismində dindirilmiş tərəflərin birgə nikahından olan X7 bildirdi ki, o bir dəfə atasından ona konfet almasını istəsə də atası ona konfeti anasının almasını söyləmişdir. Digər qardaş və bacıları onu, o da həmçinin onları görmək istəmir. Ona hətta atası ilə görüşmək üçün üçün anası tərəfindən təkid edilsə belə atası ilə görüşmək istəmədiyini bildirmişdir. Bundan başqa bildirir ki, anaları onları atalarına qaşı heç bir vaxt öyrətməmişdir. Məhkəmə iclasında məsləhətçi-psixoloq Rüqəyya Cavadova dindirilərkən onun hadisələrə adekvat yanaşdığı, hər hansı məsələni uydurmadığı, atasına qarşı münasibəti yalnız şəxsi qiymətləndirməsinin nəticəsi olduğunu bildirdi. İş materiallarında olan bildirişlərdən görünür ki, Şəxs icra sənədi ilə müəyyən edilmiş öhdəliklərin icra edilməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona xx.xx.2023-cü il tarixdə şəxsən təqdim edilmişdir. İş materiallarında olan 1 saylı Ailə Sağlamlıq Mərkəzsinin Psixi Sağlamlıq Bölməsinin psixoloqu tərəfindən tərtib edilmiş məktubdan qeyd olunmuşdur ki, uşaqlara aparılan fərdi söhbətdən sonra uşaqların ataya qarşı öyrədildikləri, onların ata və digər bacı, qardaşlarına qarşı sevgilərinin olması, sadəcə analarının tərəfini tutmaları ilə onu müdafiə etdikləri qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış şəxslər pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə sorğu-sual edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın və şahidlərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən Sumqayıt şəhər Məhkəməsinin 16(060)-246/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsini icra edilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibinin əlamətləri yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün icra məmurunun qanuni tələblərini şəxs tərəfindən üzrsüz səbəbdən icra etməməsi faktının müəyyən olunması zəruridir. İş materiallarından və məhkəmə istintaqı zamanı valideynlərinin məhkəmə iclas zalından çıxarılmaqla, onların iştirakı olmadan, məsləhətçi-psixoloqun iştirakı ilə dindirilmiş hər bir uşağın ifadələrindən görünür ki, onlar ataları ilə görüşmək və ünsiyyətdə olmaq istəmirlər. İş materiallarında olan 1 saylı Ailə Sağlamlıq Mərkəzsinin Psixi Sağlamlıq Bölməsinin psixoloqu tərəfindən tərtib edilmiş məktubda uşaqların ataya qarşı öyrədildikləri qeyd olunsa da, məhkəmə iclasında bu fakt təkzib olunmuşdur. Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır, valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Belə olan halda məhkəmə uşaqların fikrini və onların mənafeyini üstün tutaraq hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 16(060)-246/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsini hazırkı vəziyətdə icra edilməsi qeyri-mümkündür. İcra vərəqəsinin icra edilməməsi borclunun qərəzli və ya üzrsüz hərəkətlərindən deyil, məhz uşaqların şəxsi istək və fikrinə görə mümkün olmamışdır. Borclu tərəfindən icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi ilə bağlı hər hansı üzrsüz hal nümayiş etdirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. AR İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. AR İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 05 (beş) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma Şəxs görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2503/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2503/2023
19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver