Məhkəmə qərarları › İş №3(060)-2514/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2514/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2514/2024 17.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs Məmmədov Azər Şəmsəddin oğlunun iştirakı ilə, Məmmədov Azər Şəmsəddin oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə Sumqayıt ŞPİ X3 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Məmmədov Azər Şəmsəddin oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Sumqayıt ŞPİ X3 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli TP ******* saylı Qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Opel Astra minik markalı və 99EK415 nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etdiyi zaman polis əməşdaşları tərəfindən saxlanılmışdır və onun sürücülük vəsiqəsinin qüvvədə olma müddəti bitdiyi üçün maşın cərimə meydançasına aparılmışdır. Elə həmin gün sürücülük vəsiqəsini yeniləyərək, yenisini təqdim etmişdir, maşınını götürmək istədiyini bildirmişdir. Lakin buna baxmayaraq onun barəsində sözügedən inzibati xəta barədə qərar tərtib edilmişdir. Qeyd edir ki, protokolda qeyd edilmiş AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş qaydalardan heç birini pozmamışdır. O, barəsində inzibati tənbeh tətbiq edilməsinə etirazını bildirsə də, həmçinin sözügedən qərarın nə üçün tərtib edildiyini soruşsa da, ona heç bir məlumat verilməmişdir. Hesab edir ki, barəsində tərtib olunmuş inzibati tənbeh haqqında qərar qanunsuz olduğundan ləğv olunmalıdır. Onun barəsində xx.xx.2024-ci il tarixində tərtib edilmiş TP serialı ******* nömrəli inzibati protokol əsasında verilmiş qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Məmmədov Azər Şəmsəddin oğlu izahatında bildirdi ki, onu yol hərəkət qaydasını pozmasına görə saxlamış, sənədlərini yoxlayarkən müəyyən edilmişdir ki, sürücülük vəsiqəsinin müddəti bitmişdir. Buna görə də avtomobili cərimə meydançasına aparmışlar. Bundan sonra o, dərhal sürücülük vəsiqəsini dəyişmiş və daha sonra polisə müraciət edərək ona cərimənin yazılmasını bildirmişdir. Avtomobili yolun sağ tərəfində saxlamalı idi, lakin o, sol tərəfində saxlamışdır. O, həmin vaxt sürücülük vəsiqəsinin vaxtının bitməsini bilməmişdir, bir gün ərzində həll etmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarıdan görünür ki, Məmmədov Azər Şəmsəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən “Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən “Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanununun 36-ci maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Məmmədov Azər Şəmsəddin oğlu tərəfindən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan yol hərəkət qaydası pozulmuş, eyni zamanda həmin vaxt onun sürücülük hüququ olmadığından barəsində İXM-nin 327.1 və 332.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək sanksiyası daha ağır hesab edilən İXM-nin 332.2-ci maddəsi ilə barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qeyd olunan hal öz ifadəsi ilə də təsdiq edilmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ X3 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Məmmədov Azər Şəmsəddin oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Məmmədov Azər Şəmsəddin oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt ŞPİ X3 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Məmmədov Azər Şəmsəddin oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt ŞPİ X3 Şöbəsi tərəfindən Məmmədov Azər Şəmsəddin oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar