Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2515/2023 04.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Bakı Şəhər BPİ DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Bakı Şəhər BPİ DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X2 şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə “Kamaz 5511 Yük” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman Bakı Şəhəri İpək yolu adlanan ərazidə yol patrul xidməti əməkdaşı tərəfindən yol nişanının tələbinə riayət etmədiyinə görə saxlanılmış, yoxlama zamanı normativ tələblər pozulmaqla avadanlıq quraşdırmış, yolun hərəkət hissəsində olan işarələrin tələblərinə riayət etməyərək iriqabaritli ağırçəkili nəqliyyat vasitəsinə icazə verilən çəki və yüklə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında avtomobili idarə etdiyi aşkar edilmişdir. Yol Patrul Xidməti əməkdaşına avtomobildə artıq yük olmadığını bildirməsinə baxmayaraq İXM-nin 353.2-ci maddəsi ilə cərimə edilmişdir. Bundan sonra onun avtomobili yol patrul xidməti inspektorunun müşayiəti ilə Binəqədi rayon ərazisində yerləşən bu tip yük avtomobillərinin çəkilməsi üçün nəzərdə tutulmuş xüsusi tərəzinin yanına gətilmişdir. Avtomobil yüklə birlikdə tərəziyə çıxarılmış, bu zaman yüklə birlikdə çəkisinin 22140 kq olduğu müəyyən edilmişdir. Yuisf Əliyev bu halları şəxsən öz mobil telefonu vasitəsilə qeydə almışdır. Qeyd edir ki, İXM-nin 353.2-ci maddə ilə cərimə olunmağı tamamilə əsassız və qanunsuzdur. Belə ki, onun etibarnamə əsasında idarə etdiyi, atası Vadim Əliyevə məxsus Kamaz 5511 markalı, yük avtomobili əslində 3 oxlu avtomobildir. Məhz Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 3 oxlu yük avtomobilləri üçün maksimum icazə verilən kütlə 25 ton müəyyən edilmişdir. Avtomobilinə məxsus qeydiyyat şəhadətnaməsində icazə verilən maksimal kütlənin 19150 kq olması ilə bağlı qeydlə razılaşmır. Hesab edir ki, AR İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli deyil. AR İXM-nin 53.1.2-ci maddəsinin tələblərinə əsasən əməlində inzibati xəta tərkibi olmaması əsası ilə barəsində olan inzibati xəta haqqında işə xitam verilməlidir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Avtomobilinin 3 oxlu olması barədə hər hansı sübut təqdim edə bilməsə də, tərəzidə həqiqətən də DYPİ əməkdaşlarının çəkildiyini göstərən görüntüləri məhkəməyə təqdim etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Bakı Şəhər X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bakı Şəhər BPİ DYPİ-nin nümayəndəsi Nümayəndə elektron qaydada məhkəməyə etiraz göndərərək qeyd etmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X2 08 sentyabr 2023- cü il tarixində saat 15:19 radələrində idarə etdiyi KAMAZ 5511 YÜK markalı **-CS- *** dövlət qeydiyyat nişanlı avtomobillə ilə ünvan 1 ünvanında hərəkətdə olarkən Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti YPX inspektoru tərəfindən qayda pozuntusuna görə saxlanılmış barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2, 327.1, 353.2-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri BPİ X4 İdarəsinin inzibati xətalar haqqında işlər üzrə icraat şöbəsinin inspektoru polis kapitanı Zaur Tağıyev tərəfindən işə baxılaraq məlum olmuşdur ki, sürücü X2 KAMAZ 5511 YÜK markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən normativ tələbləri pozmaqla avadanlıq quraşdırmış yolun hərəkət hissəsində olan işarələrin tələblərinə riayət etməyərək iriqabaritli ağırçəkili nəqliyyat vasitəsinə icazə verilən çəki və yüklə oxa düşən kütlə parametrləri aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyinə görə İXMnin 353.2-ci maddəsinə əsasən təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şikayətdə qeyd olunanlardan göründüyü kimi xx.xx.2023-cü il tarixdə X2 idarə etdiyi KAMAZ 5511 YÜK markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə ilə ünvan 1 ünvanında hərəkətdə olarkən YPX yol inspektoru tərəfindən yolun hərəkət hissəsində olan işarələrin tələblərinə riayət etmədiyinə görə saxlanılmış daha sonra isə digər qayda pozuntuları aşkar edilmişdir. Belə ki, şəhərə giriş üçün icazənin olmaması, nəqliyyat vasitəsinin normativ tələblərin pozulması, bortda dövlət nömrə nişanının olmaması yükün normadan artıq olması müəyyən edilmişdir. KAMAZ 5511 YÜK markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan yük çəkilərkən məlum olmuşdur ki, maksimum yük 19150 olmalı olduğu halda faktiki olaraq 22140 olmuşdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İci hissəsinin 3-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin V-ci hissəsinə əsasən istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. Maddənin tələbindən göründüyü kimi qanunverici bir vəzifə olaraq bunu mexaniki nəqliyyat vasitəsinin sürücüsünün üzərinə qoymuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə -fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Göründüyü kimi bu halların olması yol hərəkəti qayda pozuntusu hesab edilməklə inzibati xətanın törədilməsi kimi qəbul edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə 150 manat cərimə tətbiq edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, işin faktiki halları araşdırılarkən düzgün olaraq X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə də hesab edirəm ki, barəsində qərar çıxarılmış fiziki şəxs X1 şikayəti əsassız olduğundan təmin edilməməli və Bakı şəhəri BPİ DYPİnin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kamaz 5511 Yük” markalı nəqliyyat vasitəsinin maksimal kütləsi 19150 kq, yüksüz kütləsi isə 9050 kq-dır. İş materiallarına əlavə edilmiş, məhkəmə iclası zamanı tədqiq edilən bir ədəd diskə baxış zamanı Esit PW-T tipli tərəzidə “Kamaz 5511 Yük” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil yüklə birlikdə tərəziyə çıxarılmış, yüklə birlikdə çəkisinin 22140 kq olduğu məlum olmuşdur. İş materiallarına əlavə edilmiş “tərəzi qəbzindən” görünür ki, “Kamaz 5511 Yük” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan yükün miqdarı 22140 kq-dır. “Ölçmə vasitələrinin yoxlanılması haqqında” şəhadətnamədən görünür ki, Esit PW- T tipli avtomobil tərəzisi sonuncu dəfə xx.xx.2023-cü il tarixdə yoxlamadan keçmiş, növbəti yoxlama tarixi xx.xx.2024-cü il tarixidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə-fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə X1 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, X1 idarə etdiyi **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kamaz 5511 Yük” markalı avtomobilin icazə verilən maksimal kütləsi 19150 kq olduğu halda, 08 sentyabr 2023-cü il tarixdə həmin avtomobil yüklə birlikdə çəkilən zaman maksimal kütlədən 2990 kq artıq artıq, yəni 22140 kq olmuşdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ-ci hissəsinin 3-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin V-ci hissəsinə əsasən istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. NK-nin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən” qabarit və çəki parametrlərinin müddəalarına əsasən nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi üç oxlu avtomobil üçün 25 tondur. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 etibarnamə əsasında idarə etdiyi **-CS-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 5511 Yük” avtomobilinin üç oxlu olduğunu, bu səbəbdən adını dəqiq deyə bilmədiyi qərara əsasən onun yük avtomobili üçün icazə verilən maksimal kütlənin 25000 kq olduğunu bildirmişdir. Məhkəmə tərəfindən Yusif Əliyevin vəsatəti əsasında idarə etdiyi nəqliyyat vasitəsinin üç oxlu olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməsi üçün vaxt verilmiş, sonuncu Daxili İşlər Nazirliyinin BDYPİ müraciət etdiyini, lakin idarədən ona belə sənədin olmadığını, idarə etdiyi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilən qeydlərə əsasən barəsində protokol tərtib edildiyi ona bildirilmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.2-ci maddəsinə görə qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün həmin qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1-ci maddəsinə əsasən Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə görə Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Belə olan halda məhkəmə “Kamaz 5511 Yük” markalı nəqliyyat vasitəsinə məxsus qeydiyyat şəhadətnaməsini və yükün xüsusi tərəzidə çəkildiyini özündə əks etdirən video görüntünü və tərəzinin sertifikasiyadan keçdiyini təsdiq edən sənədi mötəbər sübut kimi qəbul edərək hesab edir ki, yekun qərar qəbul ediləkdən qeyd edilən sübutlar əsas götürülməlidir. Beləliklə məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Bu səbəbdən X1 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikasının İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə inzibati xətaya dair iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər BPİ-nin DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2515/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2515/2023
04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver