Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2520/2023 27.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, qərardan şikayət vermiş X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin nümayəndəsi X2, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs İ Tağım yol patrul xidmətinin inspektoru, polis baş serjantı X3 iştirakları ilə, İ Tağım yol patrul xidmətinin inspektoru, polis baş serjantı X3 inzibati tənbeh vermə haqqında 18 oktyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayətində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıtdan Bakı istiqamətində hərəkət edərkən “Ekologiya” postu adlanan yerdən keçdikdən sonra onu yol patrul ximdətinin əməkdaşı saxlamışdır. Saxlamanın səbəbini soruşduqda guya postda onun saxla əmrinə tabe olmadığını bildirmişdir. Yəni həmin əməkdaş postda xidmət apardığı halda saxla əmrinə tabe olmadığı üçün onun arxasınca gələrək onu saxladığını bildirmişdir. Bununla razılaşmasa da, ona cərimə yazacağını demiş və cərimə barədə qərarı tərtib edib ona vermişdir. Verilən qərarla əsla razılaşmır. Onun saxlanmağı üçün lazımi qaydada və ya ümumiyyətlə heç bir əmr verilməyib. Belə ki, həmin ərazidə yol geniş və eyni anda hərəkət edən avtomobillərin sayı çox olduğu üçün polis əməkdaşının saxla əmrinin ümumiyyətlə kimə aid olduğunu müəyyən etmək bəzən çətin olur. Bu səbəbdən polis əməkdaşları saxlamaq istədikləri sürücüyə saxla işarəsini lazımi qaydada, sürücünün aydın şəkildə görə biləcəyi və əmrin məhz ona aid olduğunu aşkar şəkildə başa düşəcəyi formada verməlidir. Ona bu formada saxla əmri verilməyib. Çünki əgər onun saxla əmrinə tabe olmamaq niyyəti olsaydı, ümumiyyətlə avtomobili saxlamazdı. Çünki, bu formada sürücün müşayiət etmək qanunla qadağandır. Bundan başqa qərarda İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokola istinad edilir. Lakin heç bir protokol tərtib edilməyib və ya ona təqdim edilməyib. Qısacası, tərəfindən heç bir pozuntu törədilməyib və ya hadisədə onun təqsirini sübuta yetirən heç bir dəlil yoxdur. X4 tərəfindən verilmiş şikayət 20 oktyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 131.1ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Şikayətə baxılması 02 avqust 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında X4 şikayətinə uyğun izahat verərək barəsindəki 18 oktyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs İ Tağım yol patrul xidmətinin inspektoru, polis baş serjantı X5 izahatında bildirdi ki, X4 nəzarət postundan keçərkən ona “saxla” işarəsi verilmiş lakin o, buna məhəl qoymayaraq hərəkətinə davam etmişdir. Onu saxlayarkən isə “hər gün məni burda saxlayırsız niyə saxlayım” deyə bildirmişdir. Bunu videogörüntülər də təsdiq edir. Qeyd edilənlərə əsasən X5 şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin nümayəndəsi X6 izahatında bildirdi ki, X4 polisin saxla əmrinə tabe olmadığını özü də etiraf etmişdir. Məhkəməyə təqdim olunmuş DVD diskdə qeydə alınmış görüntüdə də bu aydın şəkildə öz əksini tapır. Qeyd edilənlərə əsasən nümayəndə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, qərar qəbul etmiş şəxsin izahatını dinləyərək, məhkəməyə təqdim olunmuş DVD diskdə qeydə alınmış görüntüyə baxaraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X4 barəsində 18 oktyabr 2023-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən 18 oktyabr 2023-cü il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X4 barəsində İXM-nin 327.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100 manat məbləğində cərimə olunmuşdur. İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsaslardır. Məhkəməyə təqdim olunmuş DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, X4 nəzarət postunda polis əməkdaşının “saxla” işarəsinə əhəmiyyət verməyərək hərəkətinə davam etmişdir. Sonradan polis əməkdaşı tərəfindən saxlandıqda da, həmin işarəni gördüyünü, lakin avtomobili saxlamadığını etiraf etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsində göstərilmişdir ki, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı: 1) Qanunla ona verilmiş səlahiyyətlər daxilində öz vəzifələrini yerinə yetirir; 2) nəqliyyat vasitəsini idarə edən şəxslərdən aşağıdakı hallarda nəqliyyat vasitəsini dayandırmağı tələb edir: nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda; nəqliyyat vasitəsi axtarışda olduqda; nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda; bu Qanunun 37-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş hallarda bu nəqliyyat vasitəsindən istifadə etmək zərurəti yarandıqda. Həmin Qanunun “Qeyd” hissəsində göstərilir ki, nəqliyyat vasitəsi bu Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər. Nəqliyyat vasitəsinin dayandırılması fit və jezllə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə tələb edilməlidir. Nəqliyyat vasitəsinin dayandırılması tələbi sürücü tərəfindən yerinə yetirilmədikdə, pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi, hərəkət istiqaməti, dövlət qeydiyyat nişanı və digər mühüm əlamətləri göstərilməklə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşlarına radio-cihaz vasitəsilə məlumat verilir və bundan sonra yazılı formada müvafiq raport tərtib edilir. Nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında 18 oktyabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul olunmuş 18 oktyabr 2023-cü il tarixli, TP ******* saylı qərar qanunvericiliyin tələblərinə uyğundur və X1 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İ Tağım yol patrul xidmətinin inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul olunmuş 18 oktyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət təmin olunmasın. Mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-2520/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2520/2023
27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver