Məhkəmə qərarları › İş №3(060)-2529/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2529/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2529/2024 04.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin direktoru Nümayəndə iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 234.0.5 və 271-ci maddələrinə əsasən tərtib edilmiş MN ******* saylı, 04 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs QSC-nə məxsus Bakı-Quba yolunun 33-cü km-də fəaliyyət göstərən istehsalat sahəsində müxtəlif tərkibli tullantıların qalaqlanaraq yandırılması nəticəsində atmosfer havasının çirkləndirildiyinə görə Şəxs QSC barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 bildirdi ki, protokol xx.xx.2024-cü il tarixdə tərtib olunmuşdur. Protokolun tərtib olunmasına əsas xx.xx.2024-cü il tarixdə aparılmış inzibati araşdırma, o cümlədən 86435 nömrəli akt və akta əlavə olunmuş araşdırma materialları olmuşdur ki, həmin araşdırma materiallandan Şəxs QSC-nə məxsus istehsalat sahəsində müəssisə daxili ərazidə tullantıların qanunsuz olaraq qalaqlanması və yandırılması faktı aşkar olunmuşdur. Şəkillərdən də tullantıların yandırılması müşahidə olunur və qara tüstü atmosfer havasına atılır. İnzibati araşdırma zamanı iştirakını təmin etmək məqsədi ilə qanuni təmsilçi Nümayəndə xx.xx.2024-cü il tarixdə inzibati araşdırmada iştirakının təmin olunması üçün İdarə tərəfindən xx.xx.2024-cü il tarixli bildiriş məktubu ünvanlanmış, həmin məktubu xx.xx.2024-cü il tarixdə “rəhbərliyə çatdırılması” qeydi ilə mühafizəçi M.Rövşən adlı şəxs tərəfindən imza olunmaqla qəbul edilmişdir. Həmçinin ondan əvvəlki hissədə xx.xx.2024cü il tarixdə Nümayəndə bildiriş ünvanlanmış, həmin bildiriş mühafizəçi F.Məmmədov adlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Lakin hüquqi şəxsin nümayəndəsi inzibati araşdırmada iştirak etməmiş və nəticədə toplanmış material əsasında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin ərazidə ölçmə işləri aparılmamış, ərazidə qatı tüstü müşahidə olunmuşdur. Xidməti ərazidə fəaliyyət göstərən zaman əməkdaşlar tüstüyə görə yaxınlaşmışlar, müəssisədə tullantıların qalaqlanaraq yandırıldığını görmüşlər və aşkar inzibati xəta faktı olduğuna görə sənədləşdirilmişdir. Hər iki maddə üzrə mütəmadi olaraq işlədiklərinə görə leksikologiyada və Nazirlik daxilində də struktur bölmələrlə müzakirə olunmuş, yığılıb yandırılmaqla qalaqlayıb yandırmaq ifadəsi arasında heç bir əhəmiyyətli fərq yoxdur. Hesab edir ki, indiki halda İXM-nin 271-ci maddəsi hazırki inzibati xətanı tam əhatə etmir, belə ki, İXM-nin 271-ci maddəsində tullantıların qalaqlanması nəzərdə tutulmuş yer üzrə yandırılarsa əhatə edir. Qarşı tərəf araşdırmada iştirak etməmiş, bu tullantıların mütəmadi olaraq qalaqlandığı yerdə və ya ərazidən yığılmış tullantıları bir yerə toplayıb yandırıldığını müəyyən etmək olmamışdır. Bu səbəbdən hazırki iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsi İXM-nin 234.0.5-ci maddəsi məsuliyyətə cəlb etmək daha məqsədə müvafiqdir. Odur ki, Şəxs QSC-nin barəsində qanunamüvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin direktoru Nümayəndə bildirdi ki, Şəxs QSC barəsində inzibati xəta haqqında protokolun tərtib olunmasını məhkəmədən SMS gəldikdən sonra bilmişdir. Baş vermiş məsələ ilə bağlı müəssisədə də araşdırma aparılmışdır. Zavod beton məhsulları istehsal edir. Həmin beton məhsulları istehsal edilən zaman sənaye tullantıları əmələ gəlmir. Sənayə tullantılarının qalaqlanması və yandırılması protokolda qeyd olunmuşdur, lakin istehsalat nəticəsində heç bir sənaye tullantısı əmələ gəlmir. Müəssisə alman texnologiyası ilə işləyən müəssisədir, onlarda tullantı sıfıra bərabərdir. Atsep, qum, su və sement qarışdırılır daş piltələr və bardyorlar istehsal olunur. Yoldaşların qeyd etdiyi tüstü barədə bildirir ki, istehsalatda olan malları sifariş edən kağızlar toplanılır və dəmir qaba yığılır. Xammal gətirən sürücü siqaret çəkərək ora atmış və orada yanğın baş vermişdir. Orada yanan ancaq kağızlardır, qalaqlanan tullantılar deyildir. İlk dəfə olduğu üçün güzəşt olunmasını xahiş edir. Məhkəmə iclasında şahid Şəxs QSC-nin mühasibi X1 bildirdi ki, o, ofisdə olan zaman müfafizəçi zəng edərək qapıya gəlməyini bildirmiş, ora gedən zaman iki nəfər şəxsin olduğunu və direktorla görüşmək istədiklərini bildirmişlər. Direktora zəng etmiş, direktor ona müəssisədə olmadığını bildirmişdir. Qeyd edir ki, zavodun arxa hissəsində dəmirdən çən vardır, müəssisədə təmizlik zamanı yığılan kağız və digər kartonlar orada yandırılır. Həmin gün yanğının necə baş verdiyini və kim tərəfindən törədilməsi barədə məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, 10 sentyabr 2024-cü il tarixli 86435 nömrəli aktdan görünür ki, Şəxs QSC-nə məxsus Bakı-Quba yolunun 33-cü km-də fəaliyyət göstərən istehsalat sahəsində müxtəlif tərkibli tullantıların qalaqlanaraq yandırılması və kəskin qara tüstünün ətraf ərazilərə yayılması faktı müşahidə olunmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs QSC-nin qanuni təmsilçi Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Nümayəndə inzibati araşdırmanın başlanması ilə bağlı xx.xx.2024-cü il tarixdə saat 11:00-da 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməsi barədə məlumatlandırılmış, məktub F.Məmmədov (mühafizəçi) adlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs QSC-nin qanuni təmsilçi Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Nümayəndə inzibati araşdırmanın başlanması ilə bağlı xx.xx.2024-cü il tarixdə saat 11:00-da 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməsi barədə məlumatlandırılmış, məktub M.Rövşən (mühafizəçi) adlı şəxs tərəfindən rəhbərliyə çatdırmaq üçün qeyd edilərək imza edilməklə qəbul edilmişdir. Materiallara əlavə olunmuş foto şəkillərdən görünür ki, Şəxs QSC-nin ərazisində tullantılar qalaqlanaraq yandırılmış və nəticədə kəskin qara tüstü atmosfer havasına yayılması faktı müşahidə olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs QSC tərəfindən İXM-nin 234.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi şahid ifadəsi, iş materialları və əlavə edilmiş sənədlərıə sübuta yetirildiyindən həmin maddə üzrə təqsirli bilinib tənbeh edilməli, həmin məcəllənin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq edilmədiyindən, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 234.0.5-ci maddəsinə görə tullantıların toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə görə fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin direktoru xammal gətirən sürücü siqaret çəkərək ora atdığını və orada yanğın baş verdiyini, yanan ancaq kağızların olduğunu və qalaqlanan tullantılar olmadığını bildirsə də məhkəmə Nümayəndə bu mövqeyinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən yayınmaq, hüquqi şəxsin inzibati qaydada məsuliyyətə cəlb edilməməsi üçün bu məzmunda izahat vermişdir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. İnzibati xəta protokolu tərtib etmiş şəxsin və şahid qismində dindirilmiş Şəxs QSC-nin mühasibi Adil İsgəndərovun izahatları, fotoşəkillər və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında” AR Qanunun 41-ci maddəsinə görə müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. Qanunvericiliyin sadalanan normalarını, o cümlədən protokol tərtib etmiş orqanın nümayəndəsini və barəsində protokol tərtib edilmiş hüquqi şəxsin qanuni təmsilçisinin çıxışlarını dinləyərək məhkəmə hesab edir ki, Vibrostone” QSC özünə məxsus məxsus Bakı-Quba yolunun 33-cü km-də fəaliyyət göstərən istehsalat sahəsində müxtəlif tərkibli tullantıları toplayaraq yandırmış nəticədə atmosfer havası çirklənmişdir. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, bu hissədə inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 271-ci maddəsinə görə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan göründüyü kimi, İXM-nin 271-ci ilə inzibati xəta tərkibinin əlamətlərinin yaranması üçün fiziki, vəzifəli və ya hüquqi şəxs tərəfindən sənaye və məişət tullantılarının qalaqlanması qaydaları pozulmalı və ya göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməlidir. Məhkəmə iclasında 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Taleh Əzizov Şəxs QSC tərəfindən sənaye və məişət tullantılarının qalaqlanması qaydaları pozulduğu üçün hüquqi şəxs barəsində müvafiq protokol tərtib edildiyini bildirdi. Məhkəmə qeyd edir ki, 4 saylı RETSİ-nin nümayəndəsi Taleh Əzizov tərəfindən məhkəmə iclasında Şəxs QSC tərəfindən guya sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması barədə vermiş olduğu izahatı və müəssisənin ərazisində bir yerə qalaqlanmış tullantıların mövcudluğu faktı ilə bağlı yoxlayıcıların çəkdiyi və məhkəməyə sübut qismində təqdim olunan fotoşəkillərin olması özü-özlüyündə Şəxs MMC-nin İXM-nin 271-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün birbaşa əsas vermir. Belə ki, 4 saylı RETSİ tərəfindən təqdim edilmiş fotoşəkillərə baxdıqda da müəssisənin ərazisində tullantıların mütəmadi olaraq qalaqlandığı yerdə yoxsa ərazidən yığılmış tullantıları bir yerə toplayıb yandırıldığını müəyyən etmək olmur. Odur ki, məhkəmə Şəxs QSC tərəfindən İXM-nin 271-ci maddəsinə münasibətdə heç bir inzbati xətanın törədilməməsi qənaətinə gəlir və hesab edir ki, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin hərəkətlərində həmin maddə ilə inzibati xəta tərkibi olmadığı üçün başlanmış inzbati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs QSC-nin əməlində İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, həmin məcəllənin 234.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar