Məhkəmə qərarları › İş №3(060)-2539/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2539/2022

28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2539/2022 28.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhəri Polis İdarəsi 3-cü PB-nin sahə rəisi X2, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Saatlı rayonu, Qırağlı kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Sumqayıt şəhər Məhkəməsinə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətaya dair MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokol daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində “Dörd Qardaş” şadlıq sarayının yaxınlığında YPX-nin əməkdaşlarının işinə müdaxilə etmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 bildirdi ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində “Dörd Qardaş” şadlıq sarayının yaxınlığında YPX-nin əməkdaşlarının işinə müdaxilə etmişdir. Odur ki, qanunauyğun qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə verdiyi izahatında barəsində protokol tərtib olunmuş şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirdi ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində “Dörd Qardaş” şadlıq sarayının yaxınlığında onları YPX avtomobili saxlamış, sürücüyə yaxınlaşıb məruzə etdikdən sonra saxlama səbəbi kimi sürücünün yaxınvuran işıqlardan istifadə etmədiyini bildirərək sürücünü öz maşınlarına dəvət etmişlər. Sürücü təxminən 15- 20 dəqiqə yol patrul avtomobilində əyləşmiş və söhbət etmişlər. O, evə tələsdiyi üçün yol patrul avtomobilinə yaxınlaşaraq sürücünün əyləşdiyi tərəfdən qapını açaraq polis əməkdaşından imkan olduğu qədər onları tez yola salmasını xahiş etmişdir. Yol patrul əməkdaşı isə ona əsəbləşərək “qapını ört” demiş, bu zaman digər yol patrul əməkdaşı ondan içkili olub-olmadığını soruşmuşdur. O da “Qo” adlandırılan pivə içdiyini bildirmişdir. Sonradan digər polis əçəkdaşı ilə maşının kənarında söhbət etmiş, yol patrul əməkdaşı əsəbləşərək post patrul əməkdaşlarını həmin yerə dəvət etmiş, onlar da gəlib yaxınlaşaraq onu öz avtomobillərinə dəvət etmişlər və 3-cü Polis Bölməsinə gətirmişlər. Əməlindən peşmandır. Nəzərə alınmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı övladının olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsni Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin YPX-nin inspektoru X1 bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 21:05 radələrində Sahil küçəsində xidmət apararkən “Maksima” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil işıq cihazlarından istifadə qaydalarını pozmasına görə tərəflərindən saxlanılmışdır. Həmin vaxt ona protokol tərtib edərkən bir nəfər şəxs sürücünün yanından düşüb onlara yaxınlaşaraq protokol yazmaqlarına müdaxilə etmişdir. Onlar da aidiyyatı üzrə 9176 çağırışlı avtopatrulu ora dəvət etmişlər. Həmin avtopatrul onların işinə mane olan şəxsi 3-cü Polis Bölməsinə aparmışlar. İş materiallarını araşdıraraq, inzibati xəta törətmiş şəxsi dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1455 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs yüngül dərəcəli alqokol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan 2314 saylı, xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 sentyabr 2022-ci il tarixdə, saat 23-də inzibati qaydada tutulmuş, 28 sentyabr 2022-ci il tarixdə, saat 09:15-də azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, hesab edir ki, inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş raportlardan görünür ki, Şəxs tərəfindən polis qanuni tələbinə tabe olmayaraq, maneə yaratdığından düzgün olaraq barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Buna görə də inzibati xəta törətmiş Şəxs barəsində tətbiq edilmiş inzibati cərimə mütənasib qaydada azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə edilsin. İnzibati qaydada tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-4-cü maddəsinə əsasən nəzərə alınaraq üzərində qəti olaraq 150,00 (bir yüz əlli) manat məbləğində cərimə saxlanılsın. Qərarın icrası Sumqayıt şəhər üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar