Məhkəmə qərarları › İş №3(060)-2547/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2547/2024

21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2547/2024 21.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt ŞPİ DYPŞ tərəfindən İXM-nin 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, 06 avqust 2024-cü il tarixdə, saat 14:40 radələrində sürücü Şəxs Sumqayıt şəhəri, S.Vurğun küçəsində idarə etdiyi “Toyota Prius” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən onunla qarşı istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2107” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilə maddi ziyan dəymiş və sürücü Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 14:40 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prus” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə Sumqayıt şəhəri istiqamətində təxminən 40-50 km/saat sürətlə hərəkətdə olduğu zaman, diqqətsizlik edib cüzi olaraq qarşı hərəkət yoluna çıxdığı üçün avtomobilinin sol yan güzgüsü qarşı əks hərəkət yolu ilə H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkət edən “VAZ 21074” markalı avtomobilin sol yan güzgüsü ilə toqquşmuş, sonradan avtomobilinin qabaq buferinin sol tin hissəsi qarşı avtomobilin sol yan hissəsi ilə sürtünmə baş vermişdir. Hadisədən sonra maşını irəlidə saxlayıb qarşı avtomobilin sürücünə yaxınlaşmış və onun hadisə nəticəsində xəsarət aldığını görmüşdür. Bundan sonra həmin sürücüyə Travmatalogiya xəstəxənasına müraciət etməsini məsləhət görüb özü də həmin xəstəxanaya onun arxasınca gələcəyini bildirmişdir. Daha sonra avtomobilində olan ailə üzvlərini evə düşürdükdən sonra Travmatalogiya xəstəxanasına getmiş, lakin “VAZ 21074” markalı avtomobilin sürücünü həmin xəstəxanada tapmamışdır. Bundan sonra Pİ-dən ona zəng olunmuş və hadisə ilə əlaqədar izahatını yazmaq üçün Polis İdarəsinə dəvət olunmuşdur. Hadisə nəticəsində avtomobilin sol yan güzgüsü sınmış, digər detallarda zədə olmamışdır. Hadisə nəticəsində xəsarət almamış, hadisə vaxtı ayıq vəziyyətdə olmuş, spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamış, hadisə vaxtı avtomobilində sərnişin qismində olmuş həyat yoldaşı X2 heç bir xəsarət almamışdır. Qeyd olunanları və himayəsində 01 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Elsevər Quliyev 16 avqust 2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, yol-nəqliyyat hadisəsi faktına dair aparılmış araşdırma zamanı toplanmış sübutların məcmusuna əsasən material üzrə cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş, hadisəni törətmiş Şəxs əməlində İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğunsuzluq olduğuna görə onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. “MTE və PA Birliyi” X4 Sumqayıt şəhər Şöbəsinin məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 1339 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: boyun nahiyyəsinin sıyrığı və alın nahiyyəsinin,əzilmiş-cırılmış yarası. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Beləliklə məhkəmə hesab edir, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapır. Ona görə də, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 327.8-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətmiş olduğu əməldən səmimi peşman olmasını, o, cümlədən 1 azyaşlı uşağının olmasını İXM-nin 31.1.1 və 32.2-ci maddəsinə əsasən müsuliyyəti yüngülləşdirən hal kimi nəzər alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hər hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar