Məhkəmə qərarları › İş №3(060)-2556/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2556/2023

23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2556/2023 23.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X2 iştirakları ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx xxxxx 1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 övladı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokola əsasən borclu Şəxs 15235 manat pul tutularaq X3 ödənilməlidir. Borclu icra tələbini üzrsüz səbəbdən qərəzli şəkildə ödəməkdən yayınır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6892/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 15000 manat məbləğində ziyan, ödənilmiş 135 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 100 manat məbləğində pul tutularaq iddiaçı Əzizova (Poladova) Vüsalə Xanlar qızına ödənilməlidir. İcra sənədi üzrə icraata 18 yanvar 2023-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclu Şəxs icra şöbəsinə gəlməkdən də yayınmışdır. Buna görə də, Şəxs barəsində 31 yanvar 2023-cü il tarixdə axtarış qərarı qəbul edilmişdir. Bundan başqa, borclunun adında heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Qanuni qüvvədə olan məhkəmə qərarını bu günədək icra etməməsi, icra şöbəsinə gəlməməsi, əmlak və gəlirləri barədə dəqiq məlumat verməməsi Şəxs icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Borclu bugünədək hissə-hissə olmaqla 950 manat ödəniş etmişdir, tələbkar bildirmişdir ki, 10000 manatı tam şəkildə ödədikdə borcun qalan hissəsi olan 5000 manatdan imtina edir, əgər ödəməsə borcu tam şəkildə ödəməsini tələb edir. Borclu halhazırda məhkəmə iclasında 2000 manat ödəniş etmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o həbsdə olmuş və bu ilin iyun ayında həbsdən çıxmışdır. Ona görə daha öncə icra idarəsinə gələ bilməmişdir. Həbsdən çıxdıqdan sonra isə hər ay ödənişlər etmişdir. Ümumi ödənişi bu günə kimi 950 manat olmuşdur. Yalnız son bir ayda işləmədiyi üçün ödəniş edə bilməmişdir. Hal-hazırda taksi fəaliyyəti ilə məşğul olur. O banka yaxınlaşaraq kredit götürərək tələbkarın borcunu ödəməyə çalışsa da, bankda ona bildirmişlər ki, məhkumluğu olduğu üçün ona kredit verilə bilməz. Hal-hazırda məhkəmə iclasında 2000 manat ödəniş etmişdir, qalan borcu da hissə-hissə hər ayın 1-dən gec olmayaraq hər dəfə 500 manat məbləğində tələbkarın kart hesabına köçürəcəkdir. 2 azyaşlı uşağı vardır, himayəsində 1 qrup əlil olan atası vardır. Göstərilənlərə əsasən onun əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qalan məbləği tələbkarın istəyinə uyğun olaraq 10000 manatla bağlamaq üçün çalışacaq, əks halda hər ayın 1-dən başlayaraq kart hesabına 500 AZN ödəyəcəkdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs V.X.Əzizova öz izahatında göstərmişdir ki, borclu qərəzli olaraq icra sənədinin icrasından yayınır. Borclu bugünədək ona cəmi 950 manat ödəniş etmişdir, məhkəmə iclası zamanı da 2000 manat ödəniş etmişdir. Əgər borclu 10000 manatı tam şəkildə ödəsə, qalan 5000 manat borcu ona keçəcək, ödəmədiyi təqdirdə isə pulunu tam şəkildə tələb edir. Hazırda isə borclunun 2000 manat ödəniş etməsini, qalan məbləği isə ödəyəcəyinə söz verməsini nəzərə alaraq güzəştə getməyə hazırdır. Lakin, borclu gələcəkə yenə vədinə əməl etməsə şikayətlərini davam etdirəcək. Göstərilən halların nəzərə alınmasını və iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(060)-6892/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 15000 manat məbləğində ziyan, ödənilmiş 135 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 100 manat məbləğində pul tutularaq iddiaçı Əzizova (Poladova) Vüsalə Xanlar qızına ödənilməlidir. İş materiallarında olan 2023-cü ilin 24 iyun, 11 iyul, 18 iyul, 31 iyul, 07 avqust, 14 avqust, 22 avqust, 30 avqust, 07 sentyabr tarixli ödəniş qəbzlərinin surətlərindən görünür ki, borclu Şəxs aliment borcu üzrə mütamadi olaraq hissə-hissə ödənişlər etmişdir. İş materiallarında olan tələbkar və borclunun xx.xx.2023-cü il tarixli ərizələrinin surətlərindən görünür ki, həmin tarixdə icra sənədi üzrə əlavə olaraq 2000 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(060)-6892/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 15000 manat məbləğində ziyan, ödənilmiş 135 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 100 manat məbləğində pul tutularaq iddiaçı Əzizova (Poladova) Vüsalə Xanlar qızına ödənilməlidir. Həmin icra sənədi əsasında 18 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsində icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Həmin vaxt borclu azadlıqdan məhrum etmə cəzasıçəkdiyi üçün icra şöbəsinə gələ bilməmiş, 2023-cü ilin iyun ayında azadlığa çıxdıqdan sonra isə mütamadi ödənişlər etmişdir (2023-cü ilin 24 iyun, 11 iyul, 18 iyul, 31 iyul, 07 avqust, 14 avqust, 22 avqust, 30 avqust, 07 sentyabr tarixlərində). İcra prosesində isə icra məmuru tərəfindən müəyyən edilmişdir ki, halhazırda borclunun heç bir rəsmi gəliri və mülkiyyətində hər hansı əmlakı yoxdur. Mülkiyyətində hər hansı bir əmlakının olmaması borclunun əmlak vəziyyətinin göstəricisi olduğu halda, borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsinin nədə ifadə olunduğu göstərilmədən, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Lakin protokolda borclu Şəxs həmin maddənin dispozisiyasında nəzərdə tutulan hansı hərəkəti və yaxud hərəkətsizliyi etməklə inzibati xəta törətdiyi göstərilməmiş və eləcə də, onun əməlində həmin maddənin tərkibinin olduğunu təsdiq edən sübutlar protokolda qeyd edilməmiş və belə bir sübutlar məhkəməyə təqdim olunmamışdır. Əksinə işə əlavə edilmiş ödəniş qəbzləri ilə borclunun mütamadi ödənişlər etməsi və icra sənədinin icrasını təmin etmək üçün hərəkətlər etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olamamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar