Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2560/2023 06.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında 31 avqust 2023-cü il tarixli, 00800-00454/23 saylı protokola dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi (bundan sonra - Hava Nəqliyyatında BGİ) tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 26, ev 4/10 olan Şəxs (bundan sonra - Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsinə əsasən 31 avqust 2023-cü il tarixli, 00800-00454/23 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC kommersiya fəaliyyəti ilə əlaqədar Ukraynada yerləşən “Helixtron LLC” ilə müqavilə bağlayıb, ixrac proseduru altında rəsmiləşdirdiyi mallar üzrə təqdim etdikləri xx.xx.2020-ci il tarixli, **********0059 sorğu nömrəli və xx.xx.2020-ci il tarixli, **********5446 sorğu nömrəli gömrük bəyannamələriinin 20-ci qrafasının üçüncü yarım bölməsində qarşılıqlı hesablaşmanın üsulu “003 - konsignasiya yolu ilə mal ixracı zamanı malın dəyəri onun xaricdə satışından əldə olunan vəsait hesabına ixrac faktından sonra ödənilmək yolu ilə” geyd olunmuş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə malın dəyəri mal ixrac edildikdən sonra ödənilmək yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, xx.xx.2020-ci il tarixli **********0059 sorğu nömrəli və xx.xx.2020-ci il tarixli, **********5446 sorğu nömrəli gömrük bəyannamələri üzrə malların dəyərini tamamilə qaytarmayaraq, milli valyutaya nisbətdə 4800,80 manat təşkil edən 2824 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 483-cü maddəsinə əsasən tərtib edilmiş 31 avqust 2023-cü il tarixli, 00800-00454/23 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-in 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətə baxılır. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə toplanılmış inzibati xəta haqqında iş üzrə İXM-in 38-ci maddəsi tətbiq edilərək müddətin ötürülməsi səbəbindən icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə nümayəndənin izahatını dinləyib, inziabti xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdıraraq aşağıdakı nəticəyə gəlir. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-in 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Məhkəmə araşdırması zamanı protokola əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Şəxs MMC xx.xx.2020-ci il tarixli **********0059 nömrəli və xx.xx.2020-ci il tarixli **********5446 nömrəli gömrük bəyannamələri üzrə 2824 ABŞ dolları vəsaiti həmin bəyannamələrin verildiyi tarixdən 180 gün ərzində müvəkkil bankdakı hesabına köçürməli idi. Yəni, həmin müddət xx.xx.2020-ci il tarixli bəyannaməyə münasibətdə xx.xx.2020-ci ildə, xx.xx.2020-ci il tarixli bəyannaməyə münasibətdə isə xx.xx.2020-ci il tarixində bitmiş, yəni inzibati xəta hadisələri həmin tarixlərdə baş vermişdir. İXM-in 38.1-ci maddəsindən göründüyü kimi gömrük qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilər. Belə olan halda, xx.xx.2020-ci il tarixli bəyannamə üzrə vəsaitin müvəkkil bankdakı hesaba köçürülməməsinə görə inzibati tənbeh tədbiri xx.xx.2021-ci ilədək, xx.xx.2020-ci il tarixli bəyannamə üzrə vəsaitin müvəkkil bankdakı hesaba köçürülməməsinə görə inzibati tənbeh tədbiri xx.xx.2021-ci ilədək tətbiq oluna bilərdi. Buna baxmayaraq BBGİ göstərilən xəta ilə bağlı 31 avqust 2023-cü il tarixdə, qanunla nəzərdə tutulmuş müddət keçdikdən sonra inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Qüvvədə olan qanunvericiliyin tələblərindən də göründüyü kimi gömrük qaydaları əleyhinə olan inzibati xətalara dair işlər üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırki iş üzrə bu müddət keçmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində İXM-in 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 114.2.1, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 31 avqust 2023-cü il tarixli, 00800-00454/23 saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-2560/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2560/2023
06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver