Məhkəmə qərarları › İş №3(060)-2561/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2561/2022

30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2561/2022 30.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Elsevər Ələkbərzadənin, Zərərçəkmiş şəxs- X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs və Sumqayıt Regioanal Vəkil Burosunun vəkili müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri 8-ci; mikrorayon ev 29/17, mənzil 79-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə, Sumqayıt şəhəri, 11-ci mkr ərazisində yerləşən rus qəbirstanlığında qəbrin ətrafına çəkilən dəmir barmaqlıqları oğurlamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 1ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Elsevər Ələkbarzadə tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, Sumqayıt şəhəri, 11-ci mkr ərazisində yerləşən rus qəbirstanlığında qəbrin ətrafına çəkilən dəmir barmaqlıqları oğurlamışdır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, 5 ildir ki, narkotik vasitə qəbul edir, ağrıları olduqda küçələrdən dəmir yığan satır. xx.xx.2022-ci il tarixdə, saat 07 radələrində Sumqayıt şəhəri, 11-cı mikrorayon ərazisində yerləşən rus qəbristanlığında tanımadığı qəbirin ətrafına çəkilən dəmir barmaqlığı sökub aparmış, həmin dəmirləri xx.xx.2022- ci il tarixdə dəmir yığın bir şəxsə 40 manata satmışdır. Həmin pulu həmin gün şəxsi ehtiyyacları uçün xərcləmişdir. O əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 göstərdi ki, xx.xx.2022-cı il tarixdə Sumqayıt şəhəri 11-cı mikrorayon ərazisində yerləşən qəbristanlıqda dəfn olunan atasının qəbrini ziyarət edərkən atasının qəbrinin ətrafına çəkilən dəmir barmaqların bir hissəsinin, eyni zamanda qəbirin yanında olan dəmir stulun söküldüyünü görmüşdür. Hadisə nəticəsində ona 200 manat maddi ziyan dəymişdir. Hazırda Şəxs ona dəymiş zərəri ödəmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X2 ərizə ilə məhkəməyə müraciət edərək ona dəyən ziyanın ödənildiyini, Şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını, barəsində olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin Qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəməyə daxil olmuş zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, zərər ödənildiyi üçün o, Şəxs bağışlayır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə vurulmuş zərər ödənilmişdir, zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş edir. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Burosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********) Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar