Məhkəmə qərarları › İş №3(060)-2561/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2561/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2561/2025 08.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X3, Tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə yaxın qohumu olan nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1960-cı ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sürücü işləyən, evli, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2yan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1025/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru X6 izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1025/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Şəxs, X7 oğlu, X10 oğlu, X4 və Şıxıyeva Firəngiz Qənimət qızı Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 29 nömrəli evin 15 nömrəli mənzilindən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçı Zərərçəkmiş şəxs təhvil verilməlidir. xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraata başlanmış və borclu tələbin könüllü icrası haqqında bildirişlə xx.xx.2024-cü il tarixdə tanış olmuşdur. Hal-hazırda borclu evi boşaltmayıb və ailəsi ilə birlikdə orada yaşayır. Tərəflərin müvafiq olaraq izahatları alınmış və bildirmişdir ki, yuxarıda adı çəkilən şəxslər həmin evdə yaşayırlar. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə sorğu verilmiş və cavabında bildirilmişdir ki, Şəxs cəmi 6 nəfər ailə üzvləri ilə birgə dövlət tərəfindən 04 iyul 2025-ci il tarixdə Komitənin hazırda olan boş mənzil fondundan, Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə yerləşən 6 sot həyətyanı sahəsi olan 131 nömrəli 4 otaqlı fərdi yaşayış evi ilə təmin olunması təklifi olunmuş, lakin Şəxs ev uzaq olduğu üçün təklif olunmuş evə köçməkdən imtina etmişdir. Daha sonra Şəxs Sumqayıt şəhəri İcra Hakimiyyətinə bu işlə bağlı müraciət etmiş və ona hələ yaşadığı evi tərk etməməli olduğunu, ona dövlət tərəfindən ev verildikdə köçə biləcəyinin mümkün olması bildirilmişdir. Göründüyü kimi işlə bağlı ziddiyyətlər mövcuddur.Buna görə də borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsiylə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Protokolun təmin olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, iş üzrə özünü təqsirli bilir. Lakin ona Gəncədən təklif edilən ev indiki iş yerinə çox uzaqdır. Ona qeydiyyatda olduğu kəndindən və ya ona yaxın kəndlərdən ev verilərsə, köçəcəyini və indi yaşadığı evi təhvil verəcəyini bildirmişdir. Buna görə də halhazırda qeyd olunan səbəblərdən evi təhvil verə bilmir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, indi yaşadığı ünvanda birlikdə 6 nəfər yaşayır və evi 3 otaqlıdır. Oğlu isə Sumqayıt şəhəri, 10-cu mikrorayonda ailəsi ilə birlikdə 1 otaqlı evdə yaşayır. 2025-ci ilin noyabr ayının ortasında pensiya yaşına çatacağı üçün təqaüdə çıxacaq. Məhkəmədən ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Nümayəndə bildirmişdir ki, borcluların Quba rayonu, Dəhnə kəndində 0,6 hektar həyatyanı sahəsi, Sumqayıt şəhəri 10-cu mikrorayon, 40-cı bina, 30-cu mənzildə 75 m2 evi və H.Z.Tağıyev qəsəbəsi, 5-ci bina, mənzil 13 ünvanında mənzilləri var. Borclunun 2 oğlu var və hər ikisinin ayrıca evi var. 2002-ci ildən bəri 9-cu mikrorayon, ev 29, mənzil 15 ünvanında yerləşən evi onun adına qeydiyyatdadır. Lakin onun əmlakından borclu və ailəsi istifadə edir. Bildirmişdir ki, özü məcburi köçkündür, lakin evindən məhrum edilib. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi qismində iştirak edən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 bildirmişdir ki, borcluya özünə yaşayış yeri seçənədək vaxt verilməsini və protokolun təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1025/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-1025/2024 nömrəli icra vərəqəsindən görünür ki, cavabdehlər Şəxs, X7 oğlu, X10 oğlu, X4 və Şıxıyeva Firəngiz Qənimət qızı Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 29 nömrəli evin 15 nömrəli mənzilindən (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 172, M8, M.1) çıxarılsınlar və mənzil boşaldılaraq iddiaçı Zərərçəkmiş şəxs təhvil verilsin. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-1025/2024 saylı nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclunun icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməyi xahiş olunur. Borclu tələbin könüllü icrası haqqında bildirişlə xx.xx.2024-cü il tarixdə tanış olmuşdur. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, icra sənədindən xəbərdardır. Məcburi köçkündür və evlə təmin olunmamışdır, buna görə də gedəcək yeri yoxdur. Qubadlı rayonunda evlərin bərpası işi gedir. X9 kəndində bərpa olunduqdan sonra evi təhvil verəcək. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Qubadlı rayonunun Xanlıq kəndindən məcburi köçkünlər - Şəxs, həyat yoldaşı Mikayılova Sata ismayıl qızı və övladı X7 oğlu ailə üzvləri ilə birgə sözügedən ünvanda məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzil ilə təmin edilməmişdir. Əvvəlki araşdırmalara və qardaşı X7 oğlunun məlumatına əsasən ailə üzvlərindən - X7 oğlu ailə üzvləri ilə birgə sözügedən ünvandan çıxmış və hazırda ünvan 3n 30 nömrəli (ipotekah) mənzildə məskunlaşıb yaşayır. Həmin mənziiin su sayğaclarının abonent kodu adına rəsmləşdirildiyi aşkar olmuşdur. Həmçinin mülkiyyətində Quba rayonunun Dəhnə kəndində 0.06 ha torpaq sahəsinin olduğu aşkar edilmişdir. Nəzət inizə çatdırırıq ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramına” uyğun olaraq Qubadlı rayonunun Xanlıq kəndindən olan məcburi köçkün ailələrinin doğma yurdlarına köçürülmələri başlanan zaman, sözügedən ailənin də qeydiyyatda olduqları doğma yurdlarına köçürülməsi nəzərə alınacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, faktiki sözügedən mənzildə yaşayan Qubadlı rayonunun Xanlıq kəndindən məcburi köçkün Şəxs cəmi 6 nəfər ailə üzvlərinə məskunlaşdığı mənzilin boşaldılıb evin sahibinə geri verilməsi ilə əlaqədar əvvəllər Komitənin boş mənzil fondundan məcburi köçkünlər üçün salınmış qəsəbələrdən mənzillə və ya fərdi yaşayış evi ilə təmin olunması təklif olunmuşdur. Lakin, Şəxs həmin ərazilərin uzaq olduğunu bildirərək köçməkdən imtina etmişdir. Məhkəmə qətnaməsinin icrası ilə əlaqədar mənzilin sahibi Nümayəndə tərəfindən ona məxsus mənzilin boşaldılıb özünə geri təhvil verilməsi tələbi ilə bağlı müraciətlərini nəzərə alaraq, sözügedən ünvanda məskunlaşan məcburi köçkün Şəxs cəmi 6 nəfər ailə üzvləri ilə birgə dövlət tərəfindən 04 iyul 2025-ci il tarixdə Komitənin hazırda olan boş mənzil fondundan, Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə yerləşən 6 sot həyətyanı sahəsi olan 131 nömrəli 4 otaqlı fərdi yaşayış evi ilə təmin olunması təklifi olundu. Lakin, Şəxs təklif olunmuş evə köçməkdən imtina etdi. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” istehsalat birliyində geniş profilli avtomobil sürücüsü vəzifəsində çalışır və aylıq 1699 manat əməkhaqqı alır. Bundan başqa Şəxs 80 manat məbləğində pensiya alır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavabdan görünür ki, X10 oğlu Şakir MTK-ya məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək prospektindəki yaşayış binasının 2-ci blok, 4-cü mərtəbə, sahəsi 76.5 kv/m olan 30 nömrəli mənzilin payçısıdır. Müqavilə üzrə mənzilin tam dəyərini ödədikdən sonra onun mənzilinə dair hüquqları tam tanınaraq dövlət qeydiyyatına alınacaqdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib qərara gəlir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1025/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməməsi Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə qeyd edir ki, borcluya məcburi köçkün olduğuna görə Dövlət tərəfindən Gəncə şəhərində mənzil təklif edilmiş, lakin borclu həmin məznilin işlədiyi, ailə üzvlərinin təhsil aldığı yerdən uzaq olmasını əsas gətirərək köçməkdən imtina etmişdir. Borclunun tələbkara məxsus mənzili boşaltmaması ilə bağlı bildiriyi səbəblər əsassızdır. Bundan başqa məlum olmuşdur ki, borclunun ölkə üzrə müəyyən olunmuş orta əmək haqqından yüksək məbləğdə aylıq gəliri var. Bu səbəbdən onun həmin mənzildən çıxaraq digər mənzildə yaşaması üçün kifayət qədər şəraiti olmuş, lakin o, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Həmçinin, borclunun ailə üzvlərinə məxsus mülklərin olması ilə bağlı iş materiallarında olan sənədlər borclunun icra sənədini üzrsüz səbəbdən icra etmədiyini bir daha təsdiq edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün icra məmurunun qanuni tələblərini şəxs tərəfindən üzrsüz səbəbdən icra etməməsi faktının müəyyən olunması zəruridir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32 və 33-cü maddələrinə əsasən məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar