Məhkəmə qərarları › İş №3(060)-2562/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2562/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2562/2023 20.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC Sumqayıt şəhəri, Y.Məmmədov küçəsində fəaliyyət göstərən istehsalat müəssisəsində ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot hesabatını aparmamış, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X1 bildirmişdir ki, Şəxs MMC-yə tərəflərindən müvafiq məktub göndərilmiş, məktubda təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot hesabatını aparılmamasına görə müvafiq məsuliyyət tədbirləri barədə müəssisəyə xəbərdarlıq edilmişdir. Mövcud qanunvericiliyə əsasən müəssisə tərəfindən həm illik, həm də aylıq uçot hesabaları aparılmalıdır. Şəxs MMC tərəfindən 2022-ci il üzrə uçot hesabatların aparılıb-aparılmaması və bunun nəticələri barədə təmsil etdiyi idarəyə məlumat verilib-verilməməsini hazırda dəqiq deyə bilməz. Bununla bağlı növbəti məhkəmə iclasında məlumat verə bilər. Lakin, onu dəqiq deyə bilər ki, Şəxs MMC tərəfindən 2023-cü il üzrə aylıq uçot hesabatlar aparılmamış və ödənişləri edilməmişdir. Yalnız, bu ilin oktyabr ayında onların nümayəndələri təmsil etdiyi quruma dəvət edildikdən sonra yaxın vaxtlarda bir neçə ayın hesabatını təqdim etmişlər. Nəzərə almaq lazıdır ki, həmin hesabatlar hər ay verilməli idi, lakin hesabatlar hər ay verilməmiş, yalnız sonradan təqdim edilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə protokolun təmin edirlərək müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, onlar 2022-ci il üzrə müvafiq uçot hesabatı aparmışlar və bununla bağlı sənədləri də Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə təqdim etmişlər. 2023-cü il üzrə aylıq verilməli olan hesabları isə bu barədə məlumatsız olduqları üçün təqdim etməmişlər. Belə ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş sənədləri Şəxs MMC-nin inzibati binasının mühafizəsində dayanmış əməkdaş qəbul etmiş, məsuliyyətsizlik edərək sənədləri MMC-nin digər məsul şəxslərinə verməmişdir. Ona görə də həmin əməkdaş işdən azad edilmişdir. Müvafiq uçot və hesabatlarla bağlı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onları dəvət etdikdə, həmin idarədə olmuş, səbəblərini izah etmiş və bundan dərhal sonra müvafiq uçot və hesabatları apararaq nəticələrini təqdim etmişdir. Göstərilən halları, həmçinin Şəxs MMC-də çalışaraq ailəsini dolandıran çoxsaylı şəxslərin olmasını nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilərək MMC-nin cərimələnməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 239-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC Sumqayıt şəhəri, Y.Məmmədov küçəsində fəaliyyət göstərən istehsalat müəssisəsində ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot hesabatını aparmamış, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 43/849 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC-yə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər (təbiət istifadəçiləri) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi təsərrüfat fəaliyyətinin ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətini, ətraf mühitə təsirin uçot və hesabatını aparmağa, monitorinq göstəriciləri barədə hesabatın ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun yerli qurumları) təqdim etmələri bildirilmişdir. İş materialında olan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müəssisələr tərəfindən ətraf mühitə atılan, axıntını, yerləşdirilən tullantıların dəqiq uçot-hesabatı aparılmalı, hər ilin sonunda 2 TG-(hava), 2TG-(təhlükəli tullantı) və 2TG-(su təsərrüfatı) dövlət statistik hesabatları idarə ilə razılaşdırılmalı, ətraf mühitə atılan tullantılara görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 122 saylı Qərarı ilə təsdiq olunmuş ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi Qaydalarına və həmin Qərarda dəyişiklik edilməsi barədə NK-nin xx.xx.2022-ci il tarixli 308 saylı Qərarına əsasən Respublika ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (xarici istifadəçilər də daxil olmaqla ) dövlət, qeyri-dövlət təşkilatlan, daimi və müvəqqəti, ilkin və təkrar istifadəçilər tərəfindən ətraf mühitin çirklənməsinə, zərərli maddələrin ətraf mühitə atılmasına (axıdrlmasına, yeriəşdirilməsinə) görə hesablanmış ödəniş hər ayın 10-dan gec olmayaraq “Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fonduna ödənilməlidir. Qanunvericillikdə ətraf mühitin çirkləndirilməsinə görə ödəniş məbləği 2 ay ardıcıl olaraq ödənilmədikdə məhkəməyə müraciət olunması və ödəmə məbləği vaxtında ödənilmədiyinə görə hər gecikdirilən gün üçün ödənişin 0,1 %-i miqdarında (dəbbə pulu) cərimənin hesablanması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlarla əlaqədar İdarə tərəfindən Şəxs MMC-yə 43/849 saylı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilsə də, bu istiqamətdə heç bir iş görülməmiş və məktuba cavab verilməmişdir. Aparılan inzibati araşdırmada iştirak etməsi üçün səlahiyyətli nümayəndənizin şəxsiyyətini təsdiq edən sənəd və etibarnamə ilə birlikdə 12 oktyabr 2023-cü il tariuxdə saat 10:00-da İdarəyə gəlməsini təmin edilməsi qeyd olunmuşdur. İş materiallarında olan Şəxs MMC tərəfindən olan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 39 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər idarədə yerinə yetirilmiş iş həcmi az olduğundan və tam məlumatlı olmadıqlarına görə aylıq statistik hesabatı verməmişlər. Lakin, illik hesabatda bunların hamısı nəzərə alınacaq. İş materialında olan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları baş məsləhətçi müfəttiş Aysəf Bayramov və Rafiq Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 82628 nömrəli aktdan görünür ki, idarənin 107 saylı xx.xx.2023-cü il tarixli sərəncamına əsasən “Ətraf mühitin mühafizəsi haqqında” Qanunların və bu sahədə mövcud olan digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq Şəxs MMC-yə məxsus istehsalat sahəsində (metal konstruksiya və s.) ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin təsərüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçothesabatının aparılmaması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Şəxs MMC xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış, hüquqi ünvanı Sumqayıt şəhəri ərazisində Y.Məmmədov küçəsindədir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin nümayəndəsinin məhkəmə iclaslarında təqdim etdiyi uçot hesabat sənədlərindən görünür ki, həmin MMC tərəfindən 2022-ci il üzrə ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı aparılaraq xx.xx.2023-cü il tarixdə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin nümayəndəsinin məhkəmə iclaslarında təqdim etdiyi uçot hesabat sənədlərindən görünür ki, həmin MMC tərəfindən 2023-cü ilin aylar üzrə ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı xx.xx.2023-cü il tarixdə aparılaraq 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə təqdim edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 2022-ci il üzrə ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı aparılaraq xx.xx.2023-cü il tarixdə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə təqdim edilsə də, 2023-cü ildə aylar üzrə təqdim edilməli olan həmin hesabatlar qanunvericiliklə müəyyən edilmiş vaxtda aparılaraq 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə təqdim edilməmişdir. Müvafiq hesabatların aylar üzrə vaxtında aparılmaması həm MMCnin xx.xx.2023-cü il tarixli 39 nömrəli məktubu, həm MMC-nin nümayəndəsinin məhkəmə iclaslarında olan etiraf edici izahatları, həm də digər iş materialları ilə təsdiq edilmişdir. Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclaslarında aylar üzrə hesabatların verilməməsi ilə bağlı məlumatsız olmalarını və müvafiq hesabatları artıq təqdim etdiklərini əsas gətirərərək MMC barəsində müvafiq tənbeh tətbiq edilməməsini xahiş etmişdir. Şəxs MMC-nin nümayəndəsinin qeyd edilən dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla hesabatların verilməsi ilə bağlı müvafiq xəbərdalıq MMC-nin əməkdaşı tərəfindən qəbul edilmiş və bu hal mübahisələndirilmir. Yalnız həmin şəxsin bununla bağlı işdən azad edilməsi MMC-nin məlumatlandırılmaması kimi qiymətləndirilə bilməz. Digər tərəfdən normativ-hüquqi aktların tələblərini bilməmək əsas gətirilməklə hər hansı şəxs inzibati məsuliyyətdən azad edilə bilməz. Nəzərə almaq lazımdır ki, müvafiq hesabatların verilməsi qanunverilciyin tələblərindən irəli gəlir. Həmçinin 2023-cü ildə aylar üzrə hər ay verilməli olan hesabatların vaxtında deyil yalnız oktyabr ayında verilməsi aylıq hesabatların vaxtında verilməməsi kimi qiymətləndirilməlidir və həmin hesabların sonradan verilməsi artıq törədilmiş inzibati xətanı istisna edən və inzibati məsuliyyətdən azad edilmə üçün əsas deyil. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs MMC tərəfindən müvafiq uçot və hesabatın qismən aparılmasını (2022-ci il üzrə) məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını, inzibati xətanın xarakterini, habelə iş üzrə məsuliyyəti yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 239-cu maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8500 (səkkiz min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar