Məhkəmə qərarları › İş №3(060)-2564/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2564/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2564/2023 24.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1974-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokola əsasən borclu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1561/2023 saylı, xx.xx.2023-cü il tarixli üzrsüz səbəbdən icra etməmişdir. Hazırda 4400 manat aliment borcu vardır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1561/2023 saylı, xx.xx.2023cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 07 mart 2009-cu il təvəllüdlü X6 və 07 mart 2009cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat, ümumilikdə 440 manat aliment 30 yanvar 2023-cü il tarixdən başlayaraq tutulub X2 verilməldir. İcra sənədi üzrə icraata 04 iyul 2023-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclu Şəxs icra şöbəsinə gəlməkdən də yayınmışdır. Buna görə də, Şəxsin barəsində 08 sentyabr 2023-cü il tarixdə axtarış qərarı qəbul edilmişdir. Bundan başqa, borclunun adında heç bir əmlak və ya gəlir aşkar edilməmişdir. Qanuni qüvvədə olan məhkəmə qərarını bu günədək icra etməməsi Şəxs icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Borclunun bugünədək 3962 AZN aliment borcu yığılmışdır, bugünədək heç bir ödəniş etməmişdir. Borclu heç bir yerdə işləmir, adına heç bir daşınar və daşınmaz əmlakı yoxdur. Borclunun özü bildirmişdir ki, onun icra vərəqəsindən xəbəri olmamışdır. Zərərçəkmiş şəxs isə hal-hazırda bildirir ki, borclunun anasının adına bağ sahəsi var, əgər onu satıb pulunu verərsə və ya bağı onun adına keçirərsə, alimentdən imtina edəcəkdir. Borclu isə həmin torpaq sahəsini zərərçəkmiş şəxsin adına keçirməyə hazır olduğunu bildirir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə məhkəmə iclasında icra məmuru ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, tələbin könüllü icrası haqqında bildiriş borcluya bu gün təqdim edilmişdir. Daha öncə isə ünvana göndərilmiş, lakin borclu tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı sənəd hazırda mövcud deyil. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, nikahın pozulması və aliment tələbinə dair işə baxılarkən yoldaşından boşanmaq istəmədiyi üçün məhkəmə proseslərində iştirak etməmişdir. Aliment borcu barəsində isə bu günə kimi icra şöbəsindən ona heç bir məlumat verilməmişdir. Yalnız bu gün icra şöbəsində bu barədə məlumatlı olmuşdur. O keçmiş həyat yoldaşının evinə getmiş, sonuncu isə ondan heç bir şey, həmçinin aliment istəmədiyini bildirmişdir. Həm ona görə, həm də aliment barədə icrada iş olmasında xəbərsiz olması səbəbindən heç bir ödəniş etməmişdir. Hazırda isə anasının adına olan torpaq sahəsini tələbkara təklif etmiş, tələbkar isə onu qəbul etməyə razılıq vermişdir. Tələbkar həmin torpaq sahəsinin qarşılığında icra tələbindən imtina edəcəyini bildirir. Bu barədə ərizə ilə icra idarəsinə də müraciət etmişdir. Göstərilənlərə əsasən onun əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (icra işi üzrə tələbkar) V.M.Alməmmədova öz izahatında göstərmişdir ki, onların ailəsi içki üstündə dağılmışdır. Düzdür borclu, onların evinə gəlmişdir, lakin həmin vaxt içkili olduğu üçün onu uzaqlaşdırmaqdan ötrü ondan heç bir şey tələb etmədiyini bildirmişdir. Hazırda isə borclunun anasının adına olan özünə məxsus pay torpağını onun adına keçirdəcəyini nəzərə alaraq güzəştə getməyə hazırdır. Əgər borclu indi vəd etdiyi kimi torpaq sahəsini onun adına rəsmiləşdirərsə icra tələbindən imtina edəcək. Lakin, borclu gələcəkdə yenə vədinə əməl etməsə şikayətlərini davam etdirəcək. Göstərilən halların nəzərə alınmasını və iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1561/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 07 mart 2009-cu il təvəllüdlü X5 və 07 mart 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat, ümumilikdə 440 manat aliment 30 yanvar 2023-cü il tarixdən başlayaraq tutulub X2 verilməldir. İş materiallarında olan tələbkar və borclunun xx.xx.2023-cü il tarixli ərizələrinin surətlərindən görünür ki, borclu anasının adına olan özünə məxsus bağ sahəsini tələbkarına adına keçirəcəkdir. Bununla bağlı aralarında ilkin razılıq vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1561/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 30 yanvar 2023-cü il tarixdən başlayaraq iki uşaq üçün ümumilikdə 440 manat aliment Şəxs tutulub V.M.Alməmmədovaya verilməldir. Həmin icra sənədi əsasında 04 iyul 2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsində icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Lakin, həmin bildirişin Şəxs çatdırılması barədə iş materiallarında heç bir sənəd mövcud deyil və məhkəmə iclasında icra məmuru tərəfindən də təqdim edilə bilməmişdir. Sadəcə göndərilməsini bildirmişdir. İcra sənədi üzrə bugünədək ödəniş edilməmiş və borclu buna səbəb kimi icra işindən xəbərsiz olmasını göstərmişdir. Həmçinin bu gündən sonra borcunu ödəməyə hazır olmasını və icra sənədi ilə bağlı tələbkarla aralarında razılıq əldə edildiyini bildirmişdir. Tələbkar da icra sənədinin icrası ilə bağlı borclu ilə aralarında ilkin razılıq olmasını, borclunun təklif etdiyi torpaq sahəsi müqabilində icra sənədinin icrasından imtinaya hazır olduğunu bildirmişdir. Bununla bağlı hər iki tərəf ərizə ilə icra idarəsinə müraciət etmiş və həmin ərizələrn surətləri məhkəməyə də təqdim edilmişdir. Bundan əlavə icra prosesində icra məmuru tərəfindən müəyyən edilmişdir ki, halhazırda borclunun heç bir rəsmi gəliri və mülkiyyətində hər hansı əmlakı yoxdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, bu günə kimi borcluya tələbin könüllü icrası haqqında bildirişin çatıdırlması (təqdim edilməsi) və ona könüllü icra üçün müddət verilməsi barədə iş materiallarında hər hansı sənəd olmadığı, həmçinin borclu bu gün icra sənədinin icrasında yayınmadığını, icra sənədi üzrə tələbin qarşılığında digər əmlak təklif etdiyini, tələbkar isə bununla razı olduğunu bildirdiyi halda borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi əsassız olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, əgər bundan sonra, yəni borclunun icra sənədindən məlumatlı olmasından sonra sonuncu icra sənədi üzrə tələbi müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra etməyəcəyi halda onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə müvafiq protokol tərtibi və ona müvafiq tənbeh verilməsi məsələsi müzakirə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamış və icra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar