Məhkəmə qərarları › İş №3(060)-2564/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2564/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2564/2024 14.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Söhrab Zeynalovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2002-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SKZ, YAT 2 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Qurd dərəsi, fərdi ev ünvanında yaşayan Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunub, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində Sumqayıt şəhəri, “Esmira” şadlıq sarayının qarşısında idarə etdiyi “VAZ-2107” markalı avtomobilə YPX əməkdaşları tərəfindən saxla əmri verilsə də, polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı Söhrab Zeynalov tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:15 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Dörd Qardaş” şadlıq evində keçirilmiş toy mərasimindən sərxoş vəziyyətdə çıxmış və tanışı Fərid adlı şəxsə məxsus “VAZ-2107” markalı avtomobilə dostları Cavadlı Hüseyn və Məmmədli Nirsadiqlə əyləşərək idarə etməyə başlamışdır. Sumqayıt şəhəri, Ximstroy deyilən ərazidə YPX əməkdaşları onun idarə etdiyi avtomobilə saxla işarəsi vermiş, o, avtomobili saxlamayaraq hərəkətə davam etmişdir. Sumqayıt şəhəri, Qurd Dərəsi adlanan ərazidə avtomobildə nasazlıq yarandığı üçün dayanmış və YPX və PPX əməkdaşları onların yanına gəlmişlər. Sərxoş olduğu üçün polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlar 1-ci PB-nə getməkdən imtina etmiş, sonradan polis əməkdaşları onu və yanındakı şəxsləri Bölməyə təmin edilmişlər. Şəxs Vətən Müharibəsində şəhid olmuş X1 qardaşıdır. Şəxs şəhid ailəsi olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 22:15 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Dörd Qardaş” şadlıq evində keçirilmiş toy mərasimindən sərxoş vəziyyətdə çıxmış və tanışı Fərid adlı şəxsə məxsus “VAZ-2107” markalı avtomobilə dostları il əyləşərək idarə etmişdir. YPX əməkdaşı ona saxla əmri vermiş, o əmrə tabe olmayaraq hərəkətə davam etmiş, Qurd Dərəsi adlanan ərazidə avtomobildə nasazlıq olduğu üçün dayanmış, YPX və PPX əməkdaşları onların yanına gəlmişdir. Sərxoş olduğu üçün polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. X3 Vətən müharibəsi şəhididir. Şəhid ailəsi olmasını və himayəsində xəstə valideyninin olmasını nəzərə alaraq, məhkəmədən onun cərimə edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin yolpatrul xidməti inspektoru, polis serjantı Sənan Musazadə bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri “Esmira” şadlıq evinin yanında “VAZ-2107” markalı avtomobilin yüksək surətlə idarə edilməsini müşahidə edib ona saxla əmri vermişlər. Sürücü saxla əmrinə tabe olmayaraq hərəkətə davam etmiş, Qurd Dərəsi adlanan ərazidə avtomobildə nasazlıq olduğu üçün dayanmış və PPX əməkdaşları ilə birlikdə onun yanına yaxınlaşmışlar. Sərxoş olduğu üçün onların qanuni tələblərinə tabe olmamış, daha sonra PPX əməkdaşları onları avtomobilə əyləşdirərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nə təmin etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Baş vermiş hadisə ilə bağlı Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis serjantı X2 4-cü PB-nin rəisinə “Raportla” müraciət etmişdir. “İnzibati qaydada tutma haqqında” 13 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:30-da tutulmuşdur. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə” A/2553 nömrəli, 13.1.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:05 radələrində yoxlama zamanı Şəxs orta dərəcəli sərxoşluq vəziyyəti aşkar olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və şahidi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs araşdırılma aparılması məqsədi ilə ondan sənədlərinə tələb edən yol polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, nəticədə inzibati xəta törətmişdir. İXM-nin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Şəxs şəhid ailəsi olması və əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlini ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş 1-ci PB-nin sahə rəisi, polis kapitanı Söhrab Zeynalovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Belə ki, İXM 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Şəxsin inzibati qaydada tutulması tənbeh tətbiq edilərkən nəzərə alınmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin, və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla qəti olaraq 100 (bir yüz) manat məbləğində cərimə olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar