Məhkəmə qərarları › İş №3(060)-2566/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2566/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2566/2024 14.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt Şəhər Polis İdarəsinin Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi X2, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 1ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 14 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində saat 23:00 radələrində Sumqayıt şəhəri, Qurd dərəsi bağları ərazisində əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin polis sahə rəisi X5 tərtib etdiyi protokola uyğun izahat verərək, bildirmişdir ki, polis əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində saat 22:30 radələrində “Esmira” şadlıq evinin qarşısında VAZ2107 minik markalı, 10RF098 dövlət qeydiyyat nişanlı avtomobilə saxla əmri verilmiş, lakin sonuncu əmrə məhəl qoymayaraq yüksək sürətlə yayınmağa başlamışdır. Daha sonra həmin avtomobil “Qurd dərəsi” istiqamətində saxlanılmışdır. Həmin avtomobil saxlanılmış, avtomobilin içərisində sərnişin qismində olan Şəxs polisin qanuni tələblərinə tabesizlik göstərmişdir. Buna görə də Şəxs əməllərində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olduğu üçün barəsində protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq qaydada tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, dostları ilə birlikdə xx.xx.2024-cü il tarixində toyda spirtli içki qəbul etmişlər, daha sonra onlar VAZ2107 minik markalı, 10RF098 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib getmişlər. Avtomobili dostu idarə etmişdir. Polis əməkdaşları həmin avtomobilə “Esmira” şadlıq evinin qarşısında saxla əmri vermiş, daha sonra avtomobilin sürücüsü əmrə tabe olmayaraq yayınmışdir. Həmin avtomobil “Qurd dərəsi” istiqamətində saxlanılmışdır. Daha sonra polis əməkdaşları yaxınlaşmış və onları 1-ci Polis Bölməsinə gətirmişlər. O, polisin qanuni tələblərinə tabesizlik göstərməmişdir. Sadəcə dostu saxla əmrinə tabe olmayaraq yayınmışdır. Saxlanıldıqdan sonra o, heç bir etiraz və müqavimət göstərmədən polisin tələbi ilə PPX avtomobilinə əyləşmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ-nin inspektoru X7 izahatında göstərmişdir ki, o, digər polis əməkdaşı ilə birlikdə “Esmira” şadlıq evi ərazisində xidmətdə olarkən VAZ2107 minik markalı, 10RF098 dövlət qeydiyyat nişanlı avtomobilə saxla əmri verilmişdir, sürücü əmrə məhəl qoymayaraq avtomobili sürüb getmişdir. Daha sonra onlar həmin avtomobili “Qurd dərəsi” istiqamətində saxlamışlar. Bu zaman avtomobilin içərisində olan şəxslər onların qanuni tələblərinə tabe olmamışlar. Belə ki, həmin şəxslər sərxiş olduqları üçün nə etdiklərini bilməmişlər. Avtomobildə sərnişin qismində əyləşmiş şəxslərin tabesizliyi onunla müayiət edilmişdir ki, onlar sürücü barəsində araşdırma aparmağa mane olmağa çalışmışlar. Məhkəmə iclasında şahid qismində iştirak edən Sumqayıt Şəhər Polis İdarəsinin PPXT-nun əməkdaşı X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında xidmətdə olarkən VAZ2107 minik markalı, 10RF098 dövlət qeydiyyat nişanlı avtomobilin yol polisi əməkdaşlarından yayınması barədə məlumat daxil olmuş, həmin əraziyə yaxın olduqlarından onlar da yayınan avtomobilin arxasınca əraziyə gəlmişlər. Yol polisindən yayınan avtomobil anidən xarab olduğu üçün saxlamaq məcburiyyətində qalmış, onlar da lap yaxın məsafədə olduqları üçün bir dəqiqə keçəməmiş həmin əraziyə çatmışlar. Ərazidə sərnişin Şəxs ilk o yaxınlaşmışdır. Şəxs avtomobildən düşərək qolunda zədə olmasını, ona görə də qolundan tutmamasını xahiş etmiş və onun dəvəti ilə PPX avtomobilində əyləşmişdir. Avtomobildə olan şəxslərin tabesizliyi avtomobili saxlamamaqla bağlı olmuşdur. Avtomobil saxlanıldıqdan sonra sərnişin Şəxs hər hansı tabesizliyi olmamışdır. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, müdafiə etdiyi şəxsin əməllərində inzibati xəta tərkibi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs yol polisindən yayınan avtomobilin sürücüsü deyil, sərnişini olmuşdur. Buna görə saxla əmrinə tabe olmamağa görə Şəxs hər hansı məsuliyyəti yaranmamışdır. Avtomobil saxlanıldıqdan sonra isə Şəxs polis əməkdaşlarının hər hansı tələblərinə tabesizliyi və ya sürücü barəsində aparılan araşdırmaya maneçilik törətməsi halları öz təsdiqini tapmamışdır. Bunu məhkəmə iclasında şahid qismində iştirak edən PPX əməkdaşı da təsdiq etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Kamran Xudiyevin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, onun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma üzrə sərf edilmiş 3 sata görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməldir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar