Məhkəmə qərarları › İş №3(060)-2567/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2567/2022

30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2567/2022 30.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 4cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X3, Zərərçəkmiş şəxsin nümayəndəsi-X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, subay, ünvan 1-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:00-dan 13:00 radələrinədək ünvan 1-dən divardan asılmış 82 diaqonal televizor və qab-qacaqları talayıb satmışdır. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinin polis sahə rəisi, polis baş leytenantı X5 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, ünvan 1 ünvanı atasının mülküdür. O orada yaşayır. Orada olan ev məişət əşyalarını öz vəsaiti hesabına almışdır. Hal-hazırda anası həmin evdə yaşamır. Həmin evdə o və qardaşı yaşayır. Halhazırda isə maddi vəziyyəti ağır olduğu üçün evdən bəzi əşyalarını sataraq çörəkpulunu əldə etmişdir. Həmin əşyalar anasının deyil, ona məxsusdur. Bu səbəbdən satmışdır. Anası ilə aralarında evlə bağlı mübahisə vardır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X2 göstərdi ki, Şəxs onun qardaşıdır, təmsil etdiyi zərərçəkmiş şəxs isə anasıdır, Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:00-dan 13:00 radələrinədək ünvan 1-dən divardan asılmış 82 diaqonal televizor və qabqacaqları anasından xəbərsiz satmışdır. Buna görə də qanunauyğun qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsi təsdiq edilmir. Belə ki, daxil olmuş materiallardan görünür ki, bu əmlak mübahisəsidir. Şəxs əməllərində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin Qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, baxılan iş üzrə inzibati xəta kimi rəsmiləşdirilməsinə cəhd edilən hadisə tərələrin əmlak mübahisəsidir, oğurlanması göstərilən əmlakın kimə məxsus olması, kim tərəfindən alınması ilə bağlı, həmçinin digər əmlakları ilə bağlı tərəflər arasında mülki mübahisə var. Bununla bərabər, Şəxs yaşadığı evdə olan həmin əmlakları gizli satmamış, birlikdə yaşadığı, həmin əmlaklardan birlikdə istifadə etdiyi qardaşının da bundan məlumatı olmuşdur, zərərçəkmiş şəxs həmin ünvanda yaşamır, əmlakın ona məxsus olmasını təsdiq edən sübutları dı təqdim etməmişdir. Ona görə də, baxılan iş üzrə həm inzibati xəta hadisəsi olmadığına, həm də Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1, 53.0.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar