Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-257/2023 14.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 2, mənzil 60 olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 215.1ci maddəsinə əsasən 10 yanvar 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, ünvan 2 ünvanında yerləşən Şəxs MMC-nə (İOL Göz Klinikası) məxsus klinikada 10 yanvar 2023-cü il tarixdə saat 13:01-də keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar iş (anestezioloji-reanimatoloji) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində İXM-nin 215.1-ci maddəsinə əsasən tərtib edilmiş 10 yanvar 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər 26 yanvar 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılması 07 fevral 2023-cü il tarixə təyin olunmuş, lakin protokol tərtib etmiş şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmək məqsədilə işin baxılması 14 fevral 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Vəkil yazılı etiraz ərizəsi təqdim edərək bildirdi ki, Şəxs MMC Sumqayıt şəhəri 45-ci məhəllə ev 14-də fəaliyyət göstərir, cəmiyyətin fəaliyyəti tibb sahəsi ilə bağlıdır, həmin ünvanda «İOL» göz klinikası fəaliyyət gösərir. Göz klinikasının baş həkimi X3r, oftalmologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün həkim sertifıkasiya şəhadətnaməsi mövcuddur. Bundan başqa klinikada başqa həkim oftalmoloq, tibb personalı və digərləri əmək fəaliyyəti məşğul olurlar. Klinikanın əmək fəaliyyətinin əsasını ambulator və stasionar tibbi xidmət olmaqla oftamoloji işlər təşkil edir, belə ki, klinikaya müraciət edən pasientlərin görmə yollan xəstəlikəri müayinə və müalicə olunur, zərurət olanda gözdə cərahiyyə əməliyyatları icra olunur. Göz cərrahiyyəsi ilə bağlı olaraq işlərin tam apanlmasını təmin etməkdən ötrü həkim anestezioloq X4 əmək müqaviləsi əsasında fəaliyyətə cəlb olunmuşdur. Göstərilən fəaliyyət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən özəl tibb fəaliyyətini həyata keçirmək üçün verilmiş xx.xx.2017-ci il tarixli lisenziya əsasında həyata keçirilir. Lisenziyanın əlavəsində MMC-yə özəl tibb fəaliyyətinin ambulator və stasionar tibbi xidmətləri üzrə görülməsinə icazə verilən işlərin siyahısı müəyyən edilmişdir, həmin siyahıya əsasən oftalmologiya və oftalmoloji işlər görülə bilər. 10 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən MMC-də planlı yoxlama keçirilmiş və yoxlamanın nəticəsində xx.xx.2023-cü il tarixli 10 saylı akt tərtib edilmiş, aktda MMC-nin fəaliyyətində nöqsan və qüsurlar, o cümlədən lisenziyadan kənar işlərin aparılmasının müəyyən edildiyi yazılmaqla inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol ilə tanış olduqda əsassız olduğu qənaətinə gəlinir. Əvvəlla. qeyd olunmalıdır ki, yoxlama aktında 3 sual istiqamətində araşdırma aparılmış, 1-ci sual lisenziyanın şərtləri ilə bağlı olmuşdur. 2-ci sual klinikada çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb olunması ilə bağlı olmuşdur. 3-cü sual isə lisenziyadan kənar xidmət və ya işlərin görülməsi ilə bağlı olmuşdur.Yoxlamanı həyata keçirən şəxslər 3-cü sual əsasında müəssisədə lisenziyadan kənar iş və fəaliyyət (anestezioloji və reanimatoloji) aşkar etdiklərini yazmışlar. Məhz bu nəticə əsasında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunmalıdır ki. MMC-nin lisenziyasında ambulator və stasionar tibbi xidmətlərin aparılmasına icazə verilmişdir. Stasionar tibbi xidmət dedikdə cərrahiyyə əməliyyatının aparılması prosesi də ora daxildir. Cərrahiyə əməliyyatı zamanı isə anestezioloqun iştirakı vacibdir, belə ki, xəstəyə münasibətdə anesteziya həkim anestezioloq tərəfindən həyata keçirilməlidir. Stasionar tibbi xidmətə dair lisenziya mövcud olduğu halda və oftalmoloji işin görülməsinə lisenziya verildiyi halda oftalmoloq (göz cərrahı) tərəfindən cərrahiyə əməlyyatının qanuni şəkildə həyata keçirilməsi üçün həkim anestezioloq əmək müqaviləsi əsasında klinikanın fəaliyyətinə cəlb olunmuşdur. Həkim anestezioloq X1 Şurası tərəfindən verilmiş sertifıkasiya şəhadətnaməsinə əsasən MMC ilə bağlanmış əmək müqaviləsinə uyğun olaraq yalnız göz əməliyyatları zamanı iştirak etmişdir. Oftalmologiya gözün anatomik quruluşunu, fiziologiyasını, xəstəliklərin müalicə və profilaktikasını öyrənən elmdir, tibbin bir sahəsidir. Oftalmoloji isə görmə yolları xəstəlikləri və cərrahiyyəsi ilə məşğul olunan bir sahədir. Bildiyimiz kimi, cərrahiyə ürək və damar, beyin və sinir, uşaq, ümumi, plastik, damar, göz cərrahiyəsi və sairəni əhatə edir. Cərrahiyə isə lokal və ümumi anesteziya ilə icra olunur, lokal anesteziya iynə vurmaqla, yəni keyitməklə, gözə damcılarla ağrıkəsici dərmanlar tökülür və sairə, ümumi anesteziya qıtlağa boru qoyularaq tənəfüslə aparılmaqla və sairə formada icra olunur. Bir məsələ dəqiqdir ki, cərrahiyə əməliyyatında anestizoloqun iştirakı vacibdir. Gözlərdə əsasən 2 göz əməliyyatı aparılır, lazer əməliyyatları deyilir, hər iki əməliyyat növü anesteziya altında olur. Yoxlama aktında göstərilənlərlə bağlı qeyd olunmalıdır ki, müəssisədə anestioloji reanimotoloji kabinet aşkar olunmamışdır. Qeyd edildiyi kimi yalnız cərrahiyə əməliyyatları zamanı həkim anestezioloq prosesdə iştirak edərək anesteziya işini icra etmişdir. Müəyyən edilmişdir ki, MMC bir neçə dəfə müvafiq icra hakimiyyəti orqanından lisenziya alaraq fəaliyyət göstərmişdir, heç bir vaxt MMC-yə anesteoloji reanimotoloji işlərin aparılmasına dair ayrıca lisenziyanın alınmasına zərurət olduğu bildirilməmişdir. Bununla bağlı olaraq MMC-yə heç bir bildiriş və ya xəbərdarlıq olunmamışdır. MMC tərəfindən cərrahiyənin aparılmasının ümumi prinsipləri rəhbər tutularaq fəaliyyət həyata keçirilmişdir. Burada xüsusilə qeyd olunmalıdır ki, klinikada sırf anestezioloji reanimotoloji fəaliyyət həyata keçirilmir. Qeyd olunanlara əsasən yoxlama aktında aşkar olunan nöqsan və qüsurlar Şəxs MMC-nin özəl tibb sahəsindəki fəaliyyətində inzibati xətanın olduğuna əsas ola bilməz. Şəxs MMC-nin fəaliyyətində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsini dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs MMC-nin İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün hüquqi şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materialında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 1141 №-li qərarından görünür ki, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə ünvan 2 ünvanda olan Şəxs MMC-də təşkilatın fəaliyyətinin yoxlanılması barədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materialında olan X6 planlı (növbəti) yoxlama keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, 10 №-li aktından görünür ki, xx.xx.2022-ci il tarixli, 1141 №-li qərar ilə, 13:01-də Şəxs MMC-də yoxlama başlanılmış və müəssisədə lisenziyadan kənar (anesteziolojireaninatoloji) iş və fəaliyyət aşkar edilmişdir. Əmək müqaviləsi üzrə həkim-anestlezioloq X4 və əməiyyatların qeydiyyat jurnalında təsdiqedici qeydlər. İş materiallarında olan İN/L-441/2017 qeydiyyat nömrəli, 08.5.2017-ci il tarxili lisenziyadan görünür ki, Şəxs MMC-nə ünvan 2 ünvanında özəl tibb fəaliyyətinin ambulator və stasionar tibb xidmətləri üzrə görülməsinə icazə verilən işlərin siyahısı “oftalmologiya” və “oftalmoloji” xidmətlərdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC-yə məxsus tibb müəssisəsində lisenziyadan kənar işlərin görülməsi öz təsdiqini tapmış, Şəxs MMCnin əməli Azərbaycan Respublikasının İXM-in 215.1-ci maddəsinin tərkibini yaradır. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 46-cı maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasinin Qanununun 4-cü maddəsinin tələbinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə 1 nömrəli əlavədə özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdirilan xidmətlərin və işlərin siyahısı təsdiq edilmişdir. Həmin qərarla təsdiq edilmiş özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər siyahısının 2.22.1-ci bəndində anestezioloji-reanimatoloji işlər qeyd olunmuşdur. Şəxs MMC qeyd olunan işin görülməsi üçün icazə almamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Vəkil hüquqi şəxsin əməlində inzibati xətanın tərkibinin olmadığına dair əsas gətirdiyi dəlil ondan ibarətdir ki, Şəxs MMC-nin lisenziyasının əlavəsində özəl tibb fəaliyyətinin ambulator və stasionar tibb xidmətləri üzrə görülməsinə icazə verildiyindən və stasionar qaydada əməliyyatın anesteziyasız həyata keçirilməsi mümkün olmadığından, özlüyündə müəssisəyə stasionar fəaliyyətə icazə verilməsi anesteziya işlərinin görülməsinə icazə kimi qiymətləndirir. Məhkəmə qeyd olunan dəlillə razılaşmır və hesab edir ki, Şəxs MMC anesteziolojireanimatoloji işlərin görülməsi üçün ayrıca icazə alımalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə 1 nömrəli əlavədə özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdirilan xidmətlərin və işlərin siyahısında oftalmalogiya və oftalmoloji 2.28 və 2.28.1-ci bəndlərdə, anesteziologiya-reanimatologiya və anestezioloji-reanimatoloji 2.22 və 2.22.1-ci bəndlərdə göstərilməsi aydın şəkildə bu işlərin hər biri üçün müvafiq icra hakimiyyəti orqanından icazənin alınmasının tələb oluduğunu göstərir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarı ilə təsdiq edilmiş siyahıda özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdirilan xidmətlərin və işlərin görülməsi iki ayrı hissəyə bölünmüşdür. Yəni, özəl tibb müəssisəsi göstərdiyi xidmətlərə ayrı, görülən işlərə dair özəl icazə almalıdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar ilə tam sübut olunur. İXM-in 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC İXMnin 215.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Hüquqi ünvanı Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 2, mənzil 60 olan və ünvan 2 ünvanda fəaliyyət göstərən Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6.000,00 (altı min) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-257/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-257/2023
14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver