Məhkəmə qərarları › İş №3(060)-2571/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2571/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2571/2023 24.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi, polis leytenantı X4, Zərərçəkmiş şəxs – X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1967-ci ildə Füzuli rayonu, Xatınbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2023-cü il tarixdə Şəxs X1 qaş kəllə ilə vuraraq döymüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi, polis leytenantı X8 izahatında göstərdi ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X9 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyatı xidmət sahəsinə göndərilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 19:17 radələrində Şəxs xx.xx.2023-cü il tarixdə X1 qaş kəllə ilə vuraraq döymüşdür. Buna görə də təhqiqat qərarı əsasında qeyd olunan faktla əlaqədar vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, inzibati xətaya dair iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində toy məclisindən öz evinə getmək üçün çıxıb şadlıq evinin həyətinə düşərək evinə getmə məqsədi ilə şadlıq evinin qarşısında, yolun kənarında dayanan taksi avtomobilinə yaxınlaşmışdır. Həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Taksi sürücüsündən onu Yaşıldərə yaşayış massivi “nənəmin təndiri” adlanan yerdən 100 metr məhəllə içərisinə neçəyə aparacağını soruşmuş, taksi sürücüsü 5 manat dedikdə o üzərində cəmi 3 manat pulunun olduğunu bildirib bu məbləğə aparmasını istəmiş, lakin taksi sürücüsü razılaşmayıb onu 5 manata aparacğını qəti şəkildə bildirmiş, o da spirtli içkinin təsiri altında olduğundan əsəbləşib sürücünün sifət nahiyəsinə kəllə ilə bir dəfə vurmuş, bundan sonra isə oradan uzaqlaşıb getmişdir. Sonradan barışıq üçün cəhd etmiş, lakin zərərçəkmiş şəxs pul tələb etmişdir. Əməlindən peşmandır. İ Qarabağ Müharibəsi iştirakçısıdır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Vəkili Vəkil şəxsin əməlindən peşman olmasını, müharibə iştirakçısı olmasını, barışıq üçün cəhd etməsini nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. İnzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, 44-cü məhəllə ərazisi, Yeni Həyat şadlıq evinin qarşısında yol kənarında dayanıb müştəri gözlədiyi zaman ona yaxınlaşmış kişi onu Yaşıldərə ərazisinə neçəyə aparacağını soruşmuş, o gediş haqqının beş manat edəcəyini bildirmiş, sərxoş vəziyyətdə olan həmin müştəri əvvəlcə razılaşıb avtomobilinə əyləşmiş, lakin sonradan oraya yaxınlaşan bir nəfər 3 manata aparmasını istəmiş, o isə həmin şəxsə müştərinin özü ilə 5 manata danışdıqlarını demiş, həmin şəxs bundan sonra onu 3 manatlıq taksi ilə yola salacağını deyib oradan uzaqlaşmış, bu zaman həmin müştəri avtomobildən düşmüş, onun gedəsi olmadığını düşündüyünə görə özü də avtomobildən düşüb yeni müştəri gözləməyə başlamış, bu zaman həmin kişi ona yaxınlaşaraq gözləmədiyi anda ani olaraq kəllə ilə sağ qaş nahiyəsinə bir dəfə vuraraq ona xəsarət yetirib hadisə yerindən uzaqlaşıb getmişdir. O da 102 ximdətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru X9 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyatı xidmət sahəsinə göndərilmişdir. İş materiallarından görünür ki, məhkəmə-tibbi ekspertizasının 1613 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X3 bədəni üzərində “sol qaş nahiyəsinin səthi əzilmiş-cırılmış yarası” xəsarətləri vardır. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yumruqla yetirilə bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, Şəxs müharibə iştirakçısıdır. Beləliklə, Şəxs əməli məhkəmədə araşdırılan hallarla sübuta yetirilir və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, təqsirinin dərəcəsini, törədilmə şəraitini, yaşını, müharibə iştirakçısı olmasını, əvvəllər məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hadisə zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində baş vermişdir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300,00 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar