Məhkəmə qərarları › İş №3(060)-2577/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2577/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2577/2023 25.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu X2 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Vətəndaş X2 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası İXP-nin 130.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. X2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən və ona əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin vətəndaş X2 xx.xx.2023-cü il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət etmiş və iş materiallarına müddətin hansı səbəbdən ötürülməsi ilə bağlı sübut və ya vəsatət əlavə etməmişdir. Şikayət ərizəsində qərarın ona rəsmi qaydada xx.xx.2023-cü il tarixdə təqdim edildiyini qeyd etsə də bunu təsdiq edəcək hər hansı bir sübut əlavə etməmiş, həmçinin şikayət verilməsi üçün müddəti yenə də ötürmüşdür. Bununla da Azərbaycan Respublikası İXMnin 130.1-ci maddəsində qeyd olunan müddəti ötürdüyündən şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXP-nin 130.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Akif Həsənov Azərbaycana qarşı - 7268/10 saylı, 19.9.2019-cu il tarixli Qərarında göstərdiyi mövqe görə, ərizəçini hətta yerli inzibati və məhkəmə orqanları tərəfindən aparılan araşdırılmaya çağırılmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir. Uzun müddət ərzində hər hansı araşdırmanın və ya sorğunun olmaması ərizəçini müvafiq nəticəyə gəlməyə və ərizəni Məhkəmə göndərməyə vadar etməli idi. Ərizəçi onun fəaliyyətsizliyinə və ya birbaşa Məhkəməyə müraciət etməyinin gecikməsinə bəraət qazandıran hər hansı məlumat təqdim etməlidir. Bundan başqa iş materiallarından görünür ki, şikayət verən şəxsin ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, 158A, qərarından şikayət verilən orqan isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsidir. Həmçinin “kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışdan görünür ki, X1 direktoru olduğu "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57, mənzil 139-dur. Lakin X1 hansı səbəbdən şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etməsi müəyyən deyildir. Azərbaycan Respublikası İXP-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protesti səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Odur ki, qeyd olunanlara əsasən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar