Məhkəmə qərarları › İş №3(060)-2579/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2579/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2579/2025 23.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Şikayət verən şəxs Hüseynov Rəşad Xiyaban oğlunun, Qərarından şikayət verilən Sumqayıt ŞPİ-nin DYPŞ-nin baş inspektoru, polis kapitanı X1, Sumqayıt Şəhər Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Hüseynov Rəşad Xiyaban oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüseynov Rəşad Xiyaban oğlu Sumqayıt Şəhər Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Hüseynov Rəşad Xiyaban oğlu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi **-UP-*** dövlət nömrə nişanlı “Toyota Prius” minik markalı avtomaşını idarə edərkən Koroğlu prospektində hərəkət edərkən Sumqayıt şəhər sakini İsmayıl adlı şəxsin idarə etdiyi **-DK-*** nömrə nişanlı “BMWX5” markalı minik maşını ilə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq DİN Baş İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı tərəfindən təhqiqat aparılmış və onun deməsinə görə iş üzrə icraata xitam verilmişdir. Təhqiqatçı qəbul etmiş olduğu qərarı ona, zərərçəkmiş şəxslərə və digər tərəfə təqdim etməkdən imtina etdiyi üçün hadisə barədə təhqiqat materialı üzrə hansı qərarın qəbul olunduğunu bilməmiş və qərarın ona verilməsindən ötrü DİN və Prokurorluq orqanlarına müraciət etmişdir. Həmin material Sumqayıt ŞPİ-nin DYPŞ-yə göndərilmiş və Azəbaycan Respublikasının Baş Dövlət Yol Polisinin İdarəsinin Yol Patrul Xidmətinin Yol patrul xidmət inspektoru polis kapitanı Əhməd İsmayılov onun barəsində özünün 11 sentyabr 2025-ci il tarixli İXP ******* nömrəli qərar qəbul edərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən 100 manat məbləğində inzibati tənbeh tətbiq etmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olmaqla barəsində inzibati icraat aparılan şəxsin hüquq və vəzifələri pozulmaqla qəbul edildiyindən ləğv edilməli və iş üzə icraata xilam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinin dispozisiyasında qeyd edilmişdir ki, Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1, 346.2 və 346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır, inzibati xəta tərkibi yaranır. Yəni həmin maddənin məzmunundan görünür ki, heç bir zərurət olmadan yol hərəkət iştirakçısı maddədə göstərilən hərəkətləri etdikdə o, inzibati məsuliyyətə cəlb edilir. Bununla əlaqədar olaraq bildirmişdir ki, o, Koroğlu istiqamətində 10-20 km/saat sürətlə hərəkətdə olarkən Üzeyir Hacıbəyov ərazisində yolun sağ tərəfində yerləşən işıqforun qadağanedici işığından keçən “BMWX5” markalı maşının anidən hərəkətdə olduğu yolun zolağına çıxdığını görüb əyləcin verilməsi ilə maşının saxlanması mümkün olmadığından, “BMWX5” markalı maşın yola çıxan an onunla arasında 1-3 metr məsafə var idi və onun yolunu tam olaraq bağlamışdı, onun arxasından, yəni yolun sağına istiqamətlənib maşını saxlamaq mümkün deyildir, çünki həmin ərazidə işıqforun yaşıl işığının yanmasını gözləmiş və yaşıl işıqdan keçəndə “BMWX5” markalı avtomobil isə işıqforun qırmızı işığından keçəndə hadisə baş vermişdir, yəni, BMWX5” markalı avtomobil gözləməli olduğu halda gözləməmiş və məcbur olaraq qabağına çıxdığına görə onun avtomobilinin sağ təkərinə toxunmuş nəticədə hadisə baş vermişdir. Bundan başqa sığorta şirkəti də ona pulun veriləcəyini bildirmiş və demişdir ki, onu təhqiqatçı günahsız göstərib və hadisə zamanı da təhqiqatçı da ona düz deməsini söyləmişdir. BMWX5” markalı avtomobil işıqforun qadağanedici işığında keçib və o, da bunlara arxayın olmuşdur. Sonra ona məlum olmuşdur ki, onu günahkar çıxardıblar və o, onlara bildirmişdir ki, kamera çəkir, onlar isə “nə kamera get işinlə məşğul ol” demişlər. Odur ki, o məcbur qalıb məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə təhqiqat aparılmaqla təhqiqatın verdiyi qərar əsasında (həmin qərar tanış olunmadığından və qərar ona verilmədiyindən həmin qərarda nə yazıldığını da bilmir) material Azəbaycan Respublikasının Baş Dövlət Yol Polisinin İdarəsinin Yol Patrul Xidmətinin göndərilmiş və həmin Yol patrul xidmət inspektoru polis Əhməd İsmayılov tərəfindən 11 sentyabr 2025-ci il tarixli İXP ******* nömrəli qərar qəbul edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilərək barəsində 100 manat məbləğində inzibati tənbeh tətbiq etmişdir. Yol patrul xidmətinin inspektoru qərar qəbul edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 19, 53 və 61-ci maddələrin tələblərini kobud surətdə pozmuşdur. Barəsində qərar qəbul etmiş səlahiyyətli orqanın vəzifəli şəxsi İXM-nin 61-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona real olaraq izah etməmiş, izahat verməyinə ehtiyac olmadığını və qərarın artıq yazıldığını qərara imza etməli olduğunu deyərək qərarın bir surətini çap edib ona vermişdir. Qərar qəbul olunarkən düz xəttin tələbini hansı səbəbdən pozmağı nəzərə alınmamış, həmin an özünün və sərnişininin həyat və sağlamlığını düşünüb son zərurət olaraq düz xəttin tələbini pozmaqla qəzadan yayınmağını nəzərə almamışdır (əgər həmin an maşını sola çəkməsəydi 6-8 metr məsafədə maşını saxlamaq mümkün olmazdı və perpendikulyar olaraq “Ford” markalı maşınla toquşsaydı sərnişinlə birlikdə hadisə yerində ölümləri qaçılmaz olacaqdı.) Qərarı qəbul etmiş inspektor bu halı nəzərə almamış və iş üzrə icraata xitam verməli olduğu halda barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu inzibati məsuliyyətə cəlb etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.3-cü maddəsinə əsasən şəxs son zərurət vəziyyətində hərəkət etdikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında şikayət verən şəxs Hüseynov Rəşad Xiyaban oğlu şikayətini müdafiə edərək bildirmişdir ki, axşam saatlarında o, Sumqayıt şəhəri Koroğlu küçəsində işıqforun qırmızı işığında dayanmış, yaşıl işığın yanmasını gözləmişdir. Daha sonra svetoforun yaşıl işığında hərəkətə keçən zaman sol tərəfdən gələn “BMWX5” markalı avtomobil svetoforun qırmızı işığında yola çıxmış və nəticədə qəza baş vermişdir. “BMWX5” markalı avtomobil işıqforun qırmızı işığında hərəkət edərək onun yoluna çıxmışdır. O, Sumqayıt ŞPİ-nin DYPŞ-yə getmiş və orda təqsirin onda olduğunu bildirmişlər. Onun barəsində iki qərar qəbul olunmuşdur. O, qərarı aldığı gün də şikayət vermişdir. O, həmin avtomobili görmədiyini bildirmiş və məhkəmədən şikayətin təmin edilməsini, Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt ŞPİ-nin DYPŞ-nin Yol Patrul Xidmətinin inspektoru, polis kapitanı X2 izahatında bildirmişdir ki, Hüseynov Rəşad Xiyaban oğlu xx.xx.2025-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmişdir. İş onun icraatına daxil olduqdan sonra o, yol polisindən video görüntüləri tələb edilmiş və görüntülər xx.xx.2025-ci il tarixdə əldə edilmişdir. Sürücülərlə birlikdə görüntülərə baxış keçirilmişdir. Hüseynov Rəşad Xiyaban oğluna hüquq və vəzifələri, hansı pozuntuya yol verdiyi izah olunmuşdur. Hüseynov Rəşad Xiyaban oğlu özü də hadisəni izahatında təsdiq etmişdir. xx.xx.2025-ci il tarixdə görüntülər təqdim edildikdən sonra saat təxminən 17:21-də tərəfindən protokol tərtib edilmiş və həmin gün də onun iştirakı ilə qərar qəbul edilmişdir. Protokolun tərtib edilmə vaxtı sistemdə görünür. Qərar qəbul olunduqdan sonra 24 saat ərzində sistemə yüklənməli olduğu üçün xx.xx.2025-ci il tarixdə həmin qərar sistemə yüklənmişdir. Bu səbəbdən də, sistem vasitəsilə qeydə alınan qərarda tarix xx.xx.2025-ci il olaraq qeyd olunmuşdur. DYPŞ-də nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə barədə qərarlar rəis müavini tərəfindən qəbul edildiyi üçün, həmin inzibati xəta üzrə protokol onun tərəfindən tərtib edilsə də, qərar Sumqayıt şəhər DYPŞ-nin rəis müavini polkovnik leytenant X6 tərəfindən qəbul edilmişdir. Hüseynov Rəşad Xiyaban oğlu özü də DYPŞ-də verdiyi izahatında bildirmişdir ki, o, yolayrıcını boşaltmaqda olan “BMWX5” markalı avtomobil ilə toqquşmuşdur. Hüseynov Rəşad Xiyaban oğlu nizamlanan yol ayrıcında olan sürücüyə yolayrıcını boşaltmağa yol verməli idi. O, isə yolayrıcını keçmə qaydalarını pozaraq qəza törətmişdir. Hüseynov Rəşad Xiyaban oğlunun xx.xx.2025-ci il tarixinədək 17 balı olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən Hüseynov Rəşad Xiyaban oğlunun şikayətinin təmin edilməməsini, Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməli, Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli qərardan görünür ki, Hüseynov Rəşad Xiyaban oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsi üzrə inzibati məsuliyyət daşıması nəzərə alınaraq 06 (altı) ay müddətinə sürücülük hüququ məhdudlaşdırılmışdır. İnzibati xəta haqqında İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli Sumqayıt şəhər DYPŞ-nin baş inspektoru polis kapitanı X2 tərəfindən tərtib edilmiş protokoldan görünür ki, Hüseynov Rəşad Xiyaban oğlu xx.xx.2025-ci il tarixdə saat 20:30-da “TOYOTA PRİUS MİNİK” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt ŞPİ-nin Dövlət X7 tərəfindən xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinin sxemi tərtib edilmiş və sürücülər X3 və Hüseynov Rəşad Xiyaban oğlu və hal şahidləri tərəfindən imzalanmışdır. “TOYOTA PRİUS MİNİK” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sağ qabağı, “BMWX5” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sağ arxa yan tərəfi əzilmişdir. Məhkəmə baxışı zamanı Sumqayıt ŞPİ-nin DYPŞ inspektoru X2 tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə olan video görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:30 radələrində Sumqayıt şəhəri Ü.Hacıbəyov küçəsi ilə Koroğlu küçəsinin kəsişməsində işıqforun qadağanedici işığında daynamış “TOYOTA PRİUS MİNİK” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi işıqforun yaşıl işığı yanan zaman hərəkət edərək yolayrıcını boşaltmaqda olan “BMWX5” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sağ arxa yan hissəsi ilə toqquşmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, şikayət verən şəxs Hüseynov Rəşad Xiyaban oğlu şikayətində və izahatında “BMWX5” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin svetoforun qadağanedici siqnalı yanan zaman onun yoluna çıxmasını bildirsə də, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, qeyd edilən hal təkzib olunmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsində yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaq, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaq yol hərəkəti iştirakçılarının əsas vəzifəsi kimi qeyd edilmişdir. Həmin Qanunun 75-ci maddəsinin 3-cü bəndinə əsasən hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan yolayrıcı hesab edilir. Həmin Qanunun 76-cı maddəsinin 4-cü bəndinə əsasən svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. 327.7-ci maddəsinə əsasən Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327- 1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2– 346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan Hüseynov Rəşad Xiyaban oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hüseynov Rəşad Xiyaban oğlunun şikayəti təmin edilməsin. Sumqayıt şəhər Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar