Məhkəmə qərarları › İş №3(060)-258/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-258/2023

15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-258/2023 15.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili Vəkil iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin barəsində 10 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, 10 yanvar 2023-cü il tarixdə saat 14:30 radələrində Sumqayıt şəhəri, 3-cü məhəllə, 23/14-1 ünvanında yerləşən Şəxs MMCyə məxsus stomotoloji klinikada planlı yoxlama zamanı sertifikatsız tibb fəaliyyətistomotoloq X7 (və.s) və lisenziyadan kənar iş və fəaliyyət–diş texniki aşkar edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən İXM-nin 215.1-ci maddəsi ilə 6500 (altı min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərardan Şəxs MMC–nin nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 3(105)-141/2023 saylı, 03 aprel 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün material Sumqayıt şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili Vəkil bildirdi ki, Səhiyyə Nazirliyi tərəfindən keçirilən planlı yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun aparılmamış, hüquqlarını təmsil etdiyi MMC-nin rəhbərliyi yoxlama barədə xəbərdar edilməmiş və yoxlama keçirilməsi barədə reyestrdən çıxarışı təqdim etməyərək qanunsuz yoxlama keçirilmişdir. Yoxlama zamanı isə hər hansı fəaliyyət deyil, yalnız tibb avadanlıqları aşkar edilmişdir. Şəxs MMC-nin rəhbərliyi tərəfindən həkimlərin sertifikasiyadan keçməsi üçün Səhiyyə Nazirliyinə müraciətlər göndərmiş, lakin Nazirlik Şəxs MMC-nin həkimlərinin sertifikasiyadan keçirilməsini təmin etməmişdir. Sertifikasiyadan keçirilmə işinin təşkili Nazirliyin vəzifəsidir, Nazilik tərəfindən bu işin təşkil edilməməsi Şəxs MMC-nin həkimlərlə əmək müqaviləsinə xitam verilməsinə və yaxud onların fəaliyyətinin dayandırılmasına səbəb olmur. Bu baxımdan Şəxs MMC-nin hərəkətlərində İXM-nin 215.4-cü maddəsinin tərkib əlamətləri yoxdur. Eləcə də, Səhiyyə Nazirliyi X4 əməkdaşları tərəfindən 10 yanvar 2023-cü il tarixdə Şəxs MMC-də aparılmış planlı (növbəti) yoxlama zamanı lisenziyadan kənar fəaliyyət-diş texniki fəaliyyəti aşkar edilməmiş, sadəcə olaraq fəaliyyət göstərməyən texniki avadanlıqlar aşkar edilmiş, iş materillarında olan X4 əməkdaşlarının çəkdikləri foto şəkillərdən də görünür ki, otaqların birində, yalnız texniki avadanlıqlar quraşdırılmış, lakin fəaliyyət yoxdur, fəaliyyət barədə sübutlar da yoxdur. Bu baxımdan aşkar edilmiş faktda İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi yoxdur. Göründüyü kimi, yoxlama zamanı Şəxs MMC-nin qanunsuz tibb fəaliyyəti ilə məşğul olması halı təsdiqini tapmasa da, müəssisə barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Vəkil əlavə olaraq bildirdi ki, əgər fərz etsək ki, qeyd olunan protokol qanuni və əsaslıdır, bu zaman AR İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddət başa çatmışdır. Belə ki, AR İXM-nin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İş materillarından da görünür ki, AR Səhiyyə Nazirliyi tərəfindən 10 yanvar 2023-cü il tarixdə tərtib edilmiş, məhkəmədə işə baxılıb qurtaranadək həmin müddət başa çatmışdır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə bildirdi ki, Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Şəxs MMC-də planlı yoxlama həyata keçirilmiş, pozuntular aşkar edilmiş və buna müvafiq olaraq da protokol tərtib edilmişdir. Hesab edir ki, protokol qanuni və əsaslıdır, ona görə də məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş 10 yanvar 2023-cü il tarixli 9 saylı “özəl tibb müəssisənin planlı (növbəti) yoxlama aktı”ndan görünür ki, Stomotoloji kabinetlərdə ilkin tibbi yardım və anafilaktik şok əleyhinə dərman dolabları və təlimat təşkil olunmamış, tibbi tullantıların utilizasiya müqaviləsinin vaxtı bitmiş, rentgenoloji iş və fəaliyyət üçün Radiogigiyenik pasport və Xüsusi icazə baxış üçün təqdim olunmamışdır. Baş həkim X8, stomotoloq X6, həkim stomotoloq X2, stomotoloq X3 və stomotoloq X1 praktiki tibbi fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 1142 nömrəli, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Sumqayıt şəhəri, 3-cü məhəllə, 23/4-1 ünvanda yerləşən Şəxs MMC-də təşkilatın fəaliyyətinin yoxlanılması məqsədilə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə həmin müəssisədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan bildirişdən görünür ki, Sumqayıt şəhəri, 3-cü məhəllə, 23/4-1 ünvanda yerləşən Şəxs MMC-də 09-13 yanvar 2023-cü il tarixdə planlı yoxlama keçirilməsi barədə həmin müəssisəyə bildiriş göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Şəxs MMC xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır və qanuni təmsilçisi X9r. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, Şəxs MMC-də xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə məlumat yerləşdirilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarından məlum olur ki, protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə iclasları təxirə salınmış və məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Belə ki, iş materillarına əlavə edilmiş xəbərnamələrdən görünür ki, AR Səhiyyə Nazirliyi tərəfindən məhkəmə iclasının xx.xx.2023-cü il tarixə, saat 11:00-a təyin edilməsi barədə məhkəmə bildirişi xx.xx.2023-cü il tarixdə, məhkəmə iclasının xx.xx.2023-cü il tarixə, saat 10:45-ə təxirə salınması barədə məhkəmə bildirişi isə xx.xx.2023-cü il tarixdə qəbul edilsə də, səlahiyyətli nümayəndənin iştirakı məhkəmə iclasında təmin edilməmişdir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş MN ******* saylı protokol 10 yanvar 2023-cü il tarixdə qəbul edildiyi üçün və həmin gündən dörd aydan çox müddət keçdiyinə görə, Şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati qaydada məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.1.6, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin barəsində 10 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar